Yuxarı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

Xalq şairi Sabir Rüstəmxanlının “Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı təqdim edilib.

Axar.az “Bakupost”a istinadla xəbər verir ki, Sabir Rüstəmxanlı verilişdə 1991-ci ilin avqust-oktyabr aylarında keçmiş SSRİ-də və Azərbaycanda baş verən siyasi proseslərdən, Sovet İttifaqının süqutundan və Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizədən danışıb.

Xalq şairi bildirib ki, tarixin mühüm məqamlarını zaman-zaman xatırlamaq və onlardan nəticə çıxarmaq lazımdır:

“İnsanın ən böyük üstünlüklərindən biri odur ki, o, tarixi, keçmişi unutmur, ondan ibrət alıb gələcəyini qurur. Avqustun sonu, sentyabrın əvvəli həm keçmiş SSRİ-nin, həm də Azərbaycanın tarixində unudulmaz günlər olub. 1991-ci il avqustun 19-da SSRİ-də QKÇP deyilən çevriliş cəhdi baş verdi. Amma onun ömrü cəmi üç gün çəkdi”.

Sabir Rüstəmxanlının sözlərinə görə, həmin üç gün SSRİ-nin dağılması prosesini sürətləndirdi və ittifaq daxilində siyasi vəziyyəti kökündən dəyişdi:

“O zamankı Azərbaycan hakimiyyəti QKÇP-ni dəstəklədi. Xalq Cəbhəsinin İdarə Heyətinin üzvləri isə çevrilişə qarşı çıxdılar. Beləliklə, Azərbaycan hakimiyyəti ilə Xalq Hərəkatı arasında növbəti fikir ayrılığı yarandı.

Mən buna düşmənçilik kimi baxmıram. Fikrimcə, Azərbaycan hakimiyyəti düşünürdü ki, Qorbaçovun Azərbaycana qarşı yanlış münasibətini yaranacaq yeni sistem düzəldə, Ermənistanın torpaqlarımıza iddialarını bu yolla aradan qaldıra bilər.

Azərbaycan hakimiyyəti martın 17-də xalqı SSRİ-nin tərkibində qalmaqla bağlı referenduma apardı. 43 millət vəkili referendumun əleyhinə səs verdi. Naxçıvan isə ümumiyyətlə referenduma qatılmadı”.

Sabir Rüstəmxanlı qeyd edib ki, QKÇP-nin süqutundan sonra Azərbaycan Xalq Cəbhəsinin mövqeyinin doğru olduğu üzə çıxdı:

“Bundan sonra AXC-nin Sabir adına texnikumun köhnə binasında yerləşən qərargahına basqın edilib.

Binaya zəhərləyici maddə buraxdılar. Rəhmətlik Elçibəy, İsa Qəmbər və mən ikinci mərtəbədə idik. Ora da soxuldular və bizi zorla birinci mərtəbəyə düşürdülər”.

Xalq şairi həmin hadisə zamanı xəsarət aldığını da xatırladıb:

“O vaxta qədər Azərbaycan polisi mənə əl qaldırmamışdı. Orada arxadan başıma zərbə vurdular. Elçibəyi də eyni yerdə vurdular. Sonra məni Oktyabr Rayon Polis İdarəsinə apardılar. Qan dayanmadığından oradan o vaxtkı “Semaşko” xəstəxanasına getdim. Başıma yeddi tikiş qoydular. Həkim hematoma olduğunu dedi və altı aydan sonra yenidən gəlməyi məsləhət gördü. Bildirdi ki, yara qalsa, həyata vida, çəkilsə, yaşayacaqsan”.

Sabir Rüstəmxanlı xatırladıb ki, avqustun 30-da xalqın təkidi ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul edildi:

“O zaman Ali Sovetdə 25 nəfərlik Müstəqil Azərbaycan Deputat Blokunun həmsədri idim. Digər həmsədr rəhmətlik Tofiq Qasımov idi.

Həmin iclasda Heydər Əliyevin çıxışı indi də yadımdadır. O bildirdi ki, SSRİ dağılır və Azərbaycan müstəqil olmalıdır.

Oktyabrın 18-də yenə də çətinliklə Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul edildi. Beləliklə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Dekabrda isə SSRİ dağıldı”.

Xalq şairi verilişdə Dağıstanın məşhur şairi Rəsul Həmzətovla bağlı maraqlı xatirəsini də bölüşüb:

“SSRİ Ali Sovetinin Moskvadakı sessiyası zamanı dəhlizdə Rəsul Həmzətovla qarşılaşdım. O, Azərbaycanda bir kitabının da qalmadığından “şikayətləndi”. Dedim ki, bunun günahı özünüzdədir, çünki siz erməniləri müdafiə etdiniz, onların saxta kağızına qol çəkdiniz.

Dedi ki, məclisdə kefli vəziyyətindən istifadə ediblər və qarşısına qoyulan kağıza qol çəkib. Dedim, ayılandan sonra təkzib edə bilərdiniz. Bildirdi ki, bunu bəlkə mən yazım. Dedim, edə bilmərəm, çünki təminatım yoxdur.

Sonralar Heydər Əliyev onu Azərbaycana dəvət etdi və Rəsul Həmzətov dolayı yolla da olsa, səhvini etiraf etdi”.

Sabir Rüstəmxanlı çıxışının sonunda 35 il əvvəl baş verən həmin hadisələri yenidən xatırlamağı özünə mənəvi borc bildiyini söyləyib:

“1991-ci il sentyabrın 1-də SSRİ Ali Sovetinin sonuncu sessiyası çağrıldı. Respublikalardan müxalifət düşərgəsini təmsil edən bəzi deputatlar da dəvət olunmuşdu. Sonunu hiss edən Qorbaçov da çıxış etdi. Biz həmin tarixi hadisələrin şahidi olduq.

35 il keçəndən sonra bunları xatırlamağı özümə borc bildim. Sevinirəm ki, Azərbaycan müstəqildir. Artıq ərazi bütövlüyümüzü də bərpa etmişik. O vaxt çəkilən zəhmət hədər getməyib”.

Tarix
2026.09.04 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla