2002 və 2009-cu illərin
referendumları kimi, bu il sentyabrın 26-da keçiriləcək ümumxalq
səsverməsi də mahiyyətcə ölkəmizin gələcəyi ilə bağlı suallar
ətrafında dövlətlə vətəndaş arasındakı bir dialoq rolunu
oynayacaq.
Bu sözləri millət vəkili Zahid Oruc Konstitusiyaya təklif olunan
əlavə və dəyişikliklərin mahiyyətini Axar.az-a dəyərləndirərkən
deyib. Millət vəkili bildirib ki, referendum vətəndaşların
mövqeyini bilmək, hüquqi proseslərdə insanların təkliflərini
dəyərləndirmək, hər hansı bir şəkildə yalnız idarə edənlərin deyil,
eləcə də idarə olunanların ölkənin həyatına fəal qatılmasını təmin
etmək üçün keçirilir:
"Bütün digər siyasi qüvvələr də bu kontekstdə hərəkət
etsəydilər, bu, işin faydasına olar, bir tərəfdən aktivlik meydana
çıxar, digər yandan isə illərlə mediada aparılan diskussiyaların
cəmiyyətə yansımasına, insanlarla kütləvi müzakirələrə şərait
yaradardı; istər idarəçilik, istərsə də sosial sfera və ölkənin
ümumi gələcəyi ilə əlaqədar məsələlərin dəqiq xəritəsini bir daha
müəyyənləşdirmək mümkün olardı. Ona görə ki, Konstitusiya ana
qanundur və bu ölkənin quruculuğunun başlıca hüquqi arxitekturasını
müəyyənləşdirir. Belə olan təqdirdə ondan sonra gələcək hüquqi
aktlar da məhz bu qanundan qaynaqlanacaq. Hesab edirəm ki, irəli
sürülən müddəaların hər birinin dəyərləndirmə və təhlilinin
aparılması ilə bərabər, cəmiyyətin fikirləri də önəmlidir".
Z.Oruc hesab edir ki, referendumda Dağlıq Qarabağın statusu ilə
bağlı məsələ bir müddəa kimi yer alsaydı, bu, işimizin faydasına
olardı:
"Nəzərə almalıyıq ki, 1992-ci ildə Dağlıq Qarabağın muxtar
vilayət statusunun ləğv olunması və işğal gerçəkliyinə görə belə
bir hüquqi yayğınlıq mövcuddur. Yəni ermənilər Dağlıq Qarabağda
saxta respublika təsis ediblər və bu illər ərzində ona dövlətçilik
atributları qazandırmaq üçün müxtəlif cəhdləri də olub - parlament
və digər dövlət təsisatlarının strukturunun yaradılması qayğısına
qalıblar. Etiraf etmək lazımdır ki, Azərbaycan dövlətinin gücü və
apardığı diplomatik addımlar hesabına ermənilərə Qarabağın
müstəqilliyini qəbul etdirmək mümkün olmayıb. Gəlin, məsələyə daha
real nəzərlərlə baxaq. Bu gün vaxtilə Qarabağın siyasi inzibati
ərazisinə aid olan subyektlərin hamısı pərakəndə rayonlar şəklində
mövcud olmaqdadır. Bunlar Azərbaycan əraziləri üzrə səpələniblər,
əhali qrupları da məcburən sığındıqları ünvanlarda icra
orqanlarının qərarlarını qəbul etməkdədirlər. Lakin əvəzində
ermənilər bir tərəfdən ərazilərimizi işğal ediblər, o biri tərəfdən
isə Dağlıq Qarabağda "vətəndaşları" üzərində müxtəlif əmrlər
verməkdədirlər. Bu mənada Qarabağ sözündə dövlət anlayışı
ermənilərin hafizəsinə hər gün təsir göstərir. Əvəzində bizdə bir
neçə yerə ayrılmış icra hakimiyyətləri var və bu, imkan vermir ki,
Dağlıq Qarabağın azərbaycanlı icması vahid bir orqanizm halında
birləşsin, onların icra hakimiyyəti sistemi vahid olsun və bu fonda
Azərbaycan sadəcə siyasi olaraq Qarabağın adına sığınmasın, eləcə
də o ərazilərdən köçkün düşmüş insanların Dağlıq Qarabağın məlum
statusuna söykənməyi mümkün olsun".
Millət vəkilinin fikrincə, əgər Azərbaycan xalqı özünün
dəyələndirməsini edirsə, əsas hüquqi aktında islahatlar aparırsa,
dəyişikliklərə gedirsə, Qarabağın statusu məsələsi də referendumda
müzakirə oluna bilər:
"Əlbəttə, mən bu məsələdən danışarkən belə bir illüziyaya
qapılmamışam ki, Qarabağa muxtar respublika statusunu verməklə
problemə avtomatik çözüm qazandıracağıq. Xeyr. Çünki erməni tərəfi
bununla razılaşmayıb və referendum məsələsi bunaqədərki dövrdə
danışıqlarda hər hansı bir şəkildə, beynəlxalq vasitəçilərin əli
ilə müzakirə də edilib. Hətta indi də belə məlumatlar dolaşır ki,
dövlət başçıları arasında hər hansı bir şəkildə ermənilərin bu
referendumda yer alması müzakirə edilib. Hesab edirəm ki, Qarabağın
statusu məsələsi bu referendumda müzakirə olunmalı idi. Bununla biz
növbəti dəfə Azərbaycan ərazilərinin taleyinin bizim iradəmizdən
kənarda referendum və yaxud silah vasitəsilə həll olunmasına qarşı
mövqeyimizi göstərərdik. Bilirsiz ki, Ermənistanın
Konstitusiyasında Qarabağla bağlı müddəa var və siyasi
hakimiyyətlərin qarşısında belə qadağalar qoyulub ki, onlar öz
mənafelərinin ziyanına Qarabağla bağlı addım ata bilməzlər. Belə
olan təqdirdə Azərbaycan növbəti dəfə öz Konstitusiyasında
Qarabağla bağlı məsələni qaldırmaqla status baxımından
azərbaycanlıları bir araya gətirə, hüquqi məsələlərə öz baxışını
ifadə edə və nəhayət, beynəlxalq birliyə Qarabağın real statusunu
göstərə bilər".
Z.Oruc deyib ki, hər hansı bir şəkildə Rusiya və digər
dövlətlərin vasitəçiliyi ilə problem fərqli bir müstəvidə çözüm
tapacağı təqdirdə bu məsələyə yenidən qayıdıla bilərdi:
"Azərbaycan xalqına heç kəs mane olmur ki, Qarabağla bağlı
məsələni məlum o hüquqi qeyri-müəyyənlikdən çıxarsın, 1992-ci
ildəki fərqləri aradan qaldırsın, Qarabağın muxtar respublika kimi,
Naxçıvanın ümumi statusuna bərabər və yaxud da ona yaxın səviyyədə
səlahiyyətini bərqərar etsin. İşğala baxmayaraq, bütün ərazilərin
yenə də BMT-nin məlum tanınası qərarlarına rəğmən, özünün ayrılmaz
hissəsi olduğunu müəyyən etsin. Bu mənada parlament üzvlərinin
hüququdur ki, referendumda xalqdan gələn müxtəlif tələb, təklif və
təşəbbüsləri səsləndirmək və müzakirəyə çıxarmaqla geniş
diskussiyalara nail olsun".