Axar.az Teleqraf.com-a
istinadla "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf
Arifoğlu ilə geniş müsahibəni təqdim edir:
– Rauf bəy, otağınıza daxil
olanda başınızın üstündə heç bir şəkil görmədim. Maraqlı
gəldi.
– Hə... Mənim yanımda həmişə şəkillər olur, amma başımın üstündə
təkcə Allah var.
– Əslində, söhbətimizə bu suala başlamaq istəyirdim:
həyat sizin üçün ən çox nəyi ilə əhəmiyyətlidir?
– Mənim üçün həyatı maraqlı edən çox faktorlar var; ölkəm, onun
problemləri, ailəm, uşaqlarım, ən əsası isə işim!
– Deyirlər hər qəzet öz rəhbərinə bənzəyir. Deyə
bilərikmi "Yeni Müsavat" Rauf Arifoğlunun simasıdır?
– Bunlar şablon ifadələrdir. Məsələn, Türkiyənin ən nəhəng media
holdinqlərinin sahibləri tikinti və başqa sektorlarda çalışır. Bu o
deməkdir ki, o media holdinqdən beton, sement iyi gəlir? Xeyir!
Ancaq və ancaq xəbər iyi gəlir.
Azərbaycanda isə media qurumları çox xırdadır, hətta bəlkə də
dünyada mövcud olan bır sıra böyük media quruluşlarının alt şöbəsi
qədər kiçikdir. Ona görə də kollektivdə çalışan hansısa parlaq sima
bizdəki media quruluşlarına rəng qata bilir... "Yeni Müsavat" Rauf
Arifoğludan daha çox Azərbaycana oxşayır və ölkənin durumuna,
gününə, vəziyyətinə uyğun bir şəkil alıb. Araşdırsanız görərsiniz
ki, bu şəkil zamanla çox dəyişilib.
1989-cu ildə qeyri-leqal, kommunizmə qarşı olan bir qəzet idi.
1991-ci ildə rəsmiləşdi və tamam başqa bir şəkil aldı; həmin
zamanlar dövlət müəssisələrində Leninin şəkilləri Rəsulzadənin
şəkilləri ilə əvəz olunmağa başlamışdı. 1992-ci ildə hakimiyyətə
Elçibəy gəldi; ölkədə vəziyyət dəyişdi; insanlar da dəyişdilər; hər
kəsin içində xeyir kateqoriyası önə çıxdı; hamı vətənpərvər oldu,
silaha sarıldı; hamı ölkəsini sevdi, bayrağını sevdi və "Yeni
Müsavat" obrazına da bu mərhələlərdə yeni ştrixlər əlavə
olundu...
Media quruluşu cəmiyyətə, ölkəyə tutulan bir güzgüdür. Hazırda
isə Azərbaycan mediası öncə qeyd etdiyim kimi, o qədər kiçilmiş,
belə demək mümkünsə, çərçivələri də mıxlanmış bir durumdadır; bu
səbəbdən də medianın özündən daha çox orda çalışan parlaq simalar
nəzərə çarpır. Elə media qurumu var ki, sahibi, baş redaktoru
özündən daha tirajlıdır... Bu, anomaliyadır və biz istəyirik ki,
belə olmasın, durum dəyişsin. Biz əlli milyonluq Azərbaycan
türklərini təmsil ediriksə, üç-dörd min qəzet satmaq ayıbdır. Əlli
min, yüz min tiraj da bizlərə ayıb görünür. Çünki biz çoxuq.
Azərbaycan adlı vətəni haqda xəbər oxumaq istəyənlər hər yerdə var:
İranda, Avropada, Amerikada, Türkiyədə, İraqda, Gürcüstanda,
Rusiyada və s. Onlar 50 milyonluq xalqın dünyanın hər yerinə
səpələnmiş təmsilçiləridir.
– Siz ölkənin xəbərlərini əlli milyona oxutdurmaqdan
danışırsınız, o biri tərəfdən isə tez-tez tənqidlər səslənir ki,
Azərbaycan mediasında banner alveri gedir.
– Birincisi, bu ifadə heç vaxt mənə deyilməyib. Amma banner
dünyanın hər yerində var. Bu da reklamın yeni növüdür və tam normal
bir şeydir.
– Yeri gəlmişkən, bir ara musavat.com saytında
bannerlərin sayı həddindən artıq çox idi...
