Bu gün Eldar Mahmudovun vəzifəsindən qovulmasının 1 ili
tamam olur. 2015-ci il oktyabırın 17-də Milli Təhlükəsizlik
Nazirliyində (MTN) başlanan proses bir çox yüksək çinli MTN-çilərin
həbsi, qurumun ləğvi ilə sonuclandı.
Axar.az Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü
Zahid Orucun ötən müddətdə həyata keçirilən istintaq tədbirləri,
atılan addımlar və görülməli işlərlə bağlı Musavat.com-a verdiyi
maraqlı müsahibəni təqdim edir:
- Ötən 1 il ərzində Eldar Mahmudov və onun bandit dəstəsinin
vəzifəsindən azad edilməsi, daha sonra MTN-nin ləğvi Azərbaycanın
dövlət idarəçiliyi və ictimai-siyasi həyatında aparılan dəyişiklik
kimi dəyərləndirilə bilər. Azərbaycandakı hadisə son dərəcə
dəhşətlidir və ölkəmizdə təhlükəsizlik orqanlarının adına, məxfi
orqan təmsilçilərinin daşıdığı mundirə tarixən vurulan ən böyük
zərbədir. Hökumətin yüksək çinli şəxslərini, dövlətin ali
orqanlarının təmslçilərini özünümüdafiəyə cəlb etməklə illər
ərzində mütəşəkkil anti-Azərbaycan fəaliyyəti aparılıb.
- Bu fəaliyyətdən Eldar Mahmudov milli təhlükəsizlik
naziri olaraq xəbərsiz qala bilərdi?
- Qətiyyən! Hazırda prokurorluq və məhkəmə orqanlarındakı
işlərdən bəziləri mediaya çıxır və bir daha əksər məsələlərdə Eldar
Mahmudovun qara silueti, hissiyatsız və donuq kölgəsi üzə çıxır.
Başqa şəxslərin məsuliyyəti bir qurumun rəhbərindən gələn repressiv
və total soyğunçuluq əməllərini pərdələyə bilməz. İnkivizitorun baş
cəlladı rolunda Akif Çovdarovun qorxunc və amansız obrazı qabarsa
da Mahmudovun tamakar nəfəsi hər addımda duyulub. Cinayət
Məcəlləsinin onlarla maddəsinə uyğun hərəkət edən adamların
qurbanları sırasında hər kəs olub.
Onların partiya mənsubiyyətinə, daşıdığı vəzifənin ranqına və
aid olduğu silkin iearaxiyadakı yerinə baxmayaraq, "dövlət içində
dövlət kimi" hərəkət edənlər insanlar üzərində qəddar ovlama,
yağmalama və işgəncə maşını qurublar. Yüksək dövlət təmsilçiləri
arasında daim parçalanma təbliğatının mənbəyi də o idarə olub.
Kompramat savaşı imkan verməyib ki, Eldar Mahmudovun əmmələrinə
qarşı konkret bir nazirlik və ya şəxslər onu zərərsizləşdirə
bilsinlər. Hərçənd ona qarşı böyük müqavimət göstərən dövlət
adamları olub və Eldar Mahmudov müxtəlif səviyyəli doproslara
çağırılıb və hakimiyyətdə ona qarşı kəskin dirəniş göstərilib.
Lakin daim ölkənin təhlükəsizliyi naminə, həmçinin, çekistlərin
bacardığı iz itirmə əməliyyatları hesabına 11 illik vəhşət davam
edib.
Yəqin ki, gələcəkdə müxtəlif nazirlər əleyhinə, hökümətin
fəaliyyəti ilə bağlı, beynəlxalq məkanda ölkənin ali şəxslərini
hədəf seçən kompramat materialların yayılmasında konkret əməllər
sübuta yetiriləcək.
- Bu fikirlər real informasiyaya əsaslanır?
- Buna heç şübhə yeri yoxdur. Cinayətin aşkarlanmasının iki
forması var. Biri konkret məlumatlar əsasında gedib cinayətkarları
ifşa edirsən. Onun əlavə dəlillərə və izahata ehtiyacı qalmır.
Digəri isə həmin fəaliyyətin ara verməsi, epizodik və pərakəndə
vəziyyətə düşməsindən çıxış edib söyləmək olur ki, Azərbaycanı
ləkələyən toplara mərmilər buradan qoyulub. Siz həmin kampaniyanın
intensivliyinin indi kəskin şəkildə aşağı düşdüyünə şahidsiniz.
