10:29
İmişlidə hamilə qadın xəstəxanada ölüb.
Axar.az APA-ya istinadla xəbər verir ki, İmişli rayonunun Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Mirvari Əbülfət qızı Hətəmova 9 aylıq hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib.
Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın doğuş stolunda uşaq dünyaya gətirmədən ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
9 noyabr tarixində saat 16:30 radələrində 1983-cü il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, zəruri tibbi yardım göstərildikdən sonra o, Ginekologiya və doğum şöbəsinə yerləşdirilərək doğuş prosesinə cəlb olunub.
Lakin doğuş prosesi başlamazdan əvvəl hamilədə arterial təzyiqin anidən yüksəlməsi müşahidə edilib.
Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:40 radələrində hamilənin və dölün bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, qadın hamiləliyin 18, 22 və 35-ci həftəliyində həkim müayinəsində olub və hamiləlik dövründə heç bir patologiya müşahidə edilməyib.