Kənd sakinləri onu "Bığ Eyub" deyə çağırırlar. Söhbət
Qax rayonunun Qaratala kəndində yaşayan Eyyub Məhsimovdan gedir. O,
hazırda kəndin ən yaşlı sakini hesab olunur. Amma qıvraqlığı,
zəhmətsevərliyi, yorulmadan işləməsi hər kəsi
təəccübləndirir.
Sputnik.az xəbər
verir ki, yaşlı nəslin nümayəndələri üçün "Bığ Eyub" olan Eyyub
kişini kəndin bütün cavanları "Eyub baba" adlandırırlar. Həm də
cavanlar onunla zarafatlaşmağı, toylarda onunla birlikdə rəqs
etməyi, şelfi çəkdirməyi xoşlayırlar. Bütün ömrünü at üstündə
keçirən Eyyub baba birlikdə yaşadığı qızı və nəvələrinin
tənqidlərinə baxmayaraq, hələ də atdan əsas nəqliyyat vasitəsi kimi
istifadə edir. O, müasir texnikanı "tənbəllərin oyuncağı" hesab
edir.
"Vaxt vardı biz öküzlərin köməyi ilə xışla, kotanla yer əkirdik.
Gecəmiz-gündüzümüz olmazdı. Bizim yeniyetməliyimiz, cavanlığımız
müharibə illərinə düşüb. Ac qalmamaq üçün yorulmaq bilmədən
işləyirdik. O vaxt bizim əllə, öküzlərin köməyi ilə gördüyümüz işi
indi traktorlar, kombaynlar görür. Amma baxırsan ki, cavanlar
traktorla tarlanın bu başından o başına gedirlər, sonra da deyirlər
ki, yoruldum. Ona görə də kənddə hansı cavanı dindirirsən, deyir
oram ağrıyır, buram ağrıyır.
Bəs iş görməyən adam ağrıyacaq da. Nə qədər boş-boş oturmaq
olar?" - deyir Eyyub baba. O, bu dövrün cavanlarının iki əsas
bəlası olduğunu qeyd edir: fiziki iş görməmək və telefonla oynamaq.
Müsahibimiz indiyə qədər belə sağlam və gümrah qalmağının sirrini
belə açıqlayır:
"Mən özümü qanandan hər gün qatıq yeyirəm. Hər səhər tezdən
qalxıb qatıq yeməsəm, yaşaya bilmərəm. O vaxtlar mal-qoyun otarmaq
növbəsinə gedəndə bir banka qatıq, çörək və adi su götürürdüm.
Səhərdən axşamacan bu mənə bəs edirdi.
Mənimlə birlikdə növbəyə gedənlər deyirdilər ki, a kişi, sən
bununla necə yaşayırsan, bir gün yıxılıb öləcəksən. Deyirdim ki,
siz yaşayın, mən ölsəm də eybi yoxdur. İş elə gətirdi ki, məni
qatıq yeməyə görə qınayan yaşıdlarımın və məndən yaşca xeyli kiçik
olanların əksəriyyəti artıq rəhmətə gedib. Hərəsi də bir
xəstəlikdən".
90 yaşlı ağsaqqal sağlamlığının bir səbəbini də tut arağından
başqa içki içməməkdə görür. "Özüm hər il həyətdəki ağ tutu
çəlləklərə yığıb, qıcqırdıb araq çəkmişəm. Həmişə də o araqdan
içmişəm. İndi də içirəm. Hələ indiyə qədər xəstəlik nədir,
bilmirəm".
Kəndin bugünkü şəklə düşməsində, abadlaşmasında Eyyub babanın
əməyi böyük olub. Uşaqkən qardaşları ilə birlikdə aclıqdan əziyyət
çəkdiklərindən, doğulduqları dağ kəndi olan Armudludan nisbətən
aranda yerləşən bu kəndə pənah gətiriblər. Onda bu kənd 5-6 ailənin
məskunlaşdığı kiçik talalardan və fermadan ibarət olan balaca bir
məskən imiş. "Biz bura köçəndə bu kənd kiçik talalardan ibarət
balaca bir yer idi. Elə kəndin adlandırıldığı Qaratala sözü də
"meşənin ortasında açıq yer" mənasına gəlir. Bu kənddə yaşamaq
mümkünsüz idi.