Həmin orqanın təmsilçiləri fəaliyyətə başlayarkən işlərinin
məxfi xarakterinə görə dövlət sirri olan məlumatları yaymamaq
öhdəliyi götürürlər. Ancaq Akif Çovdarovun məhbəsdən cəmi 1 dəfə
verdiyi mesajdakı şantaj və dövləti təhdid müraciətinə hakmiyyətin
reaksiyasından çıxış edib deyə bilərik ki, onun mühüm
informasiyalarının açılmasından heç kəs qorxmur. Çünki ölkənin
maraqlarını qorumaq üçün mühüm kəşfiyyat fəaliyyəti başqa
orqanların və ləyaqtəli çekistlərin çiynində olub.
Bilirsiz, xəfiyyə sistemi dünyada elektron casusulugu həyata
keçirir, rabitə sisteminə, poçt yazışmalarına və digər
kommunikasiya vasitələrinə müxtəlif "cilovlama proqramları" tətbiq
edirlər. Bu zaman ələ götürülən informasiya kütləsinin 90 faizindən
gərək imtina edəsən, çünki onun dövlət təhlükəsizliyi ilə heç bir
əlaqəsi olmur. Əks halda özünü allahlaşdırıb vətəndaşın həyatına və
taleyinə sərəncam verən iblis mərkəzinə çevriləcəksən. Müxtəlif
kompüter oyunlarındakı vampir çetesi kimi.
Eldar Mahmudov və onun ətrafı kəşfiyyat, əks-kəşfiyyat
fəaliyyətini gerçəkləşdirməkdənsə, vətəndaşları yeyərək akulaya
çevrilən "ölüm fabrikası"na çevrilib. Lakin ötən 1 ildə xarici
dövlət təmsilçilərindən onların əleyhinə müraciətlərin olmaması
məni təəccübləndirir. Zənn edirəm ki, müxtəlif investisiya
layihələrini həyata keçirən xarici şirkətlərə də qanlı general
şaykasının əli uzanıb.
- Belədirsə, Eldar Mahmudov nə üçün həbs
olunmur?
- Ölkə rəhbəri iradəsini və sərt xarakterini göstərib. Yəni,
"toxunulmaz şəxs" yoxdur. Ona görə Eldar Mahmudovu "qoruyan daxili
və xarici əl" versiyasını tamamilə kənara qoymaq olar. Onun
şəxsiyyət probu o ölçüdə deyil. Belələrinin xarakter kimliyi, insan
materialı və mənəviyyat əmsalı onu daim hifz etməyə imkan vermir.
Lakin şübhə etmirəm ki, xarici agentura mərkəzləri müxtəlif
ssenarilərini bizə yeridərək böyük tələlər qurublar və bizim çekist
sayılan diletantları iradə ediblər. Azərbaycan təhlükəsizlik
orqanları içərisində casus qrupları işləyib. Ona görə də
hakimiyyətin həbs qərarı verməməsi ona lütflə bağlı deyil, zənn
edirəm digər daha böyük miqyaslı planlardan irəli gəlir. Çünki
dünyanın təhlükəsizliklə bağlı dosyelərini incələyəndə görürsən ki,
düşmənlərin hamısına çıxmaq üçün baş günahkarı müəyyən qədər
neytral meydanda saxlamalısan. Onda oğurlanan milyardlara və digər
böyük akulalara çıxmaq asanlaşacaq. Bu sırf əməliyyat taktikası
kimi seçilə bilər. Əsas versiyalardan biri budur.
- Bəs Eldar Mahmudovu istintaqdan kənar saxlayan başqa
səbəblər varmı? Ötən 1 illik müddət istintaqın konkret nəticəyə
gəlməsinə yetmədimi?
- Ən başlıca məsələ Eldar Mahmudovun faktiki olaraq haram
pullarla tikdiyi villasında onsuz da məhbus ömrü yaşamasıdır. Ancaq
bu orqan vasitəsi ilə külli miqdarda vəsaitlər Beynəlxalq Bankla
əlaqəli, həm də talançılıqla və korrpusiya ilə bağlı vəsaitlərin
xaricə axını baş verib. Bu, milyardlarla manat vəsait deməkdir.
Zənnimcə dövlət atdığı hər bir addımda baş vermiş fəsadların mümkün
geri dönüşünü hesablayır.
Lakin baş günahkarın aqibətindən asılı olmayaraq, həyatını və
maddi varlığını qorumaq üçün terror qrupları kimi hərəkət edən
çekist bandası ilə mübarizədə ziyan çəkən və məhrumiyyətlərə düçar
olan hər kəsi "repressiya qurbanı" kimi tanımaq lazımdır.
"Karvansaray" ticarət mərkəzinin taleyindən tutmuş, 8-ci kilometrdə
yerləşən bazara qədər geniş coğrafiyada və çeşiddə baş verənləri
başqa adla qiymətləndirmək mümkün deyil. Həmin hadisələri indi
təsvir edəndə adamın ürəyi bulanır, hiddət və qəzəb, intiqam və
cəza tələbi bir-birinə qarışır.
