Axar.az "Yeni Müsavat" qəzetinin redaktoru Azər Ayxanın
Teleqraf.com-a müsahibəni təqdim edir:
- Azər bəy, ixtisasca jurnalistsiniz?
- Pedaqoji Universitetin ibtidai təhsil pedaqogikasını
bitirmişəm.
- Hər bir jurnalist kimi yəqin sizin də kameradan,
diktofondan çəkindiyiniz vaxtlar olub. Belə bir dövr sizdə nə vaxt
başladı, nə vaxt qurtardı?
- Mən elə bir dövrdə jurnalistikaya gəldim ki, həyəcanlanmağa
imkan olmadı. Ona görə də demək olar ki, həyəcan olmadı. Çünki
dövrün özü həyəcanlı idi. Mən ikinci kursda oxuyanda, 1991-ci ildə
Rauf Arifoğlunun bütün təpkilərinə rəğmən onun yanına gələ bildim.
Ancaq Rauf bəy həmişə məni qıraqda saxlayırdı. Deyirdi birdən mənim
başıma bir iş gələr, heç olmasa, sən sağ qal!
Sonradan elə oldu ki, qəzetimiz Bakıda çap olunmağa başladı. O
vaxt iqtidarda Ayaz Mütəllimov idi. Həmin vaxtlar "Yeni Müsavat"
rəsmi dövlət qeydiyyatından keçmişdi. Artıq "samezdat" üsulu ilə
yox, leqal nəşr olunmaq icazəsi vardı. Azərbaycanın müstəqillik
aktının qəbul olunması ilə "Yeni Müsavat" qəzetinin nəşrinə icazə
verilməsi üst-üstə düşdü. Qəzet çıxarmaq onda təkcə fiziki baxımdan
təsəvvür olunmayacaq dərəcədə çətin idi. Amma dövrün və mənim
gənclik romantizmim üst-üstə düşdüyündən, proses mənə maraqlı
gəlirdi. Elə bir prosesin içində düşdüm ki, hər şey, bütün həyatım
dəyişdi. Təsəvvür edin, o dövrdə ictimai-siyasi proseslərə yön
verən liderlərlə hər gün təmasda olurdum, onlarla eyni qərargahda
otururdum. Əbülfəz Elçibəyi, İsa Qəmbəri, Etibar Məmmədovu və
dövrün digər siyasi ulduzlarını görmək şansım olurdu. Onların
dəhlizlərdə, AXC-nin qərargahının önündə danışıqlarını, şərhlərini,
iclaslarda çıxışlarını dinləyirdim. Belə bir mühitdə adamda
həyəcanmı qalar? (gülümsünür).
- Rauf Arifoğlunun ictimai-siyasi proseslərin içində
olmağı çox təbii idi. Bəs sizdə də təbiidirmi? Rauf bəyin qardaş
olduğunuz üçünmü bu proseslərə qoşuldunuz, qəzetçiliyə
gəldiniz?
- Əlbəttə, Rauf bəy olmasaydı, mən də jurnalistikada olmazdım.
Mən qardaşımın proseslərdə iştirakından ilham almışam. Amma insanın
öz içində istək olmalıdır, bu istək, qığılcım olmasa səni zorla
proseslərə qoşmaq olmaz! Azərbaycanda elə məşhur adamlar var, amma
onun qardaşının nə işlə məşğul olduğunu, hətta kim olduğunu çoxları
bilmir. Amma elə ailələr də var ki, bütün tayfa siyasətlə
məşğuldur.
- Məsələn...
- Məsələn, Sərdar Cəlaloğlu, Arif Hacılı, Sabir Rüstəmxanlı,
Ənnağı Hacıbəyli və s. Adlarını çəkdiklərimin təkcə özləri yox, həm
də qardaşları, yaxın qohumları siyasətdə və mediada aparıcı
simalardı.
- Bəzən haqqınızda deyirlər ki, əvvəllər yazılarınızı
Rauf Arifoğlu yazırmış. Ümumiyyətlə belə bir şey
olubmu?
