Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hazırkı çətin
makro-iqtisadi və maliyyə durumunda xeyli müsbət nəticələr əldə
edib. Fondun aktivlərinin və valyuta idarəetməsindən gəlirlərinin
əhəmiyyətli artımı, xərclərinin kəskin azalması təqdir
olunmalıdır.
Axar.az xəbər verir ki, bu haqda iqtisadçı Qubad İbadoğlu yazıb.
Ekspert Dövlət Neft Fondunun 9 aylıq fəaliyyətində müsbət
tendensiyaların çoxaldığını bildirib:
"ARDNF 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və
xərclərinə dair məlumatları mətbuat vasitəsilə ictimaiyyətlə
bölüşüb. Bu məlumatların təhlili göstərir ki, hesabat dövrü ərzində
Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar
gəliri 2,6 milyard manat olub. Bununla yanaşı, bu il ərzində Fondun
aktivləri 2,3 milyard dollara qədər artıb.
Hazırda bu aktivlər 12 növ müxtəlif valyutadan ibarət səbətdə
saxlanılır. Belə ki, aktivlərin 47,6 %-i dollar, 35,3 %-i avro, 5,3
%-i manat, 4,9 %-i ingilis funtu, 3,8 %-i qızıl, 1,5 %-i rus rublu,
1,4 %-i yuan, 1,3 %-i Koreya vonu, 1,2 %-i türk lirəsi, 1,1 %-i
yapon ienası, 0,6 %-i isə Avstraliya dolları və digər
valyutalardadır.
Fondun aktivlərinin 68,6%-i inkişaf etmiş ölkələrdə, 28,8%-i
inkişaf etməkdə olan ölkələrdə, 2,6%-i isə beynəlxalq maliyyə
institutlarında yerləşdirilib.
ARDNF-nin investisiya portfelinin coğrafi regionlar üzrə
təsnifatı göstərir ki, vəsaitlərin 41,6%-i Avropada, 27,3%-i
Asiyada, 24,1%-i ABŞ-da, 3,9%-i Avstraliyada, yerdə qalan 0,5%-i
isə digər regionlardadır. Bu vəsaitlərin 36,1%-i 1 ilə qədər olan
müddətdə, 20,7%-i müddətsiz olaraq səhmlərə, qızıla və əmlaka,
19,2%-i 1 ildən 3 ilə qədər, 14,5%-i 3 ildən 5 ilə qədər, 9,2%-i 5
ildən çox müddətdə yerləşdirilib. Hazırda Fondun vəsaitlərinin
79,3%-i çox aşağı faizlə (1 faizə qədər) sabit gəlirli istiqrazlara
və pul bazarı alətlərində, 11,6%-i səhmlərdə, 5,3%-i əmlakda,
3,8%-i qızıla investisiya olunub".
İqtisadçının sözlərinə görə, cari ilin 9 ayında Fondun
vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 734,8 milyon
manat təşkil edib ki, bu da manat ifadəsi ilə ötən ilin eyni
dövründən 15, dollar ifadəsi ilə 10 dəfəyədək çoxdur:
"ARDNF-nin cari siyasətindəki müsbət dəyişikliklər yalnız
aktivlərinin və vəsaitlərinin idarə olunmasından əldə edilən
gəlirlərinin artımı ilə xarakterizə olunmur, eyni zamanda, Fondun
büdcəsinin xərclər hissəsində rasionallaşma da müşahidə olunur.
Belə ki, Neft Fondundan ötən ilin eyni dövründə 2015-ci il
büdcəsinin icrası çərçivəsində 5,65 milyard manat vəsait dövlət
büdcəsinə transfert edilibsə, bu ilin eyni dövründə 2016-cı il
dövlət büdcəsinə cəmisi 3,26 milyon manat vəsait köçürülüb. Bu
göstərici ötən illə müqayisədə 42,3% azdır və bu il üzrə proqnozun
47,2%-i təşkil edir.
Neft Fondun büdcəsinin icrasında diqqəti çəkən müsbət
məqamlardan biri də ötən ilin eyni dövrü ilə müqayisədə ARDNF-nin
idarə edilməsi ilə bağlı xərclərinin 20,2 milyon manatdan 11,9
milyon manata qədər azalmasıdır.
ARDNF-in aktivlərinin və valyuta idarəetməsindən gəlirlərinin
əhəmiyyətli artımı, xərclərinin, xüsusilə də idarəetmə xərclərinin
kəskin azalması menecmentinin düzgün qurulması və məsrəflərinin
rasionallaşdırılmasının göstəricisidir və təqdir olunaraq digər
büdcə təşkilatları üçün nümunə kimi təqdim edilməlidir".