Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının
sədri, millət vəkili Qüdrət Həsənquliyevin Yeni Müsavat-ın
"Bizim qonaq" rubrikası çərçivəsində verdiyi müsahibənin birinci
hissəsini təqdim edir.
- Qüdrət bəy, ölkə üçün ciddi bir mərhələdə sizi dəvət
eləmişik və biz inanırıq ki, siz çox məlumatlı bir siyasətçi kimi
bizim oxucularımıza faydalı, aydınlatıcı müsahibə verəcəksiniz.
Hazırda ölkə gündəmində əsas məsələ referendumdur. Referendumun
mahiyyətində nə dayanır, referendum zərurəti nədən doğdu, niyə məhz
indi? Referendum sonrası dəyişimlər və seçkilər
olacaqmı?
- Əlbəttə, qiymətləndirmələr çox müxtəlifdir. Referendum təyin
olunandan dərhal sonra mən öz mülahizələrimi ictimaiyyətlə
bölüşmüşdüm. Hətta iqtidardan da bu referendumla bağlı hələ
açıqlama verilməmişdi, mən fikirlərimi cəmiyyətə çatdırdım.
Ölkədəki və regiondakı ictimai-siyasi vəziyyəti təhlil eləyərək
özüm üçün belə qənaətə gəldim ki, hazırda bu referendumu
şərtləndirən iki əsas faktor var. Bunlardan birincisi ondan
ibarətdir ki, Azərbaycan hazırda çox qanlı proseslərin baş verdiyi
və baş vermə ehtimalının güclü olduğu bir regionda yerləşir.
Ona görə də ölkədə davamlı sabitliyi qoruyub saxlamaq üçün
hakimiyyətin daha da mərkəzləşməsinə, prezidentlik institutunun
daha da gücləndirilməsinə ehtiyac olduğu qənaətinə gəlib iqtidar.
İkinci mühüm məsələ isə ondan ibarətdir ki, prezident də dəfələrlə
bəyan edib ki, Azərbaycan növbəti 25 il mənasız danışıqlarda
iştirak eləməyəcək, Qarabağ məsələsi ilə bağlı konkret nəticələr
olmalıdır.
Ya Ermənistan güzəştə getməlidir, ya da Azərbaycan ordusu öz
torpaqlarını azad eləməlidir. Müharibə vəziyyətində isə yenə də
Azərbaycanda güclü prezidentlik institutuna ehtiyac yaranır. Bu iki
faktor referenduma gedilməsini şərtləndirdi...
- Axı hakimiyyət onsuz da çox güclü
görünür...
- Hakimiyyət bu addımı atırsa, deməli, hiss eləyib ki,
indikindən də güclü olmağa ehtiyac var. Ölkədə davamlı sabitliyi
təmin etmədən heç bir ciddi islahatlardan da söhbət gedə bilməz.
Çünki hər hansı bir radikal islahat dərhal hakimiyyətin zəifliyi
kimi qəbul olunacaq və hakimiyyətdən daha yeni-yeni addımların
atılması tələb olunacaq.
Bu da sonda ölkədə xaosa, qarşıdurmalara gətirib çıxaracaq.
Azərbaycan yaxın keçmişində bunu yaşayıb. Ona görə də, görünür,
hakimiyyət bu qərara gəlib ki, həm islahatları dərinləşdirmək,
Azərbaycanı regionda baş verən qanlı hadisələrdən qorumaq, həm də
Dağlıq Qarabağ məsələsində radikal addımlar atmaq üçün prezidentlik
institutunu gücləndirməyə ehtiyac var.
- Sabitliyə təhlükə və təhdidmi var? Azərbaycanı
qarışdırmaq istəyən güclər varmı ki, buna ehtiyac
yaranır?
- Əlbəttə var. 2013-cü il prezident seçkilərində biz gördük ki,
ölkəni qarışdırmaq istəyənlər var. Seçkidən öncə Rüstəm
İbrahimbəyov Azərbaycana göndərildi və burada bir Ziyalılar
Hərəkatı formalaşdırıldı və ardınca bütün siyasi qüvvələr Rüstəm
İbrahimbəyovun ətrafında səfərbər edildi, Milli Şura yaradıldı.
Amma o variant Azərbaycanda keçərli olmadı...
- Niyə olmadı?
- Əvvəla, hakimiyyətin özü çox qətiyyətli mövqe sərgilədi.
İkincisi, elə siz və mən özüm də başda olmaqla, bir çox
siyasətçilər, ictimai xadimlər Azərbaycanı gözləyəcək təhlükələr
barədə ictimaiyyəti məlumatlandırdıq...
- Yəni yad model olduğu üçün tutmadı?
- Bəli.
- Amma ölkə adı çəkmirsiz, kimin modeli
idi?
