V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən,
Finlandiyanın "İltalehti" jurnalının müxbiri Antero Eerola və
fotoqraf Jael Karppanen cəbhə bölgəsində mövcud vəziyyət, orada
yaşayan dinc əhali və müvəqqəti məskunlaşmış qaçqın və məcburi
köçkünlərin güzəranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna
səfər ediblər.
Axar.az xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətində olan
qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi
çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması
nəticəsində yaranan problemlər barədə məlumat verilib. Tərtər Rayon
İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, rayon
ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan
silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış
məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat
işləri ilə məşğul olmasına imkan vermir.
Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı
qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə
yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23
yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta
ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan
olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə 400-ə yaxın evə,
4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev
tamamilə dağılıb. 9 mülki şəxs yaralanıb, ikisi məcburi köçkün
olmaqla, 3 nəfər dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində
məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir
daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində
məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik
təsərrüfatına, kommunikasiya xətlərinə və 1500 hektar kənd
təsərrüfatı ərazisinə ciddi ziyan dəyib.
Qeyd edilib ki, ermənilər işğal altında saxladıqları Sərsəng və
Madagiz su anbarlarından gələn suyun qarşısını suvarma dövründə
kəsirlər. Nəticədə 31 min 500 hektar əkin sahəsinin suvarılmasında
çətinliklər yaranır. Qış fəslində isə suyu açaraq əkin sahələrinin
və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar.
Düşmən tərəfindən təmas xəttinə yaxın olan ərazilərdə yanğınlar
törədilir. Bunun nəticəsində də ərazinin flora və faunası məhv
olur, taxıl sahələri yanğına məruz qalır.
Sonra qonaqlar rayon ərazisində yerləşən N saylı hərbi hissədə
və məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində erməni
artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış evlərdə
olub, məcburi köçkün ailələri ilə görüşüb, onların problemləri ilə
maraqlanıblar. Finlandiyalı media nümayəndələri, həmçinin
ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx
qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış "Marağa 150"
abidəsinin qalıqlarına da baxıblar.