– Allah daha çox eləsin. Dediyim kimi, bu bir reklamdır,
insanlar buna görə pul ödəyir, biz isə o pul hesabına 60 nəfərə
yaxın kollektivi saxlayırıq. Bir media qurumunun ayaqlanması
hardasa üç il çəkir. Amma nə yaxşı ki, oturuşmuş başqa media
quruluşu vasitəsilə bazara sürətlə girmək mümkündür. Bir
jurnalistin maaşı qədər pulla - banner reklamının dəyəri - bazara
girmək daha ağıllıdır, elə deyilmi?! Bu imkanlar Azərbaycanda var
və o imkanları təqdim edənlərdən biri də bizik. Bundan da məmnunuq.
Çünki Azərbaycan mediasının güclənməsinə və tanınmasına xidmət
edirik, Azərbaycan oxucusunu fərqli, yeni saytlar oxumağa
öyrədirik, yönləndiririk.
İnsanlarımızın oxu problemi var. Onlar oxumurlar, oxuya
bilmirlər. Qayğılar, çətinliklər insanları rahat oturub kitab
oxumağa, qlobal, ciddi, əsaslı şeylər haqqında düşünməyə imkan
vermir. Heç olmasa, başlıqları onların maraq dairəsinə uyğun edərək
xəbər oxudaq, Azərbaycan insanına, oxucusuna xəbər oxumağı
öyrədək.
– Tanınmış baş redaktorlardan birinin sözüdür. Deyir,
eşitsəm ki, atam dünyasını dəyişib, birinci bu barədə xəbəri sayta
yerləşdirib, sonra dəfninə gedərəm. Doğrudanmı jurnalist üçün xəbər
bu qədər ciddi məsələdir?
– Təbii, baş redaktorun nə demək istədiyi aydındır, amma
müqayisə uğursuzdur. Jurnalist üçün həyat bir qədər fərqlidir. Bunu
bizdən olmayanlar bilməz! Hər şey bizim üçün xəbərdir. Bəzən bizi
buna görə qınayırlar və sevmirlər.
Bir dostunla oturub söhbətləşirsən, danışığına avtomatik başlıq
qoyursan; mühüm olanları yaddaşına qazıyırsan; amma dostun bilmir
ki, iki gün sonrakı manşet xəbərini sənə verdi. İki gün sonra
danışıqlarından bir material hazırlayıb ortaya çıxaranda bəzən
razı, bəzənsə narazı qalır. Bax, beləcə, bizim başımız hər an xəbər
üçün, eyni zamanda insanlar üçün işləyir.
– Rauf bəy, sizin dinə münasibətiniz
aydındır.
– Ola bilməz ki, siz mənim dinə münasibətimi biləsiniz!
– Təxminən...
– Ola bilər kənardan molla təsiri bağışlayıram. Bir qadın
jurnalist vardı, məndən soruşdu ki, siz işçilərinizi hər günorta
vadar edirsiniz ki, namaz qılsın? Mən çox heyrətləndim. Amma dedim
ki, əslində, yaxşı ideyadır.
– Redaksiyanızda namaz qılanlar çoxdurmu?
– Bizdə namaz qılanlar var, amma hər kəsin ibadəti özü üçündür.
Qılmayanlar daha çoxdur, amma onlarla kimsənin işi yoxdur. Mən özüm
dünyəvi siyasətlə məşğul olan adamam. İman mənim içimdədir. İbadət
mənim özüm üçündür. Bunu heç kimin gözünə soxmuram. Təşviq edərəm,
dəvət edərəm, amma israr etmərəm. Zəhlətökən olmaq olmaz!
– Bəs Azərbaycan dövlətinin dinə münasibəti şəxsən sizin
istədiyiniz kimidirmi?
– Azərbaycan dünyəvi dövlətdir. Və mən dinin hər hansı şəkildə
siyasətə, iqtidara, hakimiyyətə gəlməsinin əleyhinəyəm. Amma dindən
və imanlı insanlardan qorxmağın da əleyhinəyəm. Din yox, inanclılar
iqtidar olsa, daha yaxşı model alınar. Din partiya və ideologiya
şəklində iqtidara gəlirsə, fəlakət olur...
İslam sülh, barış, şəfqət, insan haqlarına, xüsusən qadın
haqlarına dayalı böyük bir sistemdir. İslam sevgi, mərhəmət
dinidir. Allaha sevgi, insana mərhəmət... İŞİD, əl-Qaida və sair
kimi qurumlar islam adından istifadə edirlər; baş kəsib, terror
törədirlər, qətliamlar ortaya qoyurlar. Bunları da sanki düzünə
qəsdlə, gözdən salmaq üçün "Allahu Əkbər" qışqıraraq, icra
edirlər... Bununla da dinimizin imici dünyada ciddi şəkildə
zədələnir; məlumatsız insanlar qorxur, məlumatlılar məyus
olur...