- Hər kəsə bəllidir ki, bu, Rusiyanın layihəsi idi. Baxmayaraq
ki, məsələn, mən hər zaman söyləmişəm ki, Dağlıq Qarabağ
probleminin həlli üçün Rusiya ilə yaxından əməkdaşlıq eləməliyik,
Rusiyanın Azərbaycanda mövcud maraqlarını da təmin edə bilərik,
amma o maraqlar ki, Azərbaycanın suverenliyini təhdid etməsin. Hər
zaman söyləmişəm ki, sərhədlərin birgə qorunması istisna olmaq
şərtilə, biz Rusiyanın vaxtilə Qəbələdə olduğu kimi, bir hərbi
bazasının da Azərbaycanda yaradılmasına razı ola bilərik...
- Çox riskli deyilmi?
- Qəbələdə var idi, nə dərəcədə risk təşkil edirdi? Tutaq ki,
biz neft-qaz layihələri istiqamətində Rusiya ilə razılaşdırılmış
siyasət yürüdə bilərik. Rusiyanın marağını təmin etmək üçün
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü ola bilərik.
1994-1999-cu illərdə üzv olmuşuq. Avrasiya İttifaqına üzv ola
bilərik. Mən bütün bunların hamısını Dağlıq Qarabağ üzərində
suverenliyin bərpa olunacağı və Qarabağ münaqişəsinin qansız həlli
naminə Azərbaycanın gedə biləcəyi addımlar sayıram.
Bu, mənim şəxsi mövqeyimdir. İqtidar bu məsələlərlə bağlı
hələlik konkret bir fikir söyləmir. Yalnız bir dəfə Elmar
Məmmədyarov söyləmişdi ki, əgər Dağlıq Qarabağ məsələsində Rusiya
tərəfindən hansısa real addımlar atılsa, Azərbaycan Avrasiya
İttifaqına üzvlük məsələsini müzakirə edə bilər. Biz hamımız
bilirik ki, Qarabağ münaqişəsinin arxasında Rusiya dayanır.
Azərbaycanın Ermənistanla apardığı danışıqların heç bir mənası
yoxdur. Rusiyanın icazəsi olmadan Ermənistan Azərbaycanla heç bir
razılığa gələ bilməz. Ermənistanda heç bir hakimiyyət bunu edə
bilməz. Vaxtilə Karen Dəmirçyanın parlamentdə publik, tv-lərdə
canlı yayım getdiyi halda güllələnməsi səhnəsi hər kəsin
yadındadır. Rusiya ilə razılaşmadan Azərbaycanla razılaşmaya getmək
istəyən istənilən ermənini Dəmirçyanın, ən yaxşı halda isə Levon
Ter-Petrosyanın taleyi gözləyəcək. Ona görə də danışıqları Rusiya
ilə aparmaq lazımdır...
- Rusiya ilə bu cür, məxfi xarakterli danışıqlar
gedirmi?
- Mən məlumatsızam. Amma düşünürəm yəqin hansısa danışıqlar var.
Hər zaman da hökumətdən istədiyim və tələbim budur ki, Azərbaycan
ictimaiyyəti də bu danışıqlar barədə məlumatlandırılmalıdır. Hamı
bilir ki, Rusiya ortadan çəkiləcəyi təqdirdə Azərbaycana qısa bir
zaman lazımdır ki, Qarabağ münaqişəsini beynəlxalq hüquq əsasında
həll eləsin. Əgər Ermənistan dəqiq bilsə ki, Rusiya onu müdafiə
eləməyəcək, inanın ki, heç Azərbaycan ordusunun da genişmiqyaslı
hərəkətə gətirilməsinə ehtiyac qalmayacaq, problem həllini tapacaq.
Bunun üçün də Rusiya ilə danışıb anlaşmaq lazımdır. 11 ildən
artıqdır mən NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə
heyətinin üzvüyəm. Çox müxtəlif ölkələrdən müxtəlif
parlamentarilərlə Qarabağ münaqişəsi ilə bağlı söhbətlərimiz olub.
Bir dəfə qardaş ölkənin müdafiə naziri qoluma girib söylədi ki,
Qarabağ problemini çözmək istəyirsinizsə, nə bizdən, nə də NATO-dan
yardım gözləməyin, gedin Rusiya ilə danışın, anlaşın. Bu reallığı o
da görürdü.
- Rusiya ilə anlaşma şansı varmı?
