Qurban Yaquboğlunun "Ona çatanda maşın söndü" hekayəsini
təqdim edirik:
(Bu əhvalat Azərbaycan rayonlarından birində olub. Başına gələn
hadisəni danışmış adam dünyasını dəyişib)
Bir-birimizi orta məktəbdən sevirdik. Hər ikimiz yaxşı oxuyurduq,
amma sonuncu sinfi qurtaranda mən şəhərə gəldim, onların ailəsi
kasıbıdı – o, kənddə anasına köməyə qaldı. Atası çoxdan rəhmətə
getmişdi. Biz sərbəstcə görüşürdük. Səhər tezdən vağzala məni
ötürməyə gəlmişdi. Qəribədi ki, gözünün yaşı dayanmırdı, elə
ağlayırdı ki, ÜZ-GÖZÜNÜ yaddaşım şəkil kimi çəkib götürürdü.
Qatarın tərpənməyinə bir-iki dəqiqə qalmış qəfil hıçqırığını
saxladı, məni qırağa çəkib dedi: "Bəlkə getməyəsən?" "Nolub?" "Nə
bilim, ürəyimə nəsə damıb". Darıxma, dedim, tez-tez gələcəm, üçüncü
kursdan sonra səni də aparacam…
Doğrudan da, semestrləri gözləmirdim, vaxt tapan kimi kəndə
qaçırdım, özü də birinci onların qapısına gəlirdim. Hər dəfə də ona
bir şey alırdım. Qızarırdı, gülürdü, sevinirdi. Bir dəfə ona yaşıl
kofta almışdım. "Üzünü o yana çevir – dedi, – möcüzə görəcəksən…
Hə, indi bax". Ona elə yaraşırdı, az qala dəli olacaqdım.
Münasibətlərimizdə o TƏLƏSİRDİ, hərdənbir "evlənək" deyirdi. Mənsə
çox SƏBİRLİYDİM, sözü yayındırırdım. Susub içinə çəkilirdi: "Yaxşı,
sən deyən olsun". Bir dəfə avqustda gəlmişdim, kənddə dəhşət
istiydi. Ağacın altında oturmuşduq. Nəsə susub heç nə danışmırdı.
Qəfil:
-Neçənci kursdasan? – soruşdu.
Üçüncünü qurtarmışam, dedim. Ta nə o dindi, nə mən – yəqin o,
nəyisə gözlədi, mənsə yenə səbrimi basdım. Vaxt elə bil,
saniyələrinəcən hesablanmışdı, onun gözləməsinə mənim səbrim nöqtə
qoyanda ağacın bir budağı şaqqıltıyla sınıb yerə əyildi. O, astaca
mənə sığınmaq istədi, əlini uzatdı – çatmadı.
Həmişə kiçik qardaşından narahatıdı, "bircə onu böyütsəydik"
deyirdi. Onun bütün sözlərini havadaca tuturdum, amma bu
narahatlığının şifrəsini heç cür aça bilmirdim – qayğıdan azad
olmaq istəyirdi, evin böyük qızıydı, özünə kömək istəyirdi? Nə
bilim, vallah. O vaxtdan qızlardan "böyük qardaşın varmı?"
soruşmağı vərdiş eləmişəm.
Vaxt öz işini görürdü. Ta kəndə seyrək-seyrək baş çəkirdim. Ondan
birinci-axırıncı məktubu yazda aldım: "Mayın 15-i toyumdu. Gəlmə.
Xoşbəxt olarsan. Sən Allah, gəlmə".
Getmədim. Kənddən tamam qırıldım. Bir o yadımdadı ki, bir il sonra
eşitdim uşaq üstdə ölüb – dünyaya gətirəcəyini də bu dünyaya ust
olmadı, özüylə apardı.
***
Şəhərdən evləndim, toy da şəhərdə çalındı. Pul, var-dövlət
özü-özünə axırdı.
…Axşam evdə qəfil dedim ki, kəndə gedirəm. Gecə yuxuma qarmaqarışıq
qaranlıq və qəfildən aydın, duru, parlaq işıq girdi.
Yolun qırağında dümağ saqqallı, qoca bir kişi vardı, elə bil kimsə
mənə "maşını saxla, onu da götür" dedi. Biz tərəflərin
adamıymış.
Yolboyu nə o dindi, nə mən. Təkcə bir bulağın böyründə ötüşəndə:
"Saxla, a bala – dedi, – su içək, ciyərimiz alışdı-yandı". Başa
düşmədim, mənim SUSAMAĞIMI o, hardan bilmişdi. Özü üzünə su atıb
maşına mindi. Hə, bir də qəbiristanlığın yanından keçəndə əlini
qaldırıb dodaqaltı dua oxudu. Boz bir düzəngahda "maşını əylə"
dedi. Düşüb gedəndə bilmədim bu sözləri o söylədi, yoxsa
ÖZÜM-ÖZÜMƏ; yəni bu sözlər özü-özünə beynimə doldu: "Ölülər bir
yana, dirilərdən muğayat olun…"
Kəndimizə beş-altı kilometr qalmış maşının sürətini yavaşıtdım. Yol
qırağı ağacın altında bir qız əl elədi. Maşın düz onun tuşunda
sönüb dayandı. Aşağı düşdüm. Dəhşətli bürküydü. Yaşıl koftada
dayanan O idi; elə bil o illərdən 12 il yox, 12 saniyə keçmişdi,
heç bir cizgisi dəyişməmişdi. Özü salam verdi, "necəsən?" soruşdu.
"Yaxşıyam – dedim, – sən necəsən?" Neçə il bundan qabaqkı kimi
əlimi saçına çəkmək İSTƏDİM, nəsə oldu, YADIMDAN ÇIXDI. O, bir də
baxışlarını boynuma sarıdı, sonra danışdı:
- Bu gün kənddə qardaşımın toyudu. Əli çox aşağıdı. Toyuna yaxşı
pul sal, qol götürüb oyna. Sevin. Hərdən gəl məni də yoxla. Burda
darıxırıq axı… Qurban olum, az qaş-qabaqlı gəz.
Sözü qurtaran kimi BAŞA DÜŞDÜM ki, o tələsir, getməliyəm. Maşına
oturanda beynimdə dərhal səhər evdən götürdüyüm on dənə yüzlüyü
bircə-bircə saydım. Vəssalam! Ayağımı qaza basıb uzaqlaşana kimi
geriyə baxmağı YENƏ DƏ unutdum.
On yüzlükdən səkkizini toya saldım. Oynayanda bir qız da aralığa
girdi – koftası yaşılıdı. Tezcə qəbristanlığa getməyi
fikirləşdim.
Qəbir ikiymiş; biri özünün, biri də balasının. "Mən səninçün
neynəyə bilərəm, qız?"
"Heç nə, üzünü başdaşıma söykə".
Sim-sim.az