Xocalı soyqırımı Azərbaycanda həm də hakimiyyətin
dəyişilməsinə səbəb oldu. Məhz bundan sonra məclisdə baş verən
hadisələr, Ayaz Mütəllibovun qorxuya düşməsini amerikalı jurnalist
Tomas Qolç "Azərbaycan gündəliyi" kitabında geniş təsvir edir.
Jurnalistin yazdığı qeydləri təqdim edirik:
"Hazırkı vəziyyətdə parlamentin sədri Elmira Qafarova idi.
Sessiya başlayan kimi o, səhhəti ilə bağlı olaraq istefa vermək
istədi. Lakin Elmira heç də xəstə görünmürdü. Vəzifəsini itirməsi
də ona heç təsir etməmişdi. Sessiya fasiləsində o həmkarları ilə
deyib-gülürdü. Sanki heç nə olmamışdı. Bununla belə, əsaslı
səbəblərə görə bir nəticə çıxartmaq olar ki, bu, oyunun tərkib
hissəsi idi. Bu gün istefa, sabah qayıdış.
Yeni və müvəqqəti sədr vəzifəsini BDU-nun Tibb Fakültəsinin
rektoru "dollar" Yaqub Məmmədov icra etməyə başladı. Mütəllibovun
dostu olan Yaqub universitetdə rüşvət götürdüyünə görə "dollar"
ləqəbini qazanmışdı. Etiraf etmək lazımdır ki, böhran bitənə qədər
o hər şeydən kənarda qalmışdı. Xocalı isə, deyəsən, unudulmuşdu.
Parlamentin ən maraqlı qonağı isə Xocalının icra başçısı Elman
Məmmədov idi. Mən onunla sentyabrdan əvvəl görüşmüşdüm. O, enerji
dolu insan kimi yadımda qalmışdı. Lakin indi Elman şok vəziyyətində
idi. O, qohumlarından 30 nəfəri itirmişdi. Özü isə təsadüf
nəticəsində sağ qalmışdı. Elman, parlamentə müraciət üçün
çağırılmışdı, lakin istədiyi başqa bir şey də vardı.
- Kino, – o dedi. - Onlar kinonu göstərmək istəmirlər.
- Hansı kino? - mən soruşdum, lakin dərhal anladım.
Məşhur reportyor Çingiz Mustafayev məcbur eləmişdi ki, onu da
cinayətin törədildiyi məkana uçan hərbi vertolyotun bortuna
götürsünlər. O, atılmış meyitləri çəkmişdi. Məhz bu filmi Məmmədov
deputatlara göstərmək istəyirdi. Lakin bu, proses qaydalarına zidd
olduğu üçün kadrları nümayiş etdirmirdilər. Birdən "Kinonu
göstərin", "kinonu göstərin", - deyə, qışqırıq səsləri parlamentin
binasını bürüdü.
Fasilədən sonra qayıdan deputatlar yenidən kinonun nümayiş
etdirilməsini tələb etdilər. Nəhayət, parlamentin sədri Dollar
Yaqub Məmmədov razılaşdı.
İşıqlar söndürüldü, monitorda film göstərildi. İlk kadrlar
göstərildikdən 10 dəqiqə sonra ölkənin bütün həyatı dəyişdi. Çingiz
Mustafayev öz kamerası ilə əvvəlcə vertolyotdan aşağıdakı
obyektləri görüntüləmişdi. Ardınca vertolyot enəndən sonra qapılar
açılır və Çingiz Mustafayevin qorxulu səsi aləmi bürüyürdü.
- Ay Allah! Ay Allah! Ay Allah! - o
dedi....
Ölmüş bütün cəsədləri Qarabağa qaytardılar. Oradakı cəsədlər
dəhşətli idi: bəzilərinin bıçaqla barmaqlarını kəsmişdilər,
gözlərini oymuşdular. Bəzilərinin bədənini yarmışdılar. O özündə
güc taparaq vertolyota daşınan cəsədləri də bir neçə geniş planda
çəkə bildi. Daha sonra kino qurtardı və kadrlara deputatların
reaksiyası başladı. Zaldan pıçıltı səsləri eşidilirdi. Onlar
dəhşətə gəlmişdilər və bu hər kəsin simasına yansımışdı. Nə isə
böyük bir şey sınmışdı və geriyə dönmək artıq qeyri-mümkün idi.
Fasilədən sonra Ayaz Mütəllibov söz istədi. O, çox pis
görünürdü, gözləri şişmişdi. Mütəllibov tribunada özünü prezident
kimi aparmırdı.