- Bəli, var. Türkiyə ilə Azərbaycan kimi eyni xalqın dövlətləri
olan dövlətlər istisna olmaqla, digər dövlətlər öz maraqları naminə
uzun illər müttəfiqlik etdiyi dövlətlərin maraqları əleyhinə gedə
bilirlər. Rus ayrı millətdir, erməni ayrı millətdir və Rusiyanın
özünün maraqları var. Rusiyanın maraqları onu tələb edir ki, Cənubi
Qafqazın ən güclü dövləti olan Azərbaycanla yaxın olsun. Azərbaycan
Rusiya ilə hansısa formada razılığa gələ bilər. Rusiya razılığa
gəlmirsə də bu barədə xalq məlumatlandırılmalıdır və Azərbaycan
hərbi yolla torpaqlarını azad eləməlidir, nə qədər qan-qada ilə
başa gəlsə belə, bunu etməlidir.
- Qarabağ mövzusunu bir daha müzakirəyə çıxaracağıq.
Qayıdaq referendum mövzusuna. Siz Rusiyanın projesi olmuş Milli
Şura layihəsindən danışdınız və dediniz ki, Azərbaycan o mərhələni
adlatdı... Amma Milli Şura hələ də siyasi səhnədədir və referenduma
qarşı mitinqi də o keçirdi. Bunun anlamı nədir? Keçirilən mitinq
demokratiyanın bir elementidir, yoxsa Azərbaycanı referendum
sonrası gözləyəcək proseslərin anonsudur?
- Sonuncu suala cavab olaraq deyim ki, bu, asılı olacaq
iqtidarın baş verənlərə necə yanaşmasından. İndiki mərhələdə isə bu
mitinq əslində iqtidarın maraqlarına tam uyğundur. Azərbaycana
qarşı demokratiya, insan haqları, sərbəst toplaşma azadlığı ilə
bağlı böyük hücumlar var. Bu mitinqə razılıq verilməsi, mitinqin
dinc keçməsi, heç bir qarşıdurmanın olmaması onu nümayiş etdirir
ki, Azərbaycanda hətta ölkənin birinci şəxsini hədəfə alan etiraz
aksiyaları keçirilir, buna şərait yaradılır. Beləliklə, Milli Şura
əslində 11 sentyabrda hakimiyyətin əlinə oynadı. Çünki bu aksiya
iqtidara çox lazım idi...
- Mitinqdən sonra onlar tərəfdə eyforik durum
var...
- Ola bilər. Ona görə ki, o düşərgənin lideri Əli Kərimlinin
qiymətləndirmələri həmişə yanlış olub. Mən bir epizodu
xatırlayıram. Bir dəfə rəhmətlik Əbülfəz Elçibəy, mən və Əli
Kərimli Kələkidə Xumar xalagilin evində söhbət edirdik. Əli Kərimli
ilə rəhmətlik Əbülfəz bəyin söhbəti alınmadı. Bu zaman Əbülfəz bəy
əsəbiləşdi və siqaret yandırmaq istədi. Əbülfəz bəyin əlləri
əsəbdən əsməyə başladı. Gördü ki, Əli onun əsən əllərinə baxır,
siqareti yandırmadı, qaytardı qutusuna qoydu, ayağa qalxdı və dedi
ki, Əli sən artıq mənim üçün dözülməz olmusan. Bunu deyib çıxdı
balkona.
Mən Əliyə dedim ki, sən Bəylə bu cür danışmaqda düz eləmirsən.
Əli mənə cavab qaytarmadı; çıxdım Əbülfəz bəyin yanına. Dedim, Bəy,
Əli gəncdir, çox da ciddi fikir verməyin. Əbülfəz bəy dedi ki, sən
Əli ilə yaxınsan, tələbə yoldaşı olmusan, elə bilmə ki, indi Əli
barədə deyəcəyimi onunla sözümüz düz gəlmədiyi üçün deyirəm.
Əbülfəz bəy dedi ki, insan var anadangəlmə istedadlıdır, insan var
oxuyub zəhmətə qatlaşıb savadlıdır, zəhmətkeşdir, amma bir
keyfiyyət var ki, insana yaşla gəlir: o da müdriklikdir. Qorxuram
bu Əlinin 70 yaşı olsa da, heç vaxt müdrik olmayacaq, uşaq olaraq
qalacaq...
- Əsəbi vəziyyətdə deyib, hər halda.
- Amma zaman Əbülfəz bəyin haqlı olduğunu sübut elədi. İndi də
hesab edirəm ki, onlar mitinqdən sonra yanlış olaraq eyforiyaya
qatılıblar...
- Bəlkə heç özləri də mitinqə bir o qədər adam
gələcəyini gözləmirmişlər. Hər halda, 6-7 min adam var idi. Bəlkə
də az gözləyirmişlər...