Avropa insanına elə gəlir ki, islam elə İŞİD-dir, başkəsənlərin,
özünü partladan insanların dinidir. Hansı ki, bunların islama, onun
fundamental əsaslarına heç bir dəxli yoxdur.
– Bir şey mənim üçün maraqlıdır. Həbsxanaların bir
funksiyası da islah etməkdir. Sizcə, Azərbaycan həbsxanaları bu
vacib missiyanı yerinə yetirə bilirmi?
– Azərbaycan həbsxanalarının iki əsas funksiyası var. Birincisi,
cəmiyyətdən təcrid, ikincisi isə islahdır. Amma Avropa ölkələrindən
fərqli olaraq, bizim həbsxanalar dustaqları islah eləmir. Sadəcə,
istəsələr, insanlar özləri islah olunurlar. Həbsxana zamanın fərqli
işlədiyi məkandır. Orda hər şey donur, o cümlədən də zaman! Mən bir
neçə həbsxanada olmuşam: MTN-də, indiki bayraq meydanının yerindəki
keçmiş Bayıl həbsxanası, 13 saylı cəzaçəkmə müəssisəsində...
Oradakı müşahidələrimdən deyə bilərəm ki, bu şərtlər altında islah
prosesinin getməsi qeyri-mümkündür.
Təcrid isə çox güclüdür. Məsələn, 10 il həbsxanada yatan adam
azadlığa çıxanda cəmiyyəti tanımır. Buna görə də məhbus cəmiyyətin
axarından qəti şəkildə təcrid olunmamalıdır. Bu, çox təhlükəlidir.
İnsan çıxıb öz yerini tapa bilmir, yadlaşır. Bu baxımdan bizdə
ciddi problemlər var. Bizdə həbsxana məhbusu cəmiyyətə inteqrasiya
prosesindən ayırır və içəridə fərqli bir kriminal çevrə yaradırlar.
Ona görə də həbsxanalarımızın əksəriyyəti təcrübəli kriminallar
yetişdirir.
Mən bu məsələdə Avropa sisteminin tərəfindəyəm. Avropa
həbsxanaları insanı insanlıqdan çıxarmır. Bəzən evə buraxılırlar,
ailə ortamından uzaq qalmırlar, yeməkləri yaxşı olur, istirahətləri
normal keçir, kompüter və internetləri olur, hətta universitet
oxuma imkanları da var. Bizdə isə dustaq olmaq çox çətindir.
Mən həbsxanada iki dəfə kitab yazmışam. Amma oğurluqla,
gizlədə-gizlədə, vərəqləri vəkil vasitəsi ilə dənə-dənə çölə
çıxara-çıxara yazmışam. Vərəqlərin başlığına yazırdım ki,
Azərbaycan Respublikasının Baş prokurorluğuna vəsatət və s. Amma
arxası qəzet məqalələri idi. Axı, belə olmamalıdır. Oradakılar da
azərbaycanlıdır və sabah bu cəmiyyətə qayıdacaqlar, öz yerlərini
axtaracaqlar. Onların içərisində potensial cinayətkarlarla yanaşı,
potensial rəhbərlər, dövlət adamları da var... Məsələn,
Azərbaycanın sabiq prezidenti Elçibəy siyasi məhbus olub.
Türkiyənin indiki prezidenti Ərdoğan da... Dünya çapında yüzlərlə
belə nümunələr var.
– Bəs siz neçə dəfə həbs olunmusunuz?
– Sovetlər dönəmində qısa müddətli saxlanmalar çox olub. Rəsmi
olaraq isə iki dəfə həbs olunmuşam. Birində 45 gün, o birində 17 ay
həbsxanada yatmışam. İttiham maddələri isə dəhşətli dərəcədə ağır
olub. Hava gəmisini (təyyarə) qaçırmağın təşkili, qanunsuz silah
saxlamaq, polisə müqavimət, iğtişaşlar təşkil etmək, dövlət
quruluşunu devirməyə cəhd, yazılarında ölkənin konstitusiya
quruluşunu dəyişməyə çağırışlar etmək və s.
