"Rusiyada bəzi qeyri-rəsmi dairələr
bu proseslərdən anti-Azərbaycan məqsədilə istifadə etməyə,
Rusiya-Azərbaycan münasibətlərini pozmağa çalışır"
Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası
İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib
("APA").
Ə.Həsənov qeyd edib ki, Azərbaycan hakimiyyəti, o cümlədən
Rusiyadakı səfirliyimiz bu proseslərin nizama salınması üçün öz
təkliflərini, tövsiyələrini və problemin həllini necə gördüyünü
dəfələrlə açıqlayıb. Şöbə müdiri vurğulayıb ki, hazırda Rusiya
hökuməti məsələnin həlli ilə məşğuldur: "Rusiyada bu proseslərin
bir qismi kortəbii şəkildə meydana çıxır. Proseslərdə müəyyən
milliyyətçi qüvvələrin və üçüncü maraqlı tərəflərin iştirakı,
hadisələrin arxasında onların kölgəsi də görünür. Rusiya əlbəttə
ki, bu proseslərin, xüsusən qeyri-ruslara qarşı müxtəlif formalarda
təzahür edən çıxışların onun beynəlxalq nüfuzuna nə qədər zərbə
vurduğunun, nə qədər mənfi çalarlar gətirdiyinin fərqindədir. Eyni
zamanda görünən də odur ki, Rusiya hakimiyyəti prosesləri idarə
etməyə çalışır, bu sahədə müəyyən tədbirlər görülür. Bu tədbirlərin
effekti də müşahidə olunmaqdadır. Amma müəyyən dairələr tərəfindən
illərlə formalaşmış bu tipli qızışdırılmış hadisələri qısa müddətdə
dayandırmaq, nəzarət altına almaq və tamamilə idarə etmək də mümkün
deyil. Hər halda Rusiyada baş verənlərdən narahatıq, Rusiya
hökumətinin bu proseslərlə bağlı gördüyü tədbirləri diqqətlə
izləyirik. Düşünürük ki, bu addımlar tezliklə effekt verəcək".
PA rəsmisi bu hadisələrdən Azərbaycanın Gömrük İttifaqına daxil
olması üçün Rusiyanın rəsmi Bakıya təzyiq vasitəsi kimi istifadə
etməsi barədə bəzi dairələrin iddialarına da cavab verib. Ə.
Həsənov deyib ki, mütəxəssislər, tədqiqatçılar bu məsələləri hərə
öz nöqteyi-nəzərindən yozmağa çalışır: "Düşünmürəm ki, Rusiya
Azərbaycana qarşı belə qeyri-populyar, təhlükəli, beynəlxalq aləmdə
ciddi formada mənfi qarşılanan təzyiq və təsir vasitələrindən
istifadə etsin. Bu, belə deyil. Rusiya hökumətinin Azərbaycana
təzyiq etməyə əsası da yoxdur. Yaradılan ittifaqlar da, irəli
sürülən təşəbbüslər də, MDB çərçivəsində həyata keçirilən
inteqrasiya prosesləri də könüllülük əsasında aparılır. Hər biz üzv
dövlət ora qoşulmanın müsbət və mənfi tərəflərini dəyərləndirir,
buna müvafiq də qərar verir. Hər bir üzv dövlətin bu prosesdə
iştirakının ali məqsədi öz milli maraqlarını, milli mənafelərini
təmsil etməkdən ibarətdir. Ona görə də düşünürəm ki, bu proseslərdə
ayıq yanaşma daha çox mühüm rol oynayır. Azərbaycan və Rusiya da bu
məsələyə daha ayıq başla yanaşır. Bəzi tədqiqatçıların, bu və ya
digər qüvvələrin bu hadisələrin Azərbaycana qarşı təzyiq vasitəsi
kimi xarakterizə etmək cəhdlərinin də müəyyən əsası var. Rusiyada
bəzi dairələr - rəsmi dairələrdən söhbət getmir - bu proseslərdən
anti-Azərbaycan məqsədilə istifadə etməyə, Rusiya ilə Azərbaycan,
rus xalqı ilə Azərbaycan xalqı arasında illərdən bəri formalaşmış,
sınaqdan çıxmış birgə maraqlar və dostluq münasibətlərini pozmağa
çalışır".