WUF13-ün dördüncü günü “Bakı Şəhərsalma Mükafatı” təsis olunub, SPECA Şəhərlər Forumu və digər yüksəksəviyyəli tədbirlər keçirilib.
Axar.az xəbər verir ki, mayın 20-də Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində şəhərsalma, iqlimədavamlı urbanizasiya və dayanıqlı inkişaf mövzularına həsr olunan müzakirələr davam edib.
WUF13 tədbirinin dördüncü günü çərçivəsində çoxsaylı dialoqlar, xüsusi sessiyalar və qrup iclasları təşkil olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və “Clean Air Fund” (CAF) təşkilatının tərəfdaşlığı ilə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda yüksəksəviyyəli forum təşkil olunub.
Forumun açılışında Leyla Əliyevanın tədbir iştirakçılarına ünvanladığı müraciət səsləndirilib. Leyla Əliyeva müraciətində qeyd edib ki, hava keyfiyyəti şəhər sakinlərinin sağlamlığı, rifahı və gələcək nəsillər üçün təhlükəsiz yaşayış mühitinin təmin olunması baxımdan mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, təmiz hava məsələsi müasir şəhərsalma gündəliyinin prioritetlərindən birinə çevrilməlidir. Həmçinin IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən fəaliyyətlər, “Bizim Həyət” layihəsi çərçivəsində həyət sahələrinin abadlaşdırılması, eləcə də ağacəkmə, maarifləndirmə və dayanıqlı nəqliyyatın təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib. Hava çirklənməsinin azaldılması, daha yaşıl, dayanıqlı və insanyönümlü şəhərlərin qurulması üçün beynəlxalq səylərin vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin yekununda “Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı” adlı kommünike qəbul olunub. Kommünikedə təmiz havanın müasir şəhərsalmanın əsas prinsiplərindən biri kimi tanınması, gələcək Ümumdünya Şəhərsalma Forumlarının gündəliyinə daimi mövzu olaraq daxil edilməsi, eləcə də şəhər planlaşdırılması, nəqliyyat, mənzil siyasəti, yaşıl infrastruktur və ictimai sağlamlıq sahələrində daha sıx əməkdaşlığın təşviq edilməsinə çağırışlar öz əksini tapıb.
Qeyd edək ki, yüksəksəviyyəli forum çərçivəsində, həmçinin “Clean Air Fund”, UNEP və digər tərəfdaşların müxtəlif vizual materialları, eləcə də “Children’s Eyes on Earth” beynəlxalq fotoqrafiya layihəsinin iştirakçılarının işlərindən ibarət sərgi təqdim olunub.
WUF13 çərçivəsində Bakı şəhərində SPECA regionu üzrə şəhərlər arasında əməkdaşlığa həsr olunan ilk xüsusi platforma - SPECA Şəhərlər Forumunun rəsmi açılışı baş tutub. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib ki, Forumun 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində təsis olunması dayanıqlı şəhər inkişafı sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım olub. Onun sözlərinə görə, bu gün şəhərlər sürətli urbanizasiya, əlçatan mənzil təminatı, iqlim dayanıqlılığı, enerji səmərəliliyi və rəqəmsal transformasiya kimi əsas qlobal çağırışların həllində ön sıradadır.
Forum çərçivəsində SPECA İqlimə Dayanıqlı Şəhərlər Forumunun yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb. Almatı, Arkadağ, Bişkek, Düşənbə, Gəncə və Səmərqənd şəhərlərinin təşəbbüsü ilə yaradılan SPECA Şəhərlər Forumunun region şəhərləri arasında təcrübə mübadiləsi, praktik həllərin təşviqi və uzunmüddətli tərəfdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayacağı qeyd olunub.
WUF13 çərçivəsində Azərbaycan Respublikası Hökumətinin təşəbbüsü və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə əməkdaşlıq əsasında təsis olunan yeni beynəlxalq mükafat – “Bakı Şəhərsalma Mükafatı”nın (Baku Urban Award) rəsmi təqdimatı keçirilib. Mükafat dayanıqlı şəhər inkişafı və əlçatan mənzil sahəsində qabaqcıl şəhərsalma həllərinin təşviqi və beynəlxalq səviyyədə genişləndirilməsini hədəfləyir.
“Bakı Şəhərsalma Mükafatı” WUF13-ün əsas qalıcı irslərindən biri olmaqla, qlobal şəhər gündəliyinin uzunmüddətli təşviqinə xidmət edən beynəlxalq mexanizm kimi fəaliyyət göstərəcək.
Təqdimat zamanı qeyd olunub ki, mükafat Azərbaycanın qlobal şəhərsalma və iqlim gündəliyində fəal iştirakının növbəti nümunəsidir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərə COP29-a ev sahibliyi, “Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları (MAP)” və “Bakı Davamlılıq Koalisiyası” təşəbbüslərinin irəli sürülməsi, UN-Habitat-ın “Hər kəs üçün münasib mənzil” üzrə Açıq Hökumətlərarası İşçi Qrupuna həmsədrlik, eləcə də WUF13-ə Bakının ev sahibliyi etməsi daxildir.