1-ci mərtəbədə işgəncə ver, 2-ci mərtəbədə rəqəm oxu, 3-cü
mərtəbədə ram edə bilmədiyin adamları saxta işlərlə məhbəsə göndər.
Çoxmərtəbəli cinayət yuvası əsil erməni məkri ilə işləyib. Milləti
belə amansız sümürən heç bir müətəşəkkil cəza dəstəsi bir qurum
boyda heç vaxt olmayıb. O adı və çekist libasını xilas etmək üçün
hər kəs cinayətinə görə cavab verməlidir. Çovdarovları
vətənşalıqdan məhrum etmək onları İŞİD terrorçuları ilə eyni
səviyyədə qəbul etmək demək olardı və Azərbaycan dövləti, milləti
belə başkəsənlərdən xilas olardı. Lakin təhlükəsizlik orqanlarının
fəaliyyətinə nəzarət edən qurumların təmsilçiləri də bu məsələdə
məsuliyyət daşıyır.
- Dediklərinizdən belə aydın olur ki, Eldar Mahmudovun
istintaqdan kənarda saxlanılması onun fəaliyyəti dövründə ölkədən
kənara çıxara bildiyi milyardların geri qaytarılmasıyla
əlaqədardır. Onu həbsə alıb, həmin o pulların geri qaytarılmasına
nail olmaq doğru addım olmazdımı?
- Eldar Mahmudov Beriyadan da bir qədər irəli gedib, tamahı
qılıncından iti olub. Belə olan təqdirdə onu cəmiyyətdən izolasiya
edib məhbusa çevrimək yarımçıq qələbəyə çevrilər. Hər halda
prokurorluq orqanlarının qurduğu əməliyyat xəritəsi var. Ona görə
səbrli olmaq lazımdır.
Dzerjinski deyirdi ki, çekistin isti ürəyi, soyuq beyni və təmiz
əlləri olmalıdır. Eldar Mahmudov, onun şaykası isə tamamilə əksinə
işləyib. Onun fəaliyyətini ifşa etmək o qədər də asan deyil.
İstintaqın sonunda verilən qərar bir çoxlarının gözlədiyi kimi
olacaq. Çünki sabiq nazirin cəzalanmaması müəyyən insanlarda xof
yaradacaq.
- Hətta onun bir müddət sonra yenidən digər yüksək
vəzifəyə gətiriləcəyi ilə bağlı söz-söhbətlər də səngimək
bilmir.
- Bu, informasiya mühitini keçmişdəki kimi müxtəlif ssenarilərlə
idarə etmək təxribatıdır. Yüzlərlə şəxs orqandan qovulub, cinayət
məsuliyyətinə cəlb olunub. Lakin ən böyük dəhşət qurduğun evin,
haram pullarla tikilmiş malikanənin sənin üçün məhbəsə
çevirilməsidir. Dünən qorxu və xof içində sənə təzim edənlər, layiq
olduğun qiyməti verəndə, hər gün ölüb təzədən diriləcəksən. Bundan
böyük cəza yoxdur. Erməni içərisində vandallıq edənləri düşmən kimi
anlaya bilirsən. Bəs təhlükəsilyimizi qorumalı olanların təhlükə
saçmasına necə bəraət qazandırmaq olar? Qırılan talelər cavabdehlik
tələb edir.
- Bütün bunlar mənəvi cəzadır. Eldar Məhmudovun real
cəzaya çatdırılmaması gələcəkdə onun kimi məmurların ortaya çıxması
üçün münbit şərait yaratmırmı? Hansısa bir nazir düşünə bilər ki,
Eldar Mahmudov milyardları taladı, ona nə etdilər ki? Və bu düşüncə
ilə hərəkətə keçə bilər.
- Dövlətin ali instansiyalarına gedən xəbər xəttlərini bloklamaq
mümkün olub. Çünki hər adamı yeyərkən onun satqın obrazını yarada
biliblər. İş adamını və ya siyasətçini şəxsi məlumatları ələ
götürüləndə idarə etməyə nə var. Trotskilər, buxarinlər,
zinovyevlər məgər antisovet fəaliyyəti aparmırdılar? Ona görə
milyonları töycü kimi alarkən hərənın ağzına bir qıfıl vurublar və
qədimlərdə katolik kilsəsinin verdiyi indulgensiya qəbzinə bərabər,
lallıq statusu təsis eləyiblər. Hamı bac-xərac verib gilyotina
bıçağından qaçmağa çalışıb. Ona görə də ifşa prosesi və cəzasızlıq
mühiti 11 il çəkib.
Əlbbətə, Mahmudovun şəxsən məhkəmə qarşısında dayanmaması
insanlarda xəyal qırıqlığı yaradacaq. Adamlar şərin ölümsüzlüyünə
və gücünə inanacaqlar. Buna yol vermək olmaz.
