Onu 22 ildir ki, ürəkparçalayan şəkillərindən tanıyırıq.
Düz 26 günlük erməni əsirliyində qalmış Hüseynağa Quliyev bu gün də
o hadisələri ağrı-acı ilə xatırlayır.
H.Quliyev 1992-ci il, fevralın 26-da anası və əkiz uşaqları ilə
birlikdə əsir düşüb. Xocalı soyqırımının şahidi və qurbanı olan
H.Quliyev yaşadıqlarını "Axar.az"la bölüşdü.
Özümü dərəyə atdım
O, 1992-ci ildə Xocalının müdafiəsində iştirak edən və Tofiq
Hüseynovun rəhbərlik etdiyi könüllülərdən ibarət 18-ci batalyonda
döyüşüb. Evin tək oğlu olub. Həmin dövrdə evin bir oğlu cəbhəyə
aparılmırdı. Amma ürəyi dözməyib, təhsilini yarımçıq qoyub, könüllü
batalyona yazılıb. Yaxşı döyüşdüyü üçün onu post komandiri təyin
edirlər.
"Tərslikdən həmin gecə qar da yağmışdı. Mən döyüş üçün dağa
qalxmışdım. Yaşlıları və uşaqları şəhərdən çıxarmaq istəyirdik.
Amma mümkün olmadı. Düşmən ətraf kəndləri də nəzarətə
götürmüşdü.
Biz Naxçıvanik kəndinə çatanda ermənilər dinc əhalini mühasirəyə
almışdı. Dedilər, silahı yerə qoyun. Mənsə silahı yerə qoymayıb,
geriyə baxanda gördüm arxada dərə var.
Qar yağmışdı deyə, heç nə görmədiyimdən özümü dərəyə atdım. Elə
bilirdim ki, o qədər də dərin dərə olmaz. Amma yerdəki qarın
çoxluğu hesabına sağ qaldım. Sən demə, özümü üstündən atdığım
qayanın 200 metr hündürlüyü varmış",- deyə H.Quliyev danışır.
Armaturu ağzından salıb...
Müsahibimiz necə əsir düşməsini danışır:
"Yanımda Məhəmməd kişi var idi. Ona dedim çıxma, amma çıxan kim
onu güllələdilər. Cəsədini götürməyə gedəndə ermənilər BMP-dən atəş
açıb məni yaraladılar. Huşum getmişdi, ayılanda Naxçıvanikin
yaxınlığındakı donuz fermasında özümü gördüm. Donuz fermasına
gətirən kimi məni vəhşicəsinə döydülər. O qədər döyülürdük ki,
huşumuz gedirdi. Saatlarla özümə gələ bilmirdim ağrılardan.
Məni yanan ocağa da atırdılar. Ağrıdan qışqıranda onlar gülürdü.
Paltarlarım, əlim, ayaqlarım yanmışdı. Əllərinə daş götürüb
sifətimə çırpırdılar. Döyürdülər, buzun üstə qoyurdular, ayılanda
bir də döyürdülər. İnsanın diri-diri sinəsini yarmaq, armaturu
ağzından salıb boynundan çıxarmaq ermənilərdən ötrü adi işgəncə
üsulu idi".
Çingizin kadrlarındakı ağsaqqal kişi
babamdır
H.Quliyev deyir ki, gözlərinin qabağında diri-diri insanların
başını kəsirdilər: "Məni döyə-döyə çənəmi, burnumu, qabırğamı, ayaq
barmaqlarımı sındırmışdılar. Sadəcə, hərbçi olduğum üçün bunlara
dözürdüm.
Gözümüzün qabağında kiminsə başını kəsəndə huşumuzu itirirdik.
Qayınatamın başına zərbə vurmuşdular.
Cavan adlı 16 yaşlı qaynım necə oldu, onun taleyi hələ də məlum
deyil. Sonra babamı da öldürdülər. Çingiz Mustafayevin çəkdiyi
kadrlarda görünən yerdə uzanmış, başında papaq olan ağsaqqal,
nurani kişi mənim babamdır.
26 gün əsirlikdə qalan H. Quliyevi Ağdam döyüşlərində Azərbaycan
tərəfə əsir düşmüş Suriyadan olan erməni ilə dəyişiblər: "Əsirlər
dəyişdiriləndə 20 metr gedib yıxılmışdım. Məni götürüb Ağdamda
meyitxanaya qoydular. Öldüyümü zənn etmişdilər. Dayım gəlib üzümə
verilmiş mələfəni qaldıranda görüb ki, ölməmişəm. Düz 22 il keçir o
dəhşətli günlərdən. Hələ də müalicə olunuram".
Müsahibimizin bu gün üçün ən böyük arzusu nə ola
bilər?
- Xocalıya qayıtmaq, qələbə üçün...