– Rauf bəy, həbs olunmamışam, amma mənə elə gəlir ki,
siyasətçilər həbsxanada öz gələcəkləri haqqında çox böyük fikirdə
olurlar... Guya onlar çıxacaqlar, böyük zirvələr fəth edəcəklər və
s. Siz də həbsxanada belə hisslər keçirirdinizmi?
– Müşahidəniz dəqiqdir. Bu, sırf siyasi məhkumlara aiddir, onlar
özlərini həbsxanalarda çox böyüdürlər, gələcəkləri haqqında böyük
fikirdə olurlar, xəyallar qururlar. Bu əslində, yaxşı haldır. Amma
mən həbsxanada kriminallarla bir yatmışam, onlarda vəziyyət
fərqlidir, onlarda sanki kiçilmə baş verir.
– Rövşən Lənkəranskinin ölümündən sonra sizin saytın ona
qarşı xüsusi rəğbəti aydın şəkildə görünürdü. Bu, nədən irəli
gəlirdi?
– İnsanlar Polad Ələmdarı – xəyali qəhrəmanı niyə sevirlər?
– Niyə?
– O, filmdə yeraltı dünyanın, yəni bizə məlum olmayan dünyanın
xəritəsi, hekayəsi vardı... Rövşən də yeraltı dünyanın babalarından
biri idi. Yeraltı dünya deyilən məkan isə həddindən artıq böyükdür.
Keçmiş SSRİ ölkələrini, Türkiyəni, Birləşmiş Ərəb Əmirliklərini,
Avropanı, Amerikanı və s əhatə edən coğrafiyada yayılan əski sovet
adamlarını - "rus mafiyası"nı təsəvvür edin. Onlar milyonlarla
kriminal ünsürə, milyardlarla para dövriyyəsinə, minlərlə dövlət
məmurlarına, polis zabitlərinə, məhkəmə üzvlərinə, media
quruluşlarına, deputatlara... nəzarət edirlər. Hər işlə də
məşğuldurlar - fühuşdan, narkotik-qumardan, ta siyasətə qədər...
Onlar dünyanın nəhəng trans-kontinental şirkətləri ilə yarışa
biləcək gücə malikdirlər. Təsəvvür edin, belə böyük məkanda bir
azərbaycanlı da söz sahibi idi...
Bəzən dövlətlər, onun xüsusi xidmət sektoru öz adamlarını
illərlə təlimatlandırıb yeraltı dünyaya daxil edir ki, o, həmin
sahədə böyüsün və daha da önə getsin. Çünki dövlətlərin yeraltı
dünya deyilən, kriminal aləmi məhv etmək imkanı yoxdur; lakin oraya
nəzarət paketinə sahib olmaq, oradan məlumatlar almaq, yönəltmək
mümkündür. Biz bu modeli "Qurdlar Vadisi" serialında hamımız
gördük. Polad Ələmdar dövlət görəvlisidir və mafiyanın bitirmək
üçün onu yeraltı dünyanın içinə atırlar və ən başa
gətirirlər...
Təbii, Rövşən Polad deyildi. Amma bir Baba idi, ən böyüklərdən
biri idi. Yeraltı dünyada mühüm qərarlar qəbul olunur, mühüm
proseslər gedir. Vaxtı ilə orda bizim adamlarımız çox idilər...
Rövşən də həmin dünyada önəmli bir səs idi, Azərbaycana lazım
idi... Gələcəkdə biləcəklər, bu cür insanların xidmətlərini, bəlkə
də heç bilməyəcəklər... Amma anlamayan, başa düşməyənlər
proseslərin fərqində olanları məhz elə cahillikləri səbəbindən
qınayırlar...
Biz isə qəzetimizdə, saytımızda kiminsə cibinə əl atıb, pul
oğurlayan adam haqqında yazmırıq. Gördünüzmü, yeraltı dünyasının
üzləri Rövşəni necə aradan götürdülər? Amma hələ də cinayəti kim
törətdi, bilinmir, yüz versiya var... Bu, heç vaxt tam açılmayacaq,
tapılmayacaq... Siz təsəvvür edin, İstanbul kimi bir yerdə bu
əməliyyatı edən bir güc və o əməliyyatın hədəfi olan
azərbaycanlı... Sabirabadlı Hikmət, Rövşən Canıyev..., onlar
ölümləri ilə Azərbaycanın kisəsindən getdilər...
– Rauf bəy, siz hansı institutu
bitirmisiniz?
– Mən 1988-ci ildə Azərbaycan Texnologiya İnstitutunu
bitirmişəm, Sovet dövründə, Gəncədə. Sonra isə Azərbaycanda Qərb
Universiteti var, oranı qurtarmışam.
