Yuxarı

Qaçqın-köçkünlər Bakıdan əl çəkmir: sayı 3 milyonu ötüb

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkədə əsas müzakirə olunan məsələ məcburi köçkünlərin öz yurdlarına qaytarılması, bəzilərinin illərlə yaşadıqları, zəbt etdikləri evlərin geri alınmasıdır. Qarabağ dirçəlir, dağılan kəndlər, şəhərlər bərpa olunur və köçkünlər geri qaytarılır. Yəni indi müzakirə edilən məsələ yaxın aylarda, illərdə həllini tapacaq. Amma unuduruq ki, Bakı təkcə vaxtilə işğal olunmuş torpaqlardan məcburi köçkün düşmüş insanların sığındığı yer deyil. Paytaxt bu gün bütün rayonlardan şəraitsizlik, işsizlik, susuzluğun qovduğu insanlarla doludur və onların sayı hər gün artır...

Ölkədə əslində daha böyük köçkün ordusu var – illərdir səssiz-sədasız Bakıya köçənlərin ordusu. Onlar kiminsə boş evinə girməsələr də, Bakının yollarına, havasına, suyuna, parkına, məktəbinə, xəstəxanasına sığınırlar, kimlərinsə yerini tuturlar, şərik olurlar. Çünki başqa yolları yoxdur, onlara seçim imkanı verilməyib.

Hökumət bir tərəfdən iş yerlərinin açılmasıyla bağlı böyük rəqəmlər açıqlayır, iş yerlərinin açılmasını təşviq edir, digər tərəfdən regionlarda demək olar ki, bütün qapılar bir-bir bağlanır. Məktəblər yavaş-yavaş yoxa çıxır, qalanlarının müəllimlərinin bir hissəsi sertifikasiyadan kəsilir (Təhsil Nazirliyinin hesabatına görə, sertifikasiya imtahanlarında müəllimlərin azı 30%-i işdən kənarlaşdırılıb).

Dövlət qurumlarının rayonlardakı şöbələri birləşdirilib, bələdiyyələr ixtisara salınıb (Bələdiyyələrin sayı 1600-dən 800-ə endirilib), pensiya alanların sayı minimuma endirilib…

Rayonlarda dolanmaq, yaşamaq, mövcud olmaq üçün şərait get-gedə yoxa çıxır.

Heyvandarlıq getdikcə azalır, çünki örüş yerlərini kimlərsə zəbt edib pambıq əkir, yaxud digər məqsədlər üçün istifadə edir, arxlar, kanallar, çaylardan vurulan sular onların sahələrini suvarır.

Allah da bir tərəfdən kəsir – əksər rayonda su tapılmır. İnsanların son ümid yeri olan təsərrüfatları su qıtlığından məhv olur.

Susuz kənddə təsərrüfat olar? İşsiz-gücsüz, gün-güzəranı olmayan, ümidini itirmiş adam niyə qalsın o torpaqda?

Nəticə göz qabağındadır: kəndlər boşalır, şəhər dolur.

Şəhər deyəndə Azərbaycanda Cəlilabad, Qusar, Qax nəzərdə tutulmur ki! Sanki bu ölkədə bircə şəhər var – Bakı!

Bakı bu qədər yükü necə daşısın?

Dövlət büdcəsi hesabına ən ucqar kəndlərdə tikilən məktəblər indi məcburən bağlanır! İstehsalat yox, əkin-biçin məhdud, heyvandarlıq imkanları azalır, rəsmi qurumların bölgədəki şöbələri ixtisar edilir, məktəblər bağlanır və müəllimlər işsiz qalır... Kəndə, rayona əhalini bağlayan, onları məşğul edən nə qalır?

Axırı hara gedir bunun? Bu, sadəcə demoqrafik problem deyil, ölkənin gələcəyinə, təhlükəsizliyinə, ərzaq təminatına, sosial sabitliyinə yönəlmiş real təhlükədir.

Qarabağ köçkünlərini torpaqlarımızı azad etməklə yurdlarına qaytarırıq.

Bəs digər rayonlardan səriştəsizlik və biganəlik ucbatından qaçqın-köçkün vəziyyətinə salınan insanları necə qaytaracağıq?

Əslində problem Bakının dolması deyil. Bu, sadəcə, nəticədir. Əsas problem rayonların sürətlə boşalmasıdır. Bu, səbəbdir. Və səbəb aradan qaldırılmalıdır. Onda Bakı da rahat nəfəs alacaq.

Bakupost.az

Tarix
2025.09.18 / 16:11
Müəllif
Elçin Zahiroğlu
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla