İrəvandakı parada "İsgəndər"lərin çıxarılması ilk
növbədə daxili siyasi məqsədlər üçün nəzərdə tutulub.
Axar.az xəbər verir ki, bu sözlər rusiyalı politoloq Mixail
Belyayevin "Vestnik Qafqaza" saytındakı məqaləsində yer alıb. Onun
sözlərinə görə, ölkənin hərbi-siyasi rəhbərliyi erməni
ictimaiyyətini apreldə Dağlıq Qarabağda Azərbaycanla baş verən
toqquşmalar zamanı verdiyi itkilərdən sonra sakitləşdirməyə cəhd
edir:
"İsgəndər"lərin paradda nümayişi əhali üçün informasiya emalında
imkanlar yaradır. "Sasna çrer" qruplaşması tərəfindən İrəvandakı
polis bölməsinin tutulması növbəti dəfə ölkədə antirusiya
əhval-ruhiyyəsinin real vəziyyətini göstərdi. Bölmənin tutulduğu
gün erməni sosial şəbəkələri antirusiya şüarları ilə doldu,
apreldəki hərbi uğursuzluq birbaşa Kremlin üzərinə atıldı. Son
həftələr ərzində erməni rəhbərliyi sosial narazılığın dərəcəsini
azaltmaqdan ötrü tədbirlər paketi hazırladı, əhalinin etibarını
itirmiş hökumətin başçısı Ovik Abramyanı istefaya göndərdi və xalqa
"İsgəndər"ləri göstərdi. 2015-ci ildə olduğu kimi, İrəvan Moskva
ilə münasibətlərdə "Maydan" kartını oynadı. Bununla o, rusiyalı
tərəfdaşlarını 200 milyon dollarlıq güzəştli kreditin qarşılığında
silahın verilməsi üçün tələsdirdi.
Yeri gəlmişkən, bu kredit ermənilərin "Elektrikli İrəvan"
etirazlarından sonra əldə etdikləri qaz güzəştləri ilə eynidir. Bu
etirazlar daha çox Qərbin postsovet məkanındakı ssenarilərinə
oxşayırdı. O zaman İrəvan Moskvanın yaranan sosial narazılıq
fonunda Ermənistanda baş tutacaq rəngli inqilab imkanlarından aktiv
şəkildə öz məqsədlərinə çatmaq üçün istifadə etdi. Təəssüf ki,
antirusiya əhval-ruhiyyəsi Ermənistanda artıq uzun illərdir
mövcuddur, üstəlik, erməni diplomatiyası avropalı və amerikalı
siyasətçilərin rəğbətini qazanmaq üçün Qərbdə ənənəvi "Avropa
Birliyinə can atan xristianlar, avtoritar Rusiya tərəfindən qarşısı
kəsilənlər" kartını oynayır".
Politoloq həmçinin Ermənistanın Azərbaycana çirkli bomba
təhlükəsi yarada biləcəyini də bildirib:
"Əgər erməni ordusu "İsgəndər"lərə malikdirsə, o zaman raketlər
nəzəri olaraq Bakıya çata bilər. Lakin burada bir şeyi nəzərə almaq
lazımdır ki, bu cür sistemlərin total dağıntılar təhdidi yalnız
raketlər nüvə başlığı daşıyan zaman yaradır. Bu isə ümumilikdə
müharibənin gedişini dəyişə bilər. Raketlərin qiymətinin baha
olduğunu nəzərə alsaq, Ermənistanın "İsgəndər"lərdən aktiv
istifadəsinə ehtiyac qalmayacaq. Heç də uzaq olmayan keçmişdəki
hadisələr göstərir ki, Bakı Ermənistanın keçmiş baş nazirinin
"ermənilər çirkli bomba yaradıblar" bəyanatından ehtiyatlı
olmalıdır. Üstəlik, bu ilin aprelində erməni quldurları artıq bir
dəfə Metsamor Atom Elektrik Stansiyasındakı uran-238 elementinin
qara bazarda 200 milyon dollara satılmasına cəhd ediblər. Bu isə ən
azından Ermənistan tərəfindən radioaktiv tullantılara nəzarət
olunmadığını göstərir. Böyük ehtimalla nə Azərbaycan, nə də
Ermənistan paytaxtlara zərbə vurulmasını planlaşdırır. Əgər Dağlıq
Qarabağda yenidən müharibə baş versə, bu, daha çox Azərbaycanın
işğal altında olan ərazilərində yerləşən Ermənistan ordusu və
erməni separatçılarına qarşı antiterror əməliyyatları olacaq. Hərbi
fəaliyyətlərin işğal olunmuş ərazilərlə kifayətlənməsi KTMT və
Türkiyə tərəfindən üzərinə götürülən qarşılıqlı məhdudlaşdırılma
faktorları ilə bağlıdır. Lakin müharibə heç vaxt planlaşdırıldığı
kimi baş tutmur və çirkli bomba məsələsi "İsgəndər"lərin
Ermənistana ötürülməsi ilə daha da aktuallaşır".