- Bunu çox adamın haqqında deyiblər. O cümlədən mənim barəmdə
də. Heç şübhəsiz ki, məni Rauf Arifoğlu ilə fərqim təkcə yaşda
deyil, həm də təcrübədədir. Onun dünyagörüşü və Allahdan gəlmə
fitri istedadı mənimkindən qat-qat üstündür. İki qardaş olaraq biz
bir-birimiz həyatda da, işdə də, jurnalistikada da tamamlayırıq.
Məsələn, bəzən olur ki, onun məişətdə çatdıra bilmədiyi işi mən
yoluna qoyuram. Və ya mənim yarımçıq qalan işlərimi o, bu və ya
digər formada həll edir. Və Rauf Arifoğlu baş redaktor olaraq bütün
yazılarıma müdaxilə etmək səlahiyyətinə malikdir. Doğrudur,
yazılarımın Rauf Arifoğlunun adına çıxıldığı vaxtlar olub, amma
səmimi deyirəm ki, qardaşımın mənim adımdan nəsə yazması və bunu
çap etdirməyini xatırlamıram.
- Azərin filan yazısını qardaşı yazıb sözünü eşidəndə
reaksiyanız necə olub?
- Hardasa 20 il bundan əvvəl bu söz-söhbəti eşidəndə özümü və
imzamı təsdiqləmək üçün o dövrün ən populyar və tirajlı
qəzetlərindən olan "7Gün"ə getdim. Emin Eminbəyliyə müraciət
elədim. O da təəccüblə soruşdu ki, qardaşının qəzeti ola-ola niyə
bura gəlmisən? Səbəbini izah etdim, sağ olsun, məni işə götürdü.
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı həmin vaxt "7Gün"də
siyasət müxbiri idi. Akiflə yaxın idim. Mənim Emin müəllimə
təqdimatımı o verdi. "7Gün"də işə düzəlməyimdə Akif Aşırlının
dəstəyi ciddi rol oynadı.
- Və gedib özünüzü "7Gün"də təsdiq etdiniz, sonra "Yeni
Müsavat"a gəldiniz! Belə?
- Hardasa belə demək olar. Xeyli şöhrət qazana bildim. 1997-ci
ilin aprelində Kələkiyə gedib rəhmətlik Əbülfəz Elçibəydən müsahibə
aldığıma görə Emin Eminbəyli məni işdən çıxardı. Onun Əbülfəz
Elçibəyə başadüşülməz bir antipatiyası vardı. Mənə öncədən
xəbərdarlıq etmişdi ki, Kələkiyə getsəm, işdən qovulacam.
- Belə çıxır ki, "Yeni Müsavat"ın yox, "7Gün"ün
yetirməsisiniz?
- Yox, belə demək "Yeni Müsavt"a və Rauf bəyə haqsızlıq olardı.
"7Gün"ün və Emin Eminbəylinin mənim üzərimdə haqqı var. Amma bu, 20
il öncənin söhbətidi. 20 il sonraya baxanda mənə ən çox əmək verən
Rauf Arifoğludur. Həmçinin "Yeni Müsavat"da mən təkcə qəzetçilik
öyrənmədim – böyük bir həyat məktəbi keçmişəm. Proses davam
edir...
- Maraqlıdır, qardaşınızla aranızda heç bir fikir
ayrılığı olmurmu? Yoxsa Rauf bəyin kiminlə arası dəyirsə, siz o
adamla münasibətləri pozursunuz.
- Mən Rauf Arifoğlunun rəhbərliyi altında çalışıramsa, ona
müxalifətçilik etmək kimi bir lüksüm yoxdur. Adama deyərlər,
bəyənmirsən, xoş getdin!
- Yəni qardaş qardaşa belə bir söz deyə
bilərmi?
- Əlbəttə deyə bilər! İkincisi, mənim Rauf Arifoğlu ilə
görüşlərim üst-üstə düşməsəydi, hər halda 11 il "Yeni Müsavat"da
birinci müavin vəzifəsində işləyə bilməzdim. Demək, bizim
maraqlarımız, fikir və dünyagörüşümüz üst-üstə düşdüyü üçün bir
yerdə işləyə bilirik. Üstəlik, biz qardaşıq. Rauf bəyin dostu
dostumdur, düşməni düşmənim! Sözsüz ki, bu belə də olmalıdır. Onun
düşməni ilə mənim dostluq etməyim əsla düzgün olmaz.
