Sabiq komitə sədri barədə şok kompromatlar yayıldı:
"Sənin dediklərini Şeyxə mən çatdırdım, o zaman şiə
idim..."
Xəbər verdiyimiz kimi, fevralın 24-də Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Rafiq Əliyev "virtualaz.org" saytına
müsahibə verib. Keçmiş komitə sədri ölkədəki dini vəziyyəti təhlil
edib, eyni zamanda radikal dini qrupların fəallaşması və bundan
yarana biləcək təhlükələrdən danışıb.
Keçmiş komitə sədrinin mediada müsahibəsi yayıldıqdan sonra
yerli KİV-lərə onun barəsində kompromat xarakterli məlumatlar
ötürülüb. Qeyd edək ki, son bir ayda Azərbaycanda din xadimlərinə,
dini qurumlara qarşı ittihamlarla dolu informasiyalar yayılır.
Maraqlıdır ki, bu dəfə R.Əliyevin müsahibəsindən dərhal sonra onun
barəsində də məlumat yayılıb. Redaksiyamıza göndərilən məlumatda
keçmiş komitə sədrinin ərəb iş adamları ilə əlaqələrindən bəhs
edir.
Məktubda Rafiq Əliyevin Səudiyyə Ərəbistanın Məkkə şəhərində
yerləşən "İslam Liqası" təşkilatının sədri Abdullah əl-Türkini
yaxşı tanıdığı qeyd olunur. Bu şəxsin Azərbaycana gəldiyi və
R.Əliyevə məxsus olan "İrşad" hoteldə qaldığı, telekanalda çıxış
etdiyi bildirilir. Məktubda R. Əliyevə xitabən yazılır: "Abdullah
əl-Türkinin gözünə girmək üçün ANS telekanalı ilə danışdın və
Abdullah Türki ANS-də bir saat çıxış etdi və bir saat vəhhabi
təliminin əsası olan tövhid elmindən danışdı. Azərbaycanda şiələr
və sünnilər şok olmuşdurlar ki, bu nədir?
Abdullah əl-Türkinin sadəcə "İslam Liqası"-nın sədri olduğuna
görə yox, onun kimin qohumu olduğuna görə çox yaxın əlaqə qurmağa
can atırdın. Abdullah əl-Türkinin qızının əri hal - hazırda
Səudiyyə şahzadəsi Vəli Əhdi Salman ibn Abdul Əzizdir".
Məktubda qeyd olunur ki, R.Əliyevin ərəb iş adamına etdiyi
təklif sonradan ona problem yaradıb: "Unutma ki, sən həmin təklifi
edəndə mən də səninlə bir yerdə otaqda idim və ərəb dilini bildiyim
üçün danışıqları başa düşürdüm. Sənə bunu ilk dəfə deyim ki, sənin
Abdullah əl-Türkiyə etdiyin təklifi Allah Şükür Paşazadəyə mən
xəbər vermişdim. O zaman mən şiə idim amma indi sələfiyəm və sənin
sirlərini açıram və açmaqda davam edəcəm.
Abdullah əl-Türkiyə təklif etdin ki, Həcci QMİ-dən alıb sənə
versinlər və hər bir zəvvara görə ona 1000 dollar verəcəksən. Çünki
biz əsas dövlət idarəsiyik və hətta deyirdin ki, QMİ heç nədir və
DQİDK komitəsindən QHT kimi qeydiyyatdan keçir.
Abdullah əl-Türki isə ərəb sayağı gülə-gülə cavab verdi ki, "mən
Həclə məşğul olmuram və Həcdən pul qazanmaq mənim üçün olmaz. Biz
əksinə, Həccə gələnlər üçün pul xərcləyirik".
Sənin bu sözünü Paşazadəyə mən çatdırdım və ondan sonra sənin
başına şeyx açmadığı oyun qalmadı".
Məktubda daha sonra Abdullah əl-Türki dini qurumların başqa
sahədə layihələrinə maliyyə ayırdığı, DQİDK-nin həbsxanalarda
maarifləndirmə işləri aparması ilə bağlı layihəyə "İslam Liqası"
DQİDK-ə 60 min dollar vəsait verib. Məktub müəllifi ayrılan 60 min
dolların mənimsənildiyini və yalnız 10 min dollarının layihəyə sərf
olunduğunu qeyd edir.
Qeyd edək ki, R.Əliyev barəsində, onun ərəblərlə əməkdaşlığı ilə
bağlı daha əvvəl də mətbuatda məlumatlar dərc olunub. Sonuncu
məktubun keçmiş komitə sədrinə qarşı kompromat hücumu olması
ehtimalı olsa da, layihə və eləcə də göstərilən bir sıra faktların
doğru olduğunu əsas götürərək məlumatı ixtisarla dərc etməyə qərar
verdik. Keçmiş komitə sədrinin təkzibini və ya açıqlamasını dərc
etməyə hazırıq ("Musavat.com").