Çərşənbə axşamı Azərbaycan MSK-sı sentyabrın 26-da
Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı olan referendumun
yekun nəticələrini elan edib.
Referendumda iştirak edən seçicilərin göstəricisi 69,7 faizə
bərabər olub. Konstitusiyaya düzəlişlərinin nəzərdə tutulduğu 29
bəndin hər biri 80 faizdən çox səs alıb, bəzi bəndləri isə
seçicilərin 90 faizi dəstəkləyib.
Siyasətçilər, nəzarətçilər referendumun Azərbaycan xalqının
hazırki hakimiyyətə və onun tutduğu siyasətə olan etibarını
vurğulayır.
Axar.az xəbər verir ki, bu sözlər Rusiya Liberal Demokrat
Partiyasının lideri Vladimir Jirinovskinin referendumla bağlı
"Moskva – Bakı" nəşrinə açıqlamasında yer alıb.
– Vladimir Volfoviç, Azərbaycan Konstitusiyasına əlavə
və dəyişikliklərin edilməsi üzrə keçirilən referendumun yekun
nəticələrini necə qiymətləndirirsiniz?
– Referendum – vətəndaşların ifadə azadlığının ali formasıdır.
Azərbaycannın Konstitusiyaya dəyişikliklər edilməsi haqqında
məsələnin həlli zamanı belə bir demokratik referendum keçirməsi və
xalqın rəyi ilə hesablaşması çox müsbət haldır. Konstitusiyaya
dəyişikliklər bütün dünyada tətbiq olunur və ölkə
qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi daşıyır.
Biz əminik ki, təklif olunan dəyişikliklər Azərbaycanın siyasi
həyatını yaxşılaşdıracaq, onu daha etibarlı, daha təhlükəsiz bir
ölkəyə çevirəcək.
Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması
ideyasını olduqca faydalı hesab edirəm. Bu prezidentlik müddəti
Avropanın müxtəlif ölkələrində, o cümlədən, Fransada tətbiq
olunurdu.
Vitse-prezident vəzifəsinin yaradılması təklifini də yüksək
qiymətləndirirəm. Birincisi ona görə ki, vitse-prezident
prezidentin yükünün bir hissəsini öz üzərinə götürə bilər.
İkincisi, əgər ölkə başçısı hansısa səbəblərdən öz vəzifəsini
yerinə yetirə bilməzsə, onu məhz vitse-prezident əvəz edə
bilər.
Düşünürəm ki, deputatlığa, habelə prezidentliyə namizədlər üçün
də yaş həddinin ləğv edilməsi düzgün qərardır. Çünki günümüzün
gəncləri çox inkişaf edib.
Azərbaycan Prezidentinin Azərbaycan Respublikasının
Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı
təkliflərini düzgün və məqsədəuyğun hesab edirəm.
Mənə bir neçə dəfə İlham Əliyevlə görüşmək qismət olub. O, çox
savadlı, gələcək zamanla ayaqlaşan prezidentdir. Əgər referendumda
nəzərdə tutulan dəyişikliklər icra edilərsə, Azərbaycan daha stabil
bir ölkəyə çevriləcək.
– Siz Venesiya komissiyasının Azərbaycanda
Konstitusiyaya təklif olunan düzəlişlər barədə irəli sürdüyü
neqativ rəy haqda nə deyə bilərsiniz?
– Artıq qeyd etdiyim kimi, Venesiya Komissiyası NATO, AB və
nəhayət ABŞ dövlətinin maraqlarına xidmət edir. Dünyada hansısa bir
ölkənin güclü hakimiyyətə sahib olması isə sözügedən qurumların və
dövlətin marağında deyil. Belə cəhdləri biz Yaxın Şərqdə və Orta
Asiyada müşahidə etmişik.
Belə komissiyalarının tövsiyələri Beynəlxalq Valyuta Fondunun və
Dünya Bankının tövsiyələri kimi çox nadir hallarda dövlətlərin
xeyrinə olur. Buna görə də əminliklə demək olar ki, Azərbaycan
xalqı və onun lideri olduqca düzgün addım atır. Belə rəylərə və
qərəzli fikirlərə önəm vermək lazım deyil.