Amma bəzi məsələlərdə fərqlərimiz var. Rauf Arifoğlu inanclıdır,
Həcc ziyarətinə gedib, namaz qılır, oruc tutur və s. Mən isə yox.
Ateist deyiləm, çox şükür. Allaha da, Peyğəmbərə də, İslama da
inanıram. Amma namaz qılmıram, oruc tutmuram...
- Bəs siz niyə namaz qılmırsınız?
- Bunun səbəbini heç özüm də bilmirəm.
- İçirsiniz?
- Dindar qardaşlarım oxuyub məni topa tutacaqlar, amma hərdən,
nadir hallarda içirəm. (gülür)
- Qardaşınız içməyinizə bir söz demir ki?
- Bu məsələdə Rauf Arifoğlunun əvəzi yoxdur, çox tolerantdır.
Elə onun xarakteri də budur, insanlara bu cür rəhbərlik edir:
sıxmır, incitmir, hamı ilə yumşaq rəftar edir.
- Rauf Arifoğlunun da, sizin də, bayaq dediniz kimi
başınız çox çəkib. Bəs ata-ananızın bu işlərə münasibəti necədir,
demirmi ay oğul, etməyin, eləməyin?
- Hərəkat dövründə anam Rauf bəydən yana çox narahat idi. Amma
atam bizi sıxmırdı. Axı övlada qarşı ana ilə atanın münasibətləri
fərqlənir. Həm də kişilər daha dözümlü və səbirli olurlar. 1992-ci
ildən sonra bu söz-söhbətləri eşitmirik! Artıq bu yoldan dönüş
olmadığını görüb, valideynlərimiz bu taleylə barışdılar.
Qəzetçilik, siyasət bizim gündəlik işimizdi. Dolanışıq, qazanc
yerimizdi. Biz ən gözəl peşənin sahibləriyik; əlində qələm olmaq
hər Allah bəndəsinə qismət olmur.
- Maraqlıdır, heç pulsuz vaxtlarınız olubmu? Söhbət
ailədə maddi çətinliklərdən gedir.
- Düzü, uşaq vaxtımda xüsusi maddi sıxıntı yaşamamışam. Həmçinin
elə dəbdəbəli bir həyatımız da olmayıb. Kənddə sayılıb-seçilən ailə
olmuşuq. Valideynlərimizdən çox yaxşı tərbiyə almışıq.
- Valideynləriniz nə işlə məşğul olub?
- Atam da, anam da müəllim olub.
- Kənddə yaşamısınız?
- Bəli...
- Qoyun otarmısınız?
- Otarmışam, əlbəttə. Mal-qaramız olmayıb. Amma qoyun-quzu
saxlamışıq. Mən orta məktəbin sonuncu sinfində oxuyanda atam bütün
heyvanları satdı, çünki heç kim baxa bilmirdi.
- Bəs qəzetin gəlirləri nə vaxtdan artmağa
başladı?
- Bayaq maddi problemlərdən sual verdin. Bəli, 1993-cü illərdə
bizim maddi çətinliklərimiz vardı, çünki o vaxtlar qəzet bazarı
formalaşmamışdı. 1998-ci ildə senzura götürüləndən sonra artıq hər
şey yoluna düşdü. Amma ondan əvvəlki illərdə qəzetdə yaranan
problemlər ailəmizə də təsir edirdi. Bəzən çörəkpulu tapa
bilmirdik. Bu təkcə bizə yox, bütün düşərgəyə aid idi. Çünki ölkədə
vəziyyət olduqca gərgin idi: milli valyuta dəyişirdi, inflyasiya
gedirdi, maddi resurslar yox idi...
1997-ci ilin sentyabr ayından artıq "Yeni Müsavat" qəzetində
dəyişikliklər başladı. Qəzetin formatını dəyişdik və formalaşmağa
başlayan qəzet bazarına girə bildik. O vaxt səkkiz səhifəlik
qəzetin sonuna krossvord verdik və hər yerdə qəzet satmağa icazə
verirdilər. Bundan sonra qəzetin satışından əlimizə çoxlu pul
gəldi.
- Və artıq "Yeni Müsavat" çörək ağacına
çevrildi...