– İxtisasınız nədir?
– Birincidə kimyaçı-mühəndis. Elmi-tədqiqat institutunda
ixtisasım üzrə dörd-beş il işləmişəm. Digərində isə politoloq
ixtisası üzrə oxumuşam. Oxuduğum universitetlər mənə zamanla
faydası olsa da, ümumilikdə heç nə vermədilər. Gəncədə biz beş ilin
üç ilini kommunizm-marksizm təlimləri kimi zir-zibil oxuduq.
– Bəs necə oldu ki, siz kimyaçı-mühəndis, politoloq kimi
deyil, jurnalist kimi tanındınız, qəbul olundunuz?
Talemi?
– Hə, Allahın qisməti. Milli Azadlıq hərəkatına qoşulmuşam,
silahlı dəstələrdə yer almışam. Amma sonradan gördüm ki, Sovet
cəmiyyətindən qopmaqda olan ölkəmdə alternativ xəbər qaynağına
ehtiyac var. Həmin vaxtlar başladım, müstəqil məqalələr yazmağa,
onu "samizdat" üsulu ilə gizli çap edib, yayırdıq. Nə yazırdım,
səs-küy yaradır, bomba kimi partlayırdı. Şenol imzası ilə yazılar
yazırdım. 22-23 yaşım vardı. O vaxtı Ermənistan qaçqını vardı, Əziz
Qaraca, ilk məqalələrimi Akademiyanın mətbəəsində gizli şəkildə,
broşurlar kimi çap etdirirdi...
– Neçənci il idi?
– 1989-cu il. Anladım ki, mən bu sahədə işləyə bilərəm. Həm ruzi
burdadır, həm də tanınmaq imkanlarım var. Üç-dörd bu cür kitabçadan
sonra gizli Şenol imzam o qədər məşhurlaşmışdı ki, adlarını çəkmək
istəmirəm, hərəkatın kifayət qədər məşhur, nəhəng simaları mənimlə
tanış olmaq istəyirdilər... Allahın vergisi, lütfüdür, deyə
bilərəm. Kiçik elmi işçinin yazıları birdən birə hadisə oldu,
diqqət çəkdi... Bunlar sadə bir şey deyil. Broşürları biri-iki
manatdan satırdıq, puluna isə ruslardan silah, güllə alırdıq.
– O vaxtlar içki içirdinizmi?
– Bəli, içirdim. Mən ixtisasıma görə şərabçı-texnoloqam, bu
sahənin mühəndisiyəm. SSRİ məkanında iki və ya üç yerdə açılan
ixtisaslardan biri idi və o vaxt hüquq fakültəsi qədər çox populyar
idi. Belə fakültələrdən biri də Gəncədəki Texnologiya İnstitutuna
gətirilmişdi. Yəni mən "içənəm" deyənlərin içdiklərinin kimyəvi
tərkibini, formulasını, hazırlanmasını, xassə və zərərlərini bilən
birisiyəm. Praktikant kimi də SSRİ məkanının ən tanınmış şərabçılıq
mərkəzlərində təcrübə keçmişəm. Ən məşhur yerlərdən biri də
Tiraspoldakı konyak zavodu idi. Dörd ay orda təcrübə keçmişəm.
– Bəs nə vaxtdan içməməyə başladınız?
– 2000-ci ildən ibadətə başladım.
– Sizi içkidən uzaqlaşdıran konkret bir səbəb oldumu?
Yoxsa zaman-zaman bu qənaətə gəldiniz?
– Zaman–zaman, tədricən. 1988-ci ildə institutu bitirmişəm.
Təyinat bölgüsü olanda hər kəs zavodları götürdü. Hamı ona görə
şərabçı - texnoloq oxuyurdu ki, sonradan çoxlu pul qazansın. Amma
mən atama dedim ki, spirt sata bilməyəcəm... Mümkün deyil, nə
ayaqlarım, nə də qəlbim zavodlara doğru yerimir... Bakıya, Abşerona
cəmi bir yer vardı, Mehdiabadda üzümçülük institutu, 120 manat da
maaşı vardı, ştatın. Mən təyinatımı ora aldım, halbuki heç kim
oranı istəmirdi, ortalıqda qalmışdı. Hamı Şəmkir, Xanlar, Şamaxı,
Rusiya, Moldova və başqa şəhərlərdəki zavodlara getdi. Mən isə
çamadanımı götürüb, Bakıya, Mehdiabada gəldim və bir neçə ay sonra
hərəkat başladı. 1988-ci ilin 21 noyabrında Azadlıq Meydanındakı
xalq mitinqlərinə qoşuldum, meydan dağılana qədər də oradan
çıxmadım... Hələ də oradayam ...