- E.Mahmudovun fəaliyyəti dövründə birbaşa onun nəzarəti
altında tərtib olunan qondarma ittiham aktları müvafiq orqanda
təsdiqlənib, məhkəmələrdə ittihamedici hökmlər çıxarılıb. Günahsız
insanlar həmin qondarma cinayət işlərinə görə bu gün də
həbsdədirlər. Azərbaycan prokurorluğu, məhkəməsi Eldar Mahmudov və
onun komandası ilə bağlı tam, hərtərəfli və obyektiv istintaq,
məhkəmə aparıla bilər?
- Parlamentdə bu məsələyə toxunmuşdum, baş verən cinayətlərin
araşdırlması üçün şübhəsiz ki, ayrıca istintaq komissiyasının
yaradılmasına ehtiyac var. Çünki bunu birdəfəlik anlamaq lazımdır
ki, bu cinayətlər lokal xarakter daşımayıb, şəbəkələşib və
başqalarını da əhatə edib. Müxtəlif şantaj üsulları ilə dövlət
rəsmilərini özlərinə boyun əydirə biliblər. Azərbaycan müstəqilik
tarixində dövlət çevrilişi cəhdləri ilə müqayisədə belə səssiz bir
şəkildə hakimiyyətin tutulması baş verməyib. Dövlətin bütün
qollarını sarıblar. Bunlar da bizim paralel hökumətimiz olub. Onlar
addım-addım zirvəyə yaxınlaşıblar. Ona görə vurulan ziyanların tam
obyektiv araşıdırlması və cəmiyyətin məlumatlandırlması, gələcəkdə
belələrinin xaricdən müdafiəsinin qarşısının alınması üçün xüsusi
komissiyanın yaradılmasına böyük ehtiyac var. Lakin söhbət qətiyyən
istintaq inamsızlıqdan getmir.
- Ali dövlət rəhbərliyinin qanunsuz yolla
dinlənilməsindən əldə olunmuş məlumatlardan Eldar Mahmudovun özünü
qoruma vasitəsi kimi istifadəsi haqda məlumatlar var. Eldar
Mahmudovun 1 il ərzində həbs edilməməsini bu məlumatların təsdiqi
hesab etmək olarmı?
- O, Alen Dalles, yaxud, keçmiş alman KQB-sinin rəhbəri Markus
Volfun heç dırnağı da deyil. Kimdir belə adam, daha strateji planda
işləməyi bacarsın və hamını əsarətdə saxlasın. Onun toxunulmazlığı
yoxdur və indi ən zəif həlqədir. Lakin ölkənin varidatı geri
qayıtmalıdır. Özü də şəffaf bir şəkildə.
Mahmudov keçmişdə sovet əmlakını dagıdanlara qarşı mübarizədə
hansı analtik, peşəkar xəfiyyə bacarığı əldə edib ki,
dövlətlərarası siyasətə və regional maraqlar döyüşünə qadir
əks-proqramlar qura bilsin. Beləsinin məlumat bankı Cahangirin pul
seyfindən ibarət olub, ofşor zonlarına axan malyəyə kontrol edilib
və "Vikiliks"lə müqayisədə ara dedi-qodularına "məxfi" kodunu
yapışdırmaq təşkil edib. Bəlkə də Ziya Yusifzadə kimi nəhəngin
ürəyi partladı belələrinin yanında. Halbuki o ideal kişini də
belələri reklam şiti olaraq çıxarırdılar.
- Hökmün çıxarılması məhkəmənin müstəsna səlahiyyətidir.
Azərbaycan məhkəmələrinin hazırkı durumunda belə hökmün
çıxarılacağına inanırsınız?
- Məsələ dövlət başçısının nəzarəti altındadır. Konkret şəxslərə
münasibətdə güzəştli, qorxaq mövqe tutulacağına inanmıram. Əksinə,
çox sərt istintaq fəaliyyəti aparılır. Məhkəmələrimiz üçün də
tarixdə qurulan ədalət mühakiməsi kimi bir sınaq dövrüdür. Məgər,
hakimlərin özü və ya övladları o katorqadan sığortalanmışdı? Onsuz
da ilahinin qüdrəti Çovdarovu içini çıxararaq onu yarımcana çevirib
- milyonlar özü ilə bərabər, şəkər xəstəliyini, xərçəngi və
mədəsiz, qara ciyərsiz bir bədəni bəxş edib. Göydəki qərar verib,
qalıb yerdə onu rəsmiləşdirmək.
Dünyada balans qanununu heç kəs poza bilməz. Sümüklərdən saray
tikmək olar, lakin orada Bulqakovun iblisi kimi hər gün yalan,
alçaqlıq və rəzillik sənə hökