Xəbər verdiyimiz kimi, Türkiyə Müdafiə Nazirliyinə məxsus C-130 hərbi yük təyyarəsi Azərbaycan–Türkiyə marşrutu üzrə hərəkət edərkən Gürcüstanda qəzaya uğrayıb.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki “CNN Türk”ün əməkdaşı Fulya Öztürk hadisə ilə bağlı detalları canlı yayımda təqdim edib.
“Təyyarə Azərbaycan hava məkanından havalandıqdan 1-1,5 saat sonra onunla əlaqə kəsilib. Təyyarə tam olaraq Azərbaycan hava məkanını tərk edərək Gürcüstan hava məkanına daxil olub və Tiflisə təxminən 100 km məsafədə təyyarə qəzaya uğrayıb. Hazırda hadisə yerində Gürcüstan rəsmiləri də fəaliyyət göstərir. Türkiyədən də heyətlər göndərilib. Təyyarənin qalıqları üzərində işlər başlanacaq.
Bu təyyarələr uzun illər Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunub, həm yük, həm də hərbi personalın daşınması üçün nəzərdə tutulub. Xüsusilə fövqəladə hallar və zəlzələ bölgələrində daşımalarda xüsusi rol oynayıb. C-130 ABŞ istehsalıdır, qısa və torpaq platformalardan qalxıb-enə bilir. Dayanıqlı və etibarlı olduğu üçün bir çox ölkə tərəfindən istifadə olunur. Türkiyədə Hərbi Hava Qüvvələrinin inventarında uzun müddətdir var və əsas yerləşdiyi baza Kayseri 12-ci Hava Nəqliyyat Üst Komandanlığıdır. Təyyarənin istiqaməti də təxminən Kayseri bazasına doğru idi".
Fulya Öztürk bildirib ki, təyyarə 13:00-dan sonra havaya qalxıb və 1,5 saat sonra əlaqə kəsilib. Qəzaya səbəb olan dəqiq amillər hələ məlum deyil. Texniki nasazlıq, pilot xətası və ya hava şəraiti ilə bağlı suallar araşdırılır. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir və rəsmi açıqlama gözlənilir.
Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi verdiyi açıqlamada təyyarədə 20 nəfərin olduğunu bildirib.