2000-ci il idi. İçimdə bir şey məni ibadətə səsləyirdi. Görünür,
mən belə qurulmuşam. Dostum Səfər vardı, ona dedim, ibadətə
başlamaq istəyirəm, amma vaxt tapa bilmirəm, necə edim? O dedi,
hələ vaxta çox var, gəncik, yaşlanaq, başlarıq... Bu söhbətdən dörd
gün sonra məni təyyarə qaçırmaq iddiası ilə həbs etdilər... MTN-in
qapalı tipli həbsxanasında ittiham altına alındım. Vəkillərdən
bilirdim ki, haqqımda filmlər çəkir, AzTV-də verirdilər. Ünvanıma
"terrorist", "qatil" ifadələri, "ölüm hökmü çıxarılsın" tələbləri
səsləndirilirdi...Bütün ölkənin gündəmi "təyyarə qaçırdan redaktor"
idi...
Günün birində otağın qapısını açdılar ki, bu məhkum səninlə otaq
yoldaşı olacaq... Məhbus isə dindar adam çıxdı. Adı da Nurəddindir,
dağlı balası... Namazı ondan öyrəndim. Çox təmiz, gözəl, inanclı
qardaşımız idi. Elə o, içəri girdiyi gündən mən namaza
başladım.
45 gün sonra məni Avropa Şurasının Nazirlər Kabineti həbsxanadan
çıxardı. Kamerama iki səfir gəldi, bundan iki gün sonra məni başqa
yerə getməmək iltizamı ilə buraxdılar. Sonra səfirlər Baş prokurora
yazdılar, çünki mən ibadətə getmək istəyirdim, ölkədənsə ancaq
xüsusi icazə ilə çıxa bilərdim... Və 2001-ci ilin fevral ayının
sonunda artıq Məkkədə idim...
– Keçdiyiniz ömür yolu haqqında maraqla, həm də qürurla
danışırsınız... Görəsən, həyatınızda elə şeylər olubmu ki, onların
ört-basdır olmasını, dilə gəlməməsini, görünməsini
istəyirsiniz?
– Vallah, əgər elə şeylər olubsa belə, onları sizə demərəm ki...
Heç şübhəsiz, hər kəsin həyatında sevmədiyi, hər kəsdən gizlətmək
istədiyi məqamlar olur. İnanclı bəndəyə hesab vermir, hesabat
vermir, bütün hallarda Allah dərgahında bağışlanmağı istəmək üçün
ibadət və imkanlar var.
– Məsələn, "yutub"da sizin çıxışlarınız var,
istərdinizmi o çıxışlar silinsin?
– İstəsəydim, sildirərdim, ən azı, buna cəhdlər edərdim. Axı,
onlar mənim həyatımın bir parçasıdır, fraqmentidir, onları
yaşamışam...
– Rauf bəy, maraqlıdır, cənnət və cəhənnəm haqqında
təsəvvürləriniz necədir?
– Bu barədə danışmaq istəmirəm, çünki mütəxəssis deyiləm. Lakin
axirətə inanıram.
– Övladlarınız nə işlə məşğuldur?
– Biri Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, o
birisi jurnalistikanı oxuyub, praktika keçib, hazırda magistr üzrə
təhsil alır. Oğlum isə hələ ki, şagirddir.
– Uşaqlardan yolunuzu davam elətdirən
varmı?
– Ortancıl qızım jurnalistdir.
– Rauf Arifoğlunun getdiyi yol asan deyil. Bu gücü
qızınızda görürsünüzmü?
– Əlbəttə! Hətta o, məndən bir az da güclüdür. Amma indilik çox
çəkingəndir. Mən də eləydim. İllərlə Şenol imzasının arxasında
gizləndim. Rauf kimi üzə çıxmadım. Mənim üzümə Şenolu tanıdığını,
onun Elmlər Akademiyasında işlədiyini söyləyən, istəsəm, məni
görüşdürəcəyimi söyləyən şair də vardı... Qızım da imzasının
ortalığa çıxması üçün xüsusi səy göstərmir. Öz üzərində işləyir,
yazır, yaradır, oxuyur. Mən isə bu sahə üzrə mütəxəssisəm, yaxşı
bilirəm kimin qabında nəyi var. Qızım çalışsa, cəhd göstərsə, türk
dünyası üçün tanınan bir yazar ola bilər.
