Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bugünki sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin, Məmmədiyə Süleyman oğlu Məmmədov isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunublar.
Axar.az Modern.az-a istinadən Natiq Əliyev haqqında bir sıra məlumatları təqdim edir:
Əliyev Natiq Oruc oğlu 2007-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə həmin universitetdə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2015-ci ildə hüquq üzrə magistratura pilləsini başa vurub.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında müxtəlif vəzifələrdə, 2021-ci ildən isə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
Cənubi Koreyada Koreya İnkişaf İnstitutunda və Harvard Universitetinin Kennedi adına Dövlət İdarəçilik Məktəbində dövlət idarəçiliyi üzrə proqramlarından məzun olub. Lozanna Federal Politexnik Məktəbinin (EPFL) şəhər infrastrukturunun idarə edilməsi proqramını tamamlayıb.
Naftalan şəhərinin icra başçısı təyin olunan Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub.
2005–2009-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitet) Beynəlxalq Hüquq fakültəsində hüquqşünas ixtisası üzrə bakalavriat təhsili alıb.
2009–2011-ci illərdə Böyük Britaniyanın London şəhərində Regents Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb.
2015–2017-ci illərdə Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində iqtisadiyyat ixtisası üzrə magistr təhsili alıb və fərqlənmə diplomuna layiq görülüb.
2025-ci ildə ABŞ-ın Harvard Universitetində dövlət idarəçiliyi strategiyasının icrası üzrə kursu bitirib.
Məmmədiyə Məmmədov 2013–2022-ci illərdə Xarici İşlər Nazirliyində, o cümlədən Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi və İstanbul şəhərindəki Baş Konsulluğunda müxtəlif diplomatik vəzifələrdə çalışıb.
2022-ci ilin iyul ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində baş məsləhətçi və sektor müdiri vəzifələrində fəaliyyət göstərib.
Məmmədiyə Məmmədov Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var.