- Bəli, əlbəttə! İnsanlar nə qədər idealist olsalar da, maddi
çətinliklər inkişafa, böyüməyə imkan vermir. Həm də "Yeni Müsavat"ı
böyütmək, ölkənin ən tirajlı və populyar qəzetinə çevirmək hədəfi
vardı qarşımızda. Bunun üçün də pul lazım idi. Pulu da Allah
yetirmişdi – qəzet bazarı sürətlə böyüyürdü. 10 minlərlə dollar
para qazanmaq imkanları yaranmışdı qəzetin satışından gələn
vəsaitlə. Ona görə də 1997-ci ilin noyabr ayında Rauf Arifoğlu
qəzetin sırf krossvord variantını buraxdı. Eyni zamanda dövrlüyü
artırdı. Həftədə iki dəfə çıxırdıqsa, artıq üç dəfəyə keçdik.
Krossvord nömrəsindən gələn pulları siyasi nömrəyə yönəldirdi Rauf
bəy. Krossvordların içində çərçivələr olurdu, qəzetin növbəti
siyasi nömrəsinin yazılarının anonslarını o çərçivələrə
yerləşdirirdik. Beləcə, Azərbaycan insanını krossvorddan siyasi
qəzetə daşıdıq. 1998-ci ilin yayında Azərbaycanda senzura
götürüləndən sonra daha böyük imkanlar yarandı. Və həmin ilin
prezident seçkilərindən sonra "Yeni Müsavat"ın oxucusu daha da
artdı, çünki böyük risk edib qabağa çıxmışdıq. Artıq iqtidar
ideoloji müharibəsini "Yeni Müsavat" qəzeti və Rauf Arifoğlu ilə
aparırdı. Yadımdadır, o vaxt səhiyyə naziri olan Əli İnsanov
parlamentdən çağırış edirdi ki, Rauf Arifoğlunu və bir sıra başqa
qəzetçiləri güllələtmək lazımdır. Allah Əli müəllimin qapısını
açsın. Başqa iqtidar deputatları da jurnalistləri ağır formada
cəzalandırmaq üçün çağırışlar edirdilər.
- Görəsən, Əli İnsanov həbs olunanda sevindinizmi? Ona
qarşı hansısa bir aqressiyanız qalıbmı? Axı sizi güllələtdirmək
istəyirdi.
- İndi Əli İnsanovun özü bu hakimiyyətə hamıdan çox aqressiv və
radikaldır. Kiminsə 17-18 il bundan əvvəl haqqımızda dediyi sözü
yadımızda saxlayıb kin saxlamaq nə təbiətimizə, nə də peşə
maraqlarına uyğun gəlir.
- Bir dəfə Salam Sarvan status yazmışdı ki, müxalifət
düşərgəsi hakimiyyətdən daha radikaldır. Bu fikirlə
razısınızmı?
- Müxalifət müxalifətdə çox qaldığı və nəticəsizlik olduğu üçün
orda hər şeyə və hamıya qarşı aqressivdirlər. Məsələn, siz
Azərbaycanda müxalifətin hansısa bir parlaq qələbəsini
xatırlayırsınızmı? Varmı elə bir qələbə ki, onu qeyd etsinlər?
Tərəfdarlarını motivasiya etsin, onu dirçəltsin, qabağa aparsın!
Yoxdu. Düzdür, deyə bilərlər, müxalifətin müxalifət olmasına
hakimiyyət imkan tanımır. Bəs gücünüz hardadır? Müxalifətin əsas
missiyalarından biri də iqtidarı nəyəsə vadar etməkdir, hətta
məcbur etməkdir. Niyə hakimiyyəti öz iradənizə tabe etdirə
bilmirsiniz? Deməli, gücünüz yoxdur.
- Sizcə, xalq nə üçün müxalifətin yanında deyil,
mitinqlərə gəlmir?
- Sentyabrda müxalifət üç mitinq keçirdi. Hər mitinqdən sonra
dava düşdü. Müsavat AXCP-ni, Xalq Cəbhəsinin fəalları da
müsavatçıları söydü, aşağıladı, təhqir etdi. Hakimiyyət əleyhinə
mitinq keçirib, sonra bir-birinə saldırırlar. Belə bir qüvvə xalqı
özünə necə cəlb edə bilər?! İsa Qəmbərlə Əli Kərimli 20 ildir
müxalifətin iqtidarı olmaq uğrunda ölüm-dirim savaşı verirlər.
