Son illərdə həyatın tempi elə sürətlənib ki, nəinki 100 ili, heç 1-10 il sonranı da dəqiq təsəvvür etmək olmur. Ən güclü kompüterlər və proqramlar belə gələcəyin necə olacağını tam deyə bilmir. Əvvəllər isə həyat daha sabit idi. Dünya əsasən sosialist, kapitalist və inkişaf etməkdə olan ölkələrə bölünmüşdü, dəyişikliklər də indiki qədər sürətli baş vermirdi.
Bu sözləri Axar.az-a açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov 100 il sonrakı dünya haqda fikirlərini bölüşərkən deyib.
Onun sözlərinə görə, gələcəkdə hər şey avtomatlaşacaq, robotlar həyatın ayrılmaz hissəsinə çevriləcək:
“Texnologiya o qədər inkişaf edə bilər ki, insanın bədən quruluşu da dəyişə bilər. Hətta süni intellekt insanı bir çox sahədə üstələyən varlıqlara çevrilə bilər. Ümid edirik ki, I 100 il sonra insanlar daha rahat yaşayacaq, daha az işləyəcək, kosmosa daha çox səyahət edəcək və vaxtlarını elmə, yaradıcılığa və mənəvi inkişafa həsr edəcəklər”.
Ekspert vurğulayıb ki, insanların sosial, iqtisadi və mədəni baxışları dəyişəcək, yeni idarəetmə və ünsiyyət formaları yaranacaq:
“Gələcəkdə insanlar daha uzun ömür sürə, yeni tibbi və biotexnoloji imkanlardan faydalana bilərlər. Əlbəttə, iqlim dəyişikliyi, xəstəliklər və təhlükəli texnologiyalar kimi risklər də var. Yaxın yüzillikdə 200 il yaşayan insanları görə bilərik. Daha sonrakı dövrlərdə bu müddətin 500 ilə qədər uzanacağı barədə fərziyyələr də var. Atom silahlarından istifadə, okean səviyyəsinin qalxması, buzlaqların əriməsi nəticəsində qədim xəstəliklərin yenidən yayılması və qlobal istiləşmə kimi təhlükələr də bəşəriyyət üçün ciddi risklər yarada bilər. Amma ümumilikdə nikbin proqnozlar göstərir ki, bəşəriyyəti daha çox inkişaf və daha yaxşı günlər gözləyir”.