Əvvəlcə polisə və daxili işlər Nazirinə minnətdarlığımı bildirməklə başlamaq istərdim. Onlar son dərəcə ciddi təxribatlar qarşısında asayişi qorumaq və təxribatçı hərəkətlərin qarşısını almaq üçün əllərindən gələni etdilər. Onların hər biri, hər bir polis məmuru bizim xüsusi minnətdarlığımıza layiqdir.
Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Batumda türk azarkeşlərə qarşı polisin aşırı güc tətbiq etməsi ilə bağlı insident haqda jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, son dərəcə ciddi təxribatlar baş verib:
“Təəssüf ki, bir çox insan bu cür hadisələrdən yanlış ritorikanı təşviq etmək və yanlış mesajlar yaymaq üçün istifadə etməyə çalışır. Bu hadisə də istisna deyildi. Ümumiyyətlə, qeyd etmək istərdim ki, türk dostlarımıza bu görüşü ölkələrinin hüdudlarından kənarda, lakin burada, Gürcüstanda, azarkeşlər qarşısında keçirmək üçün unikal bir fürsət təqdim etdik. Başqa bir ölkədə belə bir fürsət olmazdı.
Əlbəttə ki, müəyyən risklər olsa da, Gürcüstan və Türkiyə arasındakı yaxın dostluq münasibətlərini nəzərə alaraq, bu dostcasına addımı atdıq. Şadam ki, türk azarkeşlərin əksəriyyəti təklifimizi böyük ləyaqətlə qəbul etdilər və çox layiqli davranaraq ölkəmizə gəldilər. Lakin bir neçə yüz azarkeş - onları azarkeş adlandırmaq da olmaz - təxribatçı davranışları ilə seçildi. Bu, bizim üçün çox ağrılı idi. Azarkeşlərə belə bir imkan yaradılanda və onlar buna nalayiq hərəkətlərlə cavab verəndə bu, böyük ağrı və məyusluq yaradır. Lakin sonda polis asayişin qorunmasını təmin etdi ki, bu da bizim məsuliyyətimizdə idi. Və buna görə bir daha bütün polisə təşəkkür edirəm”, - o bildirib.
Kobaxidze “bütün gürcü təxribatçılara” da çağırış edib:
“Söhbət bu cür hadisələrdən istifadə edərək təxribat xarakterli bəyanatlar verən radikallardan gedir. Onları Gürcüstanın maraqlarını mümkün qədər qorumağa və təxribat xarakterli, utancverici bəyanatlardan çəkinməyə çağırıram".
Qeyd edək ki, dünən UEFA Avropa Liqasının V turu çərçivəsində Batumda keçirilən "Beşiktaş" - "Hapoel Beer Şeva" matçı zamanı gürcü polisi türk azarkeşlərə qarşı qeyri-adekvat və sərt davranıb. Bununla bağlı Gürcüstanın Türkiyədəki səfiri XİN-ə dəvət edilib və ona Ankaranın notası təqdim edilib.