Müxalifət hər dəfə birləşmək istəyəndə, toparlanmağa çalışanda daha
böyük itkilər verir. Üstəlik tərəfdarlarını da məyus edirlər. Bunun
örnəyini bu günlərdə bir daha gördük. Müxalifət partiyaları
hökumətə yox, bir-birinə qarşıdılar. Nifrət, intriqa və kin
yuvasıdı partiyalar. Belə bir qüvvə ölkəmizdə iqtidara gəlsə,
Azərbaycanda qan su yerinə axar. Ona görə də, nə Qərb, nə xalq bu
adamlara dəstək vermirlər. Allah da üz döndərib onlardan.
Bir şeyi də qeyd edim. Təkcə müxalifətə aid deyil, ümumiyyətlə
bizim bir xalq olaraq da qələbə tariximiz yoxdur. İrəli gedə
bilməməyimizin səbəblərindən biri də budur. İlin elə bir ayı yoxdur
ki, Azərbaycan xalqı öz faciəsini qeyd etməsin. 20 yanvar, 31 mart
soyqrımı, Şuşanın işğalı, Xocalının işğalı və s. Hər ay bir
faciənin il dönümünü qeyd edirik. Bu qaramat bütövlükdə cəmiyyətin
ruhuna hopub. Dirçəliş üçün heç nə baş vermir.
- Azər bəy, hər halda "Yeni Müsavat"ın hakimiyyətə yaxın
media orqanı hesab edilir...
- Biz hamıya yaxınıq. Bütün siyasi qüvvələr bizim
imkanlarımızdan yararlana bilər. Hər kəsin bizə yetişməsi, "Yeni
Müsavat"da, musavat.com-da özünü ifadə etməsi üçün olduqca rahat,
münbit şərait yaratmışıq. Əvvəl hakimiyyətə qarşı yazılmış bir
yazıya etirazı məhkəmə vasitəsi ilə bildirilirdilər, müəllifin
yolunu kəsib döyürdülər, hansısa qrupu redaksiyaya göndərirdilər.
İndi isə zəng edirlər, çox mədəni şəkildə xahiş edirlər. Bu isə
bizim xoşumuza gəlir və onlara münasibətimizi redaktə edir. Sən
səninlə mədəni danışan adama necə bağıra bilərsən? İndi
hakimiyyətlə müxalifətin mətbuata münasibətində rollar dəyişib.
İqtidar hansısa məsələylə bağlı bizimlə kübar dildə danışmağa
çalışır, əksər vaxtlar buna nail olur. Müxalifət isə əksinə,
bağıraraq, söyərək, şantaj və təhdid edərək.
- Belə demək mümkünsə siz müxalifətin əlindən xilas
olmusunuz! Eləmi?
- Müxalifət bizi itirdi. Böyük və təsirli bir media quruluşu ilə
yanlış davranaraq bu üstünlükdən özünü məhrum etdi. Bəzən iqtidarda
olanlar da müxalifətin bizimlə bağlı bu yanlış davranışına
təəccüblərini gizlədə bilmirlər. Müxalifətə pulsuz, minnətsiz
xidmət göstərirdik, onlara gecə-gündüz informasiya dəstəyi
verirdik. Bunun müqabilində onların bizə qarşı tutduğu mövqeləri
ağıldan, məntiqdən və peşəkarlıqdan tamamən kənar davranışdır.
Onlar bizim müstəqil olmaq istəyimizi, bütün siyasi qüvvələrə eyni
məsafədə dayanmağımızı qəbul etmədilər. Dedilər, bizim
muzdurumuzsunuz, yalnız bizdən yazacaqsınız, yalnız bizə xidmət
edəcəksiniz. Azərbaycan müxalifəti illərlə "Yeni Müsavat"ın və Rauf
Arifoğlunun arxasında gizlənib baş qatırdı. Bu, xüsusilə Müsavat
partiyasına, bu partiyanın rəhbərliyinə aiddir. Bu gün buz onların
yanında yoxuq. Görün nə gündədirlər... Əli Kərimlinin 5-10 nəfər
feysbuk "naomnik"inin əlində girinc qalıblar.