– Maraqlıdır, qohum-əqrəba, dost-tanış sizi ora-bura
zəng elətdirib xahişlərini etdirirlərmi, işlərini
aşırırlarmı?
– Əlbəttə...
– Belə şeylərdən bezmirsiniz ki?
– Yox! Çünki onları da anlayıram, neyləsinlər?! Mən heç
tanımadığım insanlara belə kömək edirəm, onlar üçün kampaniyalar,
marafonlar təşkil edirəm, bir yazı ilə həyatlarını dəyişirəm,
dərdlərini yüngülləşdirirəm. Nəyə gücüm, imkanım çatır, rica
edirəm, xahiş edirəm. Bu dəqiqə isə çoxunun problemi işlə bağlıdır.
Qohum-əqrəbanın çoxu işsizdir, iş isə tapmaq olmur.
– Rauf bəy, tez-tez haqqınızda tənqidi fikirlər
söyləyirlər ki, guya siz hansısa xəbəri saytınıza yerləşdirirsiz və
pul qarşılığında o xəbəri çıxarırsız.
– Vallah, mənim haqqımda deyilən ən yumşaq ifadədir bu.
Bədxahlarım daha nələr demir ki? Böyük bir qara "piar"ın
hədəfindəyəm. Artıq bunlara alışdım. Amma o qərəzli sferanı təhlil
edəndə məlum olur ki, hansısa siyasi dairəyə bağlıdır. Sadə
insanlar, oxucular o cür düşünmürlər. Bayaq açıq şəkildə dedim ki,
bizim maddi gəlirimiz reklamlardan, satışdan və prezidentin hər ay
ayırdığı (KİV DF) vəsaitdən götürülür. Bu cür stabil gəliri olan
saytın, qəzetin belə işlərlə pul qazanması ehtiyacı gərək
olmasın.
– Hər halda saytınızdan yazılar çıxarıldığı
olub...
– Bəli, bir xeyli olub, bəzən güzəştlərə getmişik ...
– Söhbət necə güzəştlərdən gedir?
Məsələn...
– Bir yazının çıxarılmasını hansısa həmkarım xahiş edir, başqa
bir həmkarım başqa bir yazını xahiş edir, Əflatun Amaşov bir
başqasını... Bəzən isə mən özüm çıxardıram. Çünki saytımıza və
özümüzə yaraşdırmıram, bəzən məhkəmə perspektivi olur, o zaman geri
çəkirik, hansısa yazını. Mən xəbər axınında kənar saytlardan alınan
materiallara bəzən kontrol edə bilmirəm. Lakin saytda görəndə,
şübhəsiz ki, baxıb, müdaxilə edirəm.
Məsələn, bu yaxınlarda ATV rəhbərləri haqda məşhur bir yazarın
məqaləsi dərc olunmuşdu. Yazı mənim poçtuma gəlsə də, baxmadan
sayta göndərmişdim, onlar da məndən gəldiyi üçün mütləq çap
olunmalı qənaətinə gələrək, sayta yerləşdirmişdilər. Əməkdaşlardan
biri mənə yazdı ki, filan yazını oxumusuz, heç bizə uyğun deyil.
Baxdım, dərhal da çıxartdım... ATV rəhbərliyi sonra Əflatun Amaşova
sorub ki, bunu Mətbuat Şurasımı çıxartdırdı...
Bilirsiz, para qarşılığında saytdan yazı çıxaran olsaydım,
vaxtilə siyasi məsələlərlə bağlı mənə yüksək məbləğlər təklif
olunub, onları dəyərləndirərdim. Mən böyük pul təkliflərini rədd
etmiş adamam.
– Niyə rədd etmisiniz ki?
– Ona görə ki, o təklifləri qəbul etmək məni öz gözümdə
alçaldardı. Axı biz böyük bir missiya, iş aparırdıq.
– İndi necə, yenə böyük pul təkliflərini rədd
edərdinizmi?
– İndi də elə! Mən nə etmişəmsə özüm etmişəm. Gündə 17-18 saat
işləyirəm, müxbirlərlə, redaktorlarla, hətta foto-reportyorlarla
bərabər qəzet və saytlarımız üçün çalışıram. Başqa yerdən rahat
pulu gələn birisi özünə bu qəsdi edərmi?
Müxalifət düşərgəsindən ayrılma qərarı da maddi gözləntilərimlə
bağlı olmayıb; sadə, siyasi hesablamalarım mənə diqtə etdi ki,
iflas olan düşərgədən ayrılım, bunların gələcəyi yoxdur, olmayacaq.
