Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və
qoşunların təmas xəttindəki vəziyyət barədə reportaj hazırlamaq
məqsədi ilə ölkəmizə gəlmiş Fransanın məşhur "l'Opinion" qəzetinin
müxbiri Klod Löbian, "TTU" qəzetinin baş redaktoru Qiyen Monsuən və
"Institute European Perspective and Security" beyin mərkəzinin
direktoru Emanüel Düpüi oktyabrın 8-də Tərtər rayonuna səfər
ediblər.
Axar.az xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətində olan
qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi
çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması
nəticəsində yaranan problemlər barədə məlumat verilib. Tərtər Rayon
İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, rayonun
ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan
silahlı birləşmələri təmas xəttinə yaxın olan yaşayış məntəqələrini
daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə
məşğul olmasına maneçilik törədirlər.
Fransalı jurnalistlərin diqqətə çatdırılıb ki, bu ilin aprel
ayında erməni silahlı qüvvələrinin atəşkəsi aramsız pozması
nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də 15-20 kilometr
aralıda yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə
məruz qalıb. Hətta insanların sıx yaşadığı yaşayış məntəqələrinə
qadağan olunmuş ağ fosforlu bombalar atılıb. Nəticədə 400 yaxın
evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib,
32 ev tamamilə dağılıb. 9 nəfər mülki şəxs yaralanıb, ikisi məcburi
köçkün olmaqla, 3 nəfər həyatını itirib. Atəşkəsin pozulması
nəticəsində 198 məcburi köçkünün yaşadığı 52 ev yararsız vəziyyətə
düşüb. Məcburi köçkünlərin kompakt yaşadığı bir sıra kəndlərdə
elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və 1500 hektar kənd
təsərrüfatı ərazisinə ciddi ziyan vurulub.
Qeyd edilib ki, ermənilər işğal altında saxladıqları Sərsəng və
Madagiz su anbarlarından gələn suyun qarşısını suvarma dövründə
kəsirlər və nəticədə 31 min hektardan çox əkin sahəsinin
suvarılmasında çətinliklər yaranır. Qış fəslində isə suyu açaraq
əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına
səbəb olurlar. Düşmən tərəfindən təmas xəttinə yaxın olan
ərazilərdə yanğınlar törədilir, flora və fauna məhv edilir.
Sonra Fransanın KİV nümayəndələri rayon ərazisində yerləşən
hərbi hissədə və məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya
kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz
qalmış mənzillərə baxıb, məcburi köçkün ailələri ilə görüşüb,
onların problemləri ilə maraqlanıblar. Fransalı jurnalistlərə,
həmçinin ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi
münasibətilə Şıxarx qəsəbəsində vaxtilə onların özləri tərəfindən
tikilmiş "Marağa 150" abidəsinin qalıqları göstərilib.