- Bəs Müsavat Partiyasından nə üçün
çıxdınız?
- Arif Hacılı məlum müsahibəsində böyük etikasızlıq elədi. Buna
görə də mən və 3-4 nəfər "Yeni Müsavat"çı partiyadan çıxdıq. Həm
haqsızlıq etdi, həm də qeyri-peşəkar davrandı. Bilirsiniz, Arif
Hacılı da daxil olmaqla, bu gün müxalifətdə təmsil olunan əksər
siyasətçilər Surət Hüseynovun qorxusundan dövləti, xalqı,
tərəfdarları qoyub paytaxtdan və ölkədən qaçdılar. Surət Gəncədəydi
bunlar aradan çıxanda. Bakıdan 350 km uzaqda olan bir qiyamçının
zəhmi bunları necə basdısa, hər şeyi qoyub aradan çıxdılar. Bir
neçə il Bakıya gəlməyə ürək etmədilər. Heydər Əliyev Surəti və
başqa hərbi müxalifət təmsilçilərini, zərərsizləşdirdikdən sonra
bir-bir, iki-bir qayıtdılar. Və başımız aslan kəsildilər.
- Ümumiyyətlə, siz Arif Hacılını peşəkar siyasətçi hesab
edirsinizmi?
- Arif Hacılı Azərbaycan siyasətinin dəcəl və cığal uşağıdı.
Arada bizə münasibətdə çizməyi keçir. Necə deyərlər, çaşır. Biz də
yüngülcə onun qulağını sözün mətbu mənasında çəkib, tənbeh edirik.
Bir müddət özünü yığışdırır. Amma içindəki şeytan, kin ona böyük
adam olmağa imkan vermir. Peşəkar siyasətçi ölkə mediasının ən
önəmli patronlarından biri haqda elə ehtiyatsız söz deməməli idi.
Özü də heç bir ehtiyac olmadan bu yanlışı yapdı. Özünə də,
partiyasına da, İsa Qəmbərə də ciddi problemlər yaratdı. Bizim
proqnozumuz doğruldu Arif Hacılı ilə bağlı: ondan lider olmaz,
birinci şəxs olmaz, partiya başqanı heç olmaz. Lider dediyin hər
kəsi çevrəsinə yığmağı bacarmalıdı. Siyasətçi, partiya sədri
dediyin ilk növbədə mətbuatla münasibətlərdə ehtiyatlı olmalıdı.
Ağlı başında olan adam Rauf Arifoğlu ilə düşmənçilik etməz. Rauf
bəyin dostluğu daha maraqlı və daha mənfəətlidir. Hər mənada.
- İsa Qəmbərin adını çəkdiz. Onunla münasibətləriniz nə
yerdədir?
- İsa Qəmbər miqyaslı siyasətçidir. Amma bu günkü komandası onun
imkanlarını o qədər daraldıb ki... Özləri boyda etməyə çalışırlar
İsa bəyi. Acı mənzərədi. Onunla aramızda kövrək, zərif bir bağ
qalır. Kaş qoparmaya. Qoparsa da canı sağ olsun. Bizim itirəcəyimiz
bir şey yoxdu.
- Rauf bəy də, siz də iqtidarla müxalifətin arasında
dayandığınızı qeyd edirsiniz! Amma əməkdaşınız Zamin Hacı sosial
şəbəkələrdəki mövqeyi birmənalıdır. Maraqlıdır, buna görə narahat
olursunuzmu?
- Zamin Hacının mövqeyi hər kəsə bəllidir. Ona dostcasına sms
yazıb "çox sağ ol, əla yazmısan" dediyim köşələri də olub, hansısa
ifadəni dəyişdirilməsindən ötrü zəng etdiyim də. O da tam normal
şəkildə qarşılayıb bunları. Zamin ölkədəki reallıqları bilən
adamdır. Sosial şəbəkələrdəki fəaliyyəti isə onun şəxsi işidir.
Buna görə bizə kim nə irad bildirə bilər ki? Amma hər hansı bir
məclisdə üz-üzə gələndə mən özüm Zaminə deyirəm ki, filan statusunu
oxudum və çox narahat oldum. Zamin Azərbaycan mətbuatının
dəyərlərindən biridir. Allah onu qorusun.