Təcrübə, bilgi məhz lazım olan anda bu cür kritik qərarları vermək
üçündür. Azərbaycan müxalifəti bu gün siyasətin mühüm elementi
deyil; heç epizodik rolu da yoxdur və mən bunun baş verəcəyini
altı-yeddi il əvvəldən görürdüm.
Buna görə də media sektoruna keçdim, əlimdəki quruluşları
yenidən inventarlaşdırdım, yeni konsepsiya ilə fəaliyyət sxemi,
paralel olaraq, yeni redaksiya yaratdım. Müxalifətə bağlı olan
kollektivi, onların özləri də hiss etmədən neytral bir müstəviyə
transfer etdirdim, bəzi "zərərli" vərdişləri islah etdim... Çox
çətin oldu, indi də çətindir. Çünki Azərbaycan iqtidarı da,
müxalifəti də media azadlığına hazır deyil. Hər iki düşərgədə də
məni özünə düşmən bəlləmiş ciddi simalar var. Amma mən aralarında
uçurum olan bu düşərgənin bu tərəfindən o tərəfinə bir ip atdım və
tarazlığı qoruyan çubuğu – media quruluşlarımı ələ alıb, kəndirbaz
kimi o ipin üzərinə çıxdım. Ortadayam, uçuruma dönmüş aralıq
sahənin düz üstündəyəm, iqtidardan da, müxalifətdən də
silkələyirlər ki, mən o ipin üstündən düşüm...
– İddia edirsiniz ki, ipin üstündə
azadsınız?
– Söhbət azadlıqdan yox, missiyadan gedir. Mən məhz o ipin
üstündə olmalıyam. Orta sahədə. Günah məndə deyil ki, aşağı
uçurumdur. Məni o ipin üstündən endirib, uçuruma yuvarlatsalar, bu
deməkdir ki, Azərbaycan mediası öldü! Missiya uğursuz oldu...
İndi ən çətin dövrdür. Müxalifət də, iqtidar da azadlıqlara,
fərqliliklərə münasibətdə çox aqressivdir. Daha çox da müxalifət -
sadəcə, imkanları azdı, içindən gələn pisliyi tətbiq edəcək gücü
yoxdu. Belə bir mühitdə demokratiya institutu saxlamaq, davam
etdirmək kəndirbazın uçurum üzərində irəli-geri getməsi kimi bir
şeydir.
– Yaxşı bilirsiniz ki, cəmiyyətdə yazılan və yazılmayan
qanunlar var. Siz hansına daha çox riayət etməyə
məcbursunuz?
– Çox mücərrəd sualdır. Taftaloji bir şeydir. Yazılan qanunların
əksəriyyəti elə yazılmayan qanunlardan doğub, onların sözlü
ifadəsidir . Yazılmayan qanunlar isə mentalitetdən tutmuş,
maraqlara qədər, hər şeyi özündə ehtiva edir.
– Konkret peşənizlə bağlı yazılan və yazılmayan
qanunlardan söhbət gedir.
– Peşə fəaliyyətimdə hər ikisinə riayət etməyə çalışıram,
yazılan qanunlara da, yazılmayan qanunlara da.
– Məsələn, Amaşovun zəng edib saytdan yazı çıxartdırmağı
peşə əxlaqına zidd deyilmi?
– Bayaq Amaşovu misalçün dedim, o, mənə zəng edib yazı
çıxartdırmayıb. Amaşov mətbuatın böyüyüdür, ərkim çatır deyə dedim.
Kimlərinsə zəngi ilə xəbər çıxartdırmaq isə peşə qaydalarına zidd
məsələ deyil. Çünki hər kəsin bir arqumenti, haqlı olduğu məqam
var.
Məsələn, bir də görürsən, sorğu keçirilir, orda bir qadın
iştirak edir və o video sayta qoyulur. Ya da restoranlarda, bəzi
məkanlarda gizli çəkiliş aparılır, orada da yenə hansısa xanım bu
çəkilişə düşür. Onlar bura gəlib bəzən tələb edir, bəzən də göz
yaşları tökür ki, mən özümü orda görmək istəmirəm, çevrəm pis
baxır... Biz də o materialları ya montaj edirik, ya da çıxarırıq.
Bir reportaj hansısa ananın (hətta fərqli yolda olsa da) göz
yaşından, yalvarış və nalələrindən önəmli ola bilməz!