Azərbaycanın UN-Habitat ilə əməkdaşlığı 2022-ci ildə Azərbaycan Milli Şəhərsalma Forumunun təsis edilməsindən etibarən ardıcıl şəkildə inkişaf edir. Bu əməkdaşlıq çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında keçirilən üç Milli Şəhərsalma Forumu, eləcə də 2023-cü ildə Bakıda Ümumdünya Məskunlaşma Gününə həsr olunan tədbirlər daxil olmaqla, şəhərsalma və dayanıqlı inkişaf sahəsində birgə layihələr həyata keçirilir.
Sözügedən mükafata həsr olunan “Bakı Şəhərsalma Mükafatı: Mənzil həllərini qlobal təsir üçün genişləndirmə” mövzusunda keçirilən tədbirdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev iştirak ediblər. Sessiyada mükafatın şəhərsalma və mənzil həlləri sahəsində qabaqcıl təcrübələrin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və innovativ urbanizasiya yanaşmalarının qlobal səviyyədə paylaşılması baxımından əhəmiyyəti vurğulanıb.
WUF13-ün tədbirlər çərçivəsində “Dünyada mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası” mövzusunda sessiya keçirilib. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax çıxış ediblər. Sessiya çərçivəsində qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası, əlçatan mənzil siyasəti, sosial müdafiə mexanizmləri və şəhər inkişafında inklüziv yanaşmalar məsələləri müzakirə olunub. Çıxışlarda sosial təminat sistemlərinin genişləndirilməsi, məlumat və statistikanın əhəmiyyəti, eləcə də qeyri-rəsmi yaşayış sahələrinin dayanıqlı və inteqrasiya olunmuş şəhər mühitinə çevrilməsi istiqamətində beynəlxalq əməkdaşlığın rolu vurğulanıb.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası zamanı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Keniya Respublikasının Torpaq, İctimai İşlər, Mənzil və Şəhərsalma Nazirliyi arasında şəhərsalma və dayanıqlı inkişaf sahəsində Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev və Keniya Respublikasının torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Elis Vahome imzalayıblar. Memorandum inteqrasiya olunmuş şəhər və ərazi planlaşdırılması, dayanıqlı urbanizasiya, “ağıllı şəhər” həlləri, mənzil siyasəti və müasir şəhər inkişafı sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Tərəflər sənədin dayanıqlı şəhər inkişafı üzrə təcrübə mübadiləsi, birgə təşəbbüslərin həyata keçirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Bakının ev sahibliyi etdiyi WUF13 çərçivəsində “İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?” mövzusunda sessiya keçirilib. Tədbirdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə çıxış edərək şəhər və yaşayış məkanlarının inkişafında iqlim risklərinin nəzərə alınmasının vacibliyini vurğulayıb. Sessiyada iqlimədavamlı mənzil siyasəti, erkən xəbərdarlıq sistemləri, yaşıl şəhər həlləri, enerji səmərəliliyi və həssas əhali qruplarının təhlükəsizliyinin təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Forumda “Həyat boyu mənzil: bütün yaşlı şəxslər üçün münasib mənzil təminatı” mövzusunda “Yaşlı şəxslərin hüquqları” adlı dəyirmi masa təşkil olunub. Tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, şəhərsalma və digər aidiyyəti sahələr üzrə ekspertlər və beynəlxalq təşkilat nümayəndələri iştirak ediblər. Sessiyada əhalinin yaşlanmasının şəhərlər üçün yaratdığı çağırışlar, əlçatan mənzil təminatı, inklüziv şəhərsalma, maneəsiz mühitin formalaşdırılması və yaşlı şəxslərin sosial həyata fəal inteqrasiyası məsələləri müzakirə olunub.
Azərbaycan pavilyonunda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Plastik çirklənmə ilə mübarizə: Yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Yeni Plastik Müqaviləsi üzrə Hökumətlərarası Danışıqlar Komitəsinin sədri Xulio Kordano (videomüraciət), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Milli Məclisin deputatı, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şəhər Əsas Xidmətləri Şöbəsinin rəhbəri Andre Dzikus çıxış edib.
Tədbirdə COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu və Milli Məclisin deputatı Nigar Arpadarai çıxış edərək plastik tullantıların ekosistemlərə, biomüxtəlifliyə və insan sağlamlığına təsirləri, eləcə də şəhərlərdə dayanıqlı tullantı idarəetmə sistemlərinin əhəmiyyəti barədə danışıb. Tədbirdə dairəvi iqtisadiyyat yanaşmaları, regional əməkdaşlıq, “yaşıl” şəhər həlləri, ekoloji maarifləndirmə və gənclərin iqlim fəaliyyətində rolu ətrafında fikir mübadiləsi aparılıb.
WUF13 çərçivəsində həmçinin WUF Akademiyası, Şəhərlərin səsi, DİM-lərin tətbiqi, Şəhər kinoteatrı, Şəhər kitabxanası, BMT-nin Məskunlaşma Proqramının arenası, Təcrübə mərkəzi, Biznes və innovasiyalar mərkəzi nəzdində müxtəlif tədbirlər təşkil olunub.