Milli Məclisin iclasında çıxış
edən deputat Qənirə Paşayeva onu nurçuluqla əlaqələndirənlərə sərt
mesajlar verib.
"Axar.az" "Musavat.com"a
istinadla bildirir ki, millət vəkili bəzi qüvvələri mətbuatdan
çirkin məqsədləri üçün istifadədə ittiham edib: "Bu gün söz və
mətbuat azadlığından kimlərsə istifadə edərək dövlətə, dövlətçiliyə
xidmət edən insanlara qarşı böhtan kampaniyasını aparmağa nail
olurlar. Mən şəxsən Xocalı soyqırımı tədbirlərində iştirak etdiyim
zaman özümə qarşı olan bu kampaniyalarla bağlı bu gün ölkənin Milli
Təhlükəsizlik Nazirliyinə müraciət göndərmişəm. Müraciətdə də
vurğulamışam ki, mən heç kimdən qorxmuram, çəkinmirəm və bütün
fəaliyyətimin araşdırılmasına da hazıram. Amma mən kiminsə xoşuna
gəlmirəmsə deyə, hansısa mətbuat orqanlarını arxasına alıb bu
kampaniyanı aparanların xalqın önünə çıxarılmasını istəyirəm. Çünki
bu kampaniyalar bu gün mənə, sabah başqasına qarşı ola
bilər.
Hər tədbirində Heydər Əliyevdən, Türkiyədə Atatürkdən sitatlar
gətirən, həyatında bir dəfə də Nursidən sitatlar gətirməyən insana
"Sən niyə türk məktəblərinə dəstək veribsən" deyə nurçuluqda
ittiham edən, millət vəkilinə çamur atanların ciddi bir hesabat
verməsi gərəkir.
Digər millət vəkilləri özləri bilərlər. Amma mən öz adımdan
müraciət etmişəm".
Q.Paşayeva onu hədəfə alanlara səslənib: "Nə etməliydik?
Suriyada uşaqlarımızı döyüşlərə səsləndirənlərinmi yanında
olmalıydıq? Yoxsa o güclərimi dəstəkləməliyik ki, uşaqlarımıza
yaxşı təhsil versin? Mən Çağ Öyrətim Şirkətinin, Turan Yazqan
xocanın okulları, ya bütün Anadolu okullarının hamısının
fəaliyyətini dəstəkləmişəm ki, uşaqlarımız yaxşı təhsil alsınlar.
Mən bütün o gözəl məktəblərin yanında olmuşam. Suriyada
uşaqlarımızı döyüşə səsləyənlərinmi yanında olmalıydım? Bu
parlamentdə onların haqqında danışan kimi başlayıblar üzərimizə
düşməyə. Bu gün mənə olan bu məsələlər sabah başqalarına qarşı da
olacaq. Onlara qarşı mübarizəni gücləndirməliyik".
Spiker O.Əsədov isə "müraciət edibsiniz, öz işinizdir, amma bu
məsələni parlamentə çıxartmağa ehtiyac yox idi", - deyib.