Onun uzun monoloqundan yalnız bir neçə məsələ aydın oldu. Rusiya
artıq dəyişmiş mərkəz olmuşdu. Bu o Rusiya idi ki, Azərbaycan MDB
ilə siyasi, iqtisadi danışıqları ratifikasiya etmədiyinə görə,
erməni yönümlü siyasət aparırdı. Əgər Azərbaycan MDB ilə silahlı
qüvvələrin rəhbərliyinin unifikasiyası haqqında danışıqları
təsdiqləməsəydi, Qarabağı itirməliydi.
Bir müddət sonra isə Ayaz Mütəllibov Xocalıdakı qırğınlarda əsas
günahkarların Xalq Cəbhəsinə bağlı qüvvələrin olduğunu söylədi.
Təəccüblü deyil ki, bu sözlər qısa zamanda erməni mətbuatında da öz
əksini tapdı".
Müəllif daha sonra Rəhim Qazıyev, İsgəndər Həmidov və Tofiq
Qasımovun danışdığını bildirir. Bunun aradınca isə o, parlamentdəki
fasilədən Ayaz Mütəllibovun taleyinin necə müzakirə olunmasını
qeydə alır:
"Fasilədən dərhal sonra müxalifət yenidən prezidentin istefaya
göndərilməsi ilə bağlı tələblə çıxış etdi. Axşam düşəndə isə
prezident yenidən göründü və istefaya göndərilməsi haqqında olan
bütün tələblərə aydınlıq gətirilməsini istədi. Onun bu dəfəki
çıxışı isə göstərdi ki, prezident özünü itirib və situasiyanı
dəyərləndirmək qabiliyyətinə malik deyil. Etdiyi səhvlərinə görə
üzr istəyən Ayaz Mütəllibov, Nazirlər Kabinetini yenidən
formalaşdıracağını və hətta əsas nazir vəzifələrinə müxalifətdən
nümayəndələr təyin edəcəyini bildirdi. Bu məqamda isə Araz Əlizadə
prezidenti ölkədə fövqəladə vəziyyət elan etməyə, siyasi
partiyaların fəaliyyətinin 6 ay müddətinə qadağan edilməsinə
çağırdı.
Bütün bunların hamısı öncədən sövdələşmə idi. Rus qoşunları
parlamentdəki mövqelərini tutaraq, binanın qarşısında toplaşan
vətəndaşlara hücum etmək haqqında əmr gözləməyə başladılar. Bu isə
parlamentdəki deputatların kəskin narazılığına səbəb oldu.
Parlamentdəki mübahisə sessiyanın 2 saat dayandırılması ilə
nəticələndi. Əksər deputatlar öz kreslolarında yuxulayırdılar.
Səbəb çox sadə idi. Mart ayı olmasına baxmayaraq, insanlar şaxtada
toplaşaraq binanı mühasirəyə almışdılar. Rus əsgərləri bir müddət
sonra yox oldu və Dollar Məmmədov növbəti iclası cümə günü səhər
tezdənə təyin etdi.
Tezliklə Mütəllibova növbəti ultimatum verildi. Prezidentin yenə
istefaya getməsi istənilirdi. Mütəllibov situasiyanı
dəyərləndirməyə vaxt istədi. Ultimatuma cavab vermək üçün 14 saat
təyin edildi. Təyin edilmiş vaxt keçdi, amma müxalifətə heç bir
açıqlama verilmədi. Buna görə də ikinci ultimatum göndərildi. İşin
ciddiyyətinin başa düşülməsi üçün dünən qırılmış şüşə yenidən
sındırıldı.
Saat 6-da qapı açıldı və Həsən Həsənov başda olmaqla hökumət
adamları zəncirvari şəkildə içəri daxil oldular. Ayaz Mütəllibov
ortada gəlirdi. O, mikrofonun qarşısına keçdi. Səssizlik istəyərək
danışmağa başladı:
- Səhvlər baş verib. Məhz buna görə də xalq mənim getməyimi
istəyir. Belə olan halda mən Ali Məclisdən mənim istefamı qəbul
etməyini istəyirəm.
Ayaz Niyaz oğlu Mütəllibov postsovet məkanında ilk şəxs kimi öz
postunu tərk edən lider oldu. Xalqa xidmətinə görə, ona ayda on min
rublluq təqaüd ayrıldı. Həmin vədə həmin pul təxminən 100 dollar,
bir ildən sonra 20 dollar, ondan sonra isə 5 dollar təşkil edirdi.
Bu, SSRİ prezidenti Mixail Qorbaçov istefa verəndə ona ayrılmış
təqaüddən iki dəfə artıq idi. Bundan əlavə isə Mütəllibov şəhər
kənarında iqamətgah, 10 nəfərlik mühafizə xidməti və avtomobil
aldı. Ən vacibi isə onun gedişindən həzz alan bəzi insanların sonra
onu izləməsi və məhkəmə proseslərinə cəlb edilməsinə qadağa qoyulan
qanunun qəbulu idi".