- Əli Kərimlidən zaman-zaman bu iqtidar özü üçün məharətlə
istifadə edib. Bu mitinq də iqtidara lazım olan bir mitinq idi. Əli
Kərimlidən zaman-zaman Qərb də yararlanıb və yəqin ki,
yararlanmaqda davam edəcək. Biz Əli Kərimlinin İrana, Rusiyaya
göndərdiyi və indi onun qızğın təbliğatçısı kimi çıxış eləyən
adamları da yaxşı tanıyırıq. Dünən Zərdüşt Əlizadənin bir
açıqlamasını oxudum. Zərdüşt Əlizadə deyir ki, həmin o düşərgə
hakimiyyət üçün şeytanla da əməkdaşlıq etməyə hazırdır. Hesab
edirəm ki, 11 sentyabr mitinqində kütləviliyi təmin eləyən əsasən
inanclı insanlar idi. Daha çox Nardarandan gələnlər, Tale
Bağırzadəyə yaxın adamlar idi. Bu, açıq-aydın görünürdü. Əli
Kərimli mitinqdə təsadüfən deməyib ki, indiki iqtidar hicabı
qadağan edib, biz hakimiyyətə gəlib hicaba azadlıq verəcəyik. Yəni
Əli Kərimli də auditoriyanın əsasən hansı auditoriya olmasının
fərqində olub. Amma bu, o demək deyil ki, ora toplaşanların hamısı
dindarlar idi. Mitinqdə iş yeri bağlanan, sosial problemi olan
insanlar da var idi. Hər halda, mən düşünürəm ki, mitinqə icazə
verilməsi çox düzgün qərar idi. Azərbaycanda konstitusiya var və
hər kəsin sərbəst toplaşmaq azadlığı mövcuddur. Düşünürəm ki,
proseslərin sonrakı gedişi asılı olacaq iqtidarın nə dərəcədə
müdrik davranışından. Hakimiyyət baş verənləri təhlil etməli və
xalqa nələr baş verdiyini çatdırmalıdır...
- Edə bilirlərmi? Hakimiyyət referendum təşviqatını,
təqdimatını yetərli apara bilirmi, iddialara, suallara cavab verə
bilirmi?
- İqtidarın tərkibində çox müxtəlif insanlar referendumun
əsaslandırılması ilə bağlı öz mülahizələrini ictimaiyyətlə
bölüşürlər. Bunların içərisində uğurlu olanı da, uğursuzları da
var. Mən hakim Yeni Azərbaycan Partiyasının rəsmi açıqlamasının
şahidi olmamışam.
- Əli Kərimli və o çevrə iddia edir ki, hakimiyyətdən və
referendumdan narazıların sayı təxminən 90 faizdir. Bu baxımdan, 11
sentyabrda keçirilən mitinqdə say sizə nə dedi?
- O sorğu harada keçirilib ki, bu nəticəyə gəliblər?
Azərbaycanın bütün rayonlarından o mitinqə tərəfdarlar səfərbər
olunmuşdu. Şəxsən tanıdığım adamlar var idi. Hələ bunları qoyuram
kənara. 3 milyonluq bir şəhərdə hətta onların dediyi sayda -10 min
adam iştirak edibsə belə, bu kiçik rəqəmdir...
- Niyə bu qədərdir?
- Bizim insanlarımız çox şeyə önəm verir. Birincisi, mitinqi
kimin çağırmasının böyük önəmi var. Nəinki Azərbaycan xalqı, heç
xarici missiyalar da Əli Kərimliyə inanmırlar. Onlar bilirlər ki,
bu adam zaman-zaman ən müxtəlif cinahların oyunlarında yer alıb, ən
etibarlı adamını İrana xüsusi missiya ilə göndərib...
- Siz bu İran iddiasında ciddisinizmi?
- Məgər sizin məlumatınız yoxdur, Namiq Abbasovun milli
təhlükəsizlik naziri işlədiyi vaxt baş verən hadisədən? Mən həmin
şəxsin adını çəkmək istəmirəm. Amma səfərindən öncə həmin adamla
mən şəxsən söhbət eləmişdim. Demişdim ki, yəqin sən İrana xüsusi
missiya ilə gedirsən, çünki ola bilməz ki, İrana qarşı yazılar
yazan adam birdən-birə durub desin gedirəm İrana gəzməyə. Mən ondan
heç bir ciddi arqument eşitmədim. Dedim siz oraya gedirsiniz ki,
dərhal İran xüsusi xidmət orqanlarının diqqətinə düşəsiniz və orada
onlarla əməkdaşlıq qurasınız. Cavab verə bilmədi. Sonra da həmin
adam Rusiyaya səfər etdi və Rusiya müdafiə sənayesi kompleksinin
bir generalı ilə görüşdü və üstü açıldı... Bunları Qərbdə də çox
gözəl bilirlər. Qərbdə də bilirlər ki, Zərdüşt Əlizadənin sözü
olmasın, bunlar hakimiyyət naminə şeytanla da əməkdaşlığa
hazırdırlar...