Sentyabrın 26-da Azərbaycan Respublikasının
Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referendum
keçiriləcək. Bu dəyişikliklərə görə, Azərbaycanda ilk dəfə olaraq
vitse-prezident institutu yaradılır.
Referendum öncəsi ictimaiyyətdə kimin birinci vitse-prezident və
vitse-prezident olacağı geniş müzakirə edilir.
Bununla bağlı Publika.az Bütöv Azərbaycan xalq Cəbhəsi Partiyasının
(BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini
təqdim edir:
- Qüdrət bəy, bizə verdiyiniz sonuncu müsahibədə
söyləmişdiniz ki, referendum layihəsinə təklifləriniz olacaq.
Təkliflərinizi nə zaman
açıqlayacaqsınız?
- O zaman düşünürdüm ki, əvvəllər olduğu kimi bu layihə də
müzakirə olunmaq üçün Milli Məclisə göndərilə bilər. İndi isə bunun
əhəmiyyəti yoxdur. Əsas fikirlərimi Sizə söyləmişdim.
- Bundan sonrakı proseslərlə bağlı proqnozlarınız nədir?
Növbədənkənar prezident seçkiləri keçirilə bilərmi?
- Çörçil söyləyirdi ki, siyasətçi proqnozlar verməli, bu, baş
vermədikdə isə niyə baş vermədiyini əsaslandırmağı bacarmalıdır.
Yeri gəlmişkən, proqnoz vermək yaxşı məşğuliyyət sayılmasa da,
qənaətimcə, növbədənkənar prezident seçkilərinin keçirilməsi
labüddür. Doğrusunu isə göydə Allah, yerdə prezident bilir.
- Qüdrət bəy, sosial şəbəkələrdə 1-ci vitse-prezident
postuna ən layiqli namizəd kimi Mehriban Əliyevanın adı hallanır,
buna münasibətiniz necədir və kimlər vitse-prezident ola
bilər?
- Mehriban xanım Azərbaycan xalqı qarşısında xidmətləri olan bir
nəslin təmsilçisidir. Ziyalı və milli bir ailədə böyüyüb.
Hal-hazırda ölkənin birinci xanımı və millət vəkili kimi çox böyük
işlər görür, Azərbaycanın və Azərbaycan qadının tanıdılması üçün
böyük səy göstərir. Qeyd olunanlara, humanitar sahədəki
fəaliyyətinə, bacarığına və səmimiyyətinə görə xalqın rəğbətini
qazanıb.
O həm də hakim partiyada sədr müavini olmaqla prezidentin ən sadiq
silahdaşı sayılır. Düşünürəm ki, onun bu postu tutması milli
maraqlara cavab verərdi.
Vitse-prezidentlərə gəldikdə isə bu postu tutacaq şəxslər
prezidentə sadiq, bacarıqlı və təcrübəli olmalıdırlar. Bu
keyfiyyətlərinə görə YAP-in sədr müavinləri, o cümlədən Ramiz
Mehdiyev, Bəylər Eyyubov, Ramil Usubov, Kəmaləddin Heydərov, Vasif
Talıbov vitse-prezident təyin olunmağa daha çox layiqdirlər.
Doğrusunu isə bir daha söyləyirəm ki, prezident bilir.
- Qüdrət bəy, müsahibənizdə söyləmişdiniz ki, 1-ci
vitse-prezidentin kimliyi seçkidən öncə bilinməlidir. Bunu mövcud
təcrübədən çıxış edərək söyləyirsiniz, yoxsa başqa mülahizələr də
var?
- 2 aprel qələbəsindən sonra Kremlin sadiq dostları bəyanat
verdilər ki, Qarabağ probleminin tənzimlənməsində 5+2 formatı
Azərbaycanın milli maraqlarına cavab vermir. Son prezident
seçkilərində də xarici güclər demokratiya adı altında Rüstəm
İbrahimbəyovdan istifadə etmək istədilər. Amma alınmadı. Bu dəfə
daha həssas Qarabağ məsələsi üzərində oyun oynanıla bilər. Tutaq
ki, həmsədr dövlətlər Azərbaycanı müəyyən güzəştlərə məcbur edə
bilər. Bundan sonra "Qarabağı verdilər" şüarı ilə sabitliyin
pozulması üçün cəhdlər ola bilər. Prezidenti məcbur edə bilərlər
ki, Kremlin, yaxud Qərbin, yaxud da hər ikisinin dostlarından
birini 1-ci vitse-prezident təyin edib istefa versin. Ona görə də
ölkəni və prezidenti mümkün təzyiq və təhlükələrdən qorumaq üçün
hər şey nəzərə alınmalıdır.
Yaxşı xatırlayıram, 2001-ci ildə Ki Vest danışıqları zamanı ABŞ
səfiri ilə görüşdən qayıdan Əli Kərimli söylədi ki, görüş
ərəfəsində "Azərbaycana təzyiqlərə son qoyulsun" şüarı ilə
keçirəcəyimiz mitinq təxirə salınmalıdır. Çünki ABŞ səfiri ona
söyləyib ki, imkan verin bu problemi (o daha pis söz işlətmişdi)
Heydər Əliyevin əli ilə həll edək, sonra siz gəlib rahat
oturun.
İlham Əliyev təcrübəsi və cəsarəti ilə kifayət qədər seçilir. Hesab
edirəm ki, bütün yarana biləcək çətinliklərlə bağlı müdrik qərar
verə biləcək. Bununla bərabər dövlətçiliyin qorunması naminə
ehtiyat əldən buraxılmamalıdır. Ona görə də prezidenti əvəz edə
biləcək şəxsin adı öncədən açıqlansa, daha yaxşı olar.
Artıq mətbuatda Qərbdən himayə olunanlar belə bəyanatlar yaymağa
başlayıb ki, referendum Qarabağa görə keçirilir və buna görə Qərb
susur.