Çünki hər yer meşəlik və kol-kos idi. Bu kəndi kol-kosdan
təkbaşına təmizləmişəm. Buranı abıra salandan sonra bura başqa
yerlərdən insanlar gəlib yaşamağa başladılar. Çünki burada yaşamaq
əlverişli idi. Münbit torpağı vardı, meşələrdən çaylar axırdı,
torpaqları suvarmaq üçün arxlar çəkmişdik. Meşələri tədricən açaraq
əkin və mal-qara üçün örüş yerlərini genişləndirmişdik. Böyük
çıxmasın, amma mən özümü bu kəndin memarlarından biri hesab
eləyirəm", - deyə E.Məhsimov bildirir. Eyyub baba təkcə
əməksevərliyi ilə seçilmir. O, həm də xarici görünüşü ilə diqqəti
cəlb edir. Onu kənddə nahaq yerə "Bığ Eyub" adlandırmırlar.
Çünki o, heç vaxt bığını qırxmayıb. Özü səbəbini belə izah edir:
"Anadan olandan bığımı qırxmamışam. Əsgər gedəndə komandir məni
sıradan qabağa çıxarıb dedi ki, əsgər Məhsimov, niyə bığını təraş
etmirsən?. Dedim ki, belə bir fikrim yoxdur. Komandir məni
generalın yanına apardı. General soruşdu ki, əsgər Məhsimov, niyə
bığını təraş etmirsən? Dedim ki, mən bu bığı yoldaş Stalinə görə
saxlayıram. O nə vaxt bığını təraş etsə, mən də edəcəyəm. Onlar nə
cavab verəcəklərini bilmədilər və məni rahat buraxdılar. O gündən
bu günə bığıma əl vurmamışam".
Həmsöhbətimizin dediyinə görə, bu inadkarlığı Stalinin özünün də
xoşuna gəlib: "Əsgərlikdə olanda bir gün dedilər ki, yoldaş Stalin
birləşmiş hərbi hissələrə baş çəkməyə gələcək. Müharibədən sonra
sovet ordusunun quruculuğu istiqamətində ciddi işlər gedirdi.
Bizi bir ay onun gəlişinə hazırladılar. Sıra düzülüşü,
addımlamaq və s. Ordu təzə geyimlərlə təchiz edildi. Onda əsgərlik
müddəti rəsmi 3 il 6 idi. Amma bizim vaxtımızda bu 4 ilə qədər
çəkirdi. Bir gün bizi sıraya düzdülər. Stalin gəlib qabağımızdan
keçdi, əsgərin şərəfinə hərbi salam verdi. Sonra sıraları başdan
ayağa gəzməklə əsgərləri bir-bir süzdü. Mənə çatanda dayandı,
"irəli çıx" əmrini verdi. Soruşdu ki, mən niyə bığ saxlayıram.
Dedim ki, yoldaş Stalin, sizə hörmət əlaməti olaraq bu bığı
saxlayıram. Siz nə vaxt bığınızı qırxsanız, mən də onda qırxacağam.
O vaxtlar rəhbərə belə söz demək ölümə bərabər bir iş idi. Sonradan
ordudakı zabitlər mənə deyirdilər ki, biz elə bilirdik, bu sözdən
sonra sənin güllələnmə əmrini verəcək. Amma mənim bu cəsarətli
cavabım yoldaş Stalinin xoşuna gəlmişdi.
O, cavabımdan gülümsündü və deyəsən ləhcəmdən tutmuşdu ki,
qafqazlıyam. Soruşdu ki, "kavkazets" (qafqazlısan?)? Dedim, bəli,
Azərbaycandan, Qaxdanam. Onda nəsə fikirləşdi və bığının altında
yavaşca "Saingilo" dedi. Sonra "azad" əmrini verdi. O vaxtdan mən
hərbi hissədə hamının sevimlisinə çevrildim. Onda orduda Stalinin
sevimli adamı olmaq görün nə demək idi!", - danışır Eyyub baba.
O, evə qayıdandan sonra bu əhvalatı ailəsinə nağıl edir:
"Anamgil məni danladılar ki, dilinin ucbatından ölə bilərdin. Onda
"Saingilo" sözünün mənasını öyrəndim. Sən demə, gürcülər bizim
Qaxın yerləşdiyi regiona "Saingilo", yəni ki, "kiçik Gürcüstan"
deyirlər. Ola bilsin, Stalin buna görə mənə güzəşt eləmişdi".
Eyyub kişi Stalin dövrünün ağırlığına, o dövrdə baş verən
repressiyalara baxmayaraq, hələ də hesab edir ki, dünyaya Stalin
kimi "kişi adam" gəlməyib. Stalinin şərəfinə saxlanan bığ onun
ölümündən sonra da qırxılmamış qalıb: "Bu bığ mənim 75 illik
dostumdur. Bığımı qırxsam, elə bilərəm ki, qolumu, qıçımı
itirmişəm. Uşaqlara vəsiyyət eləmişəm ki, öləndə də məni torpağa
bığımla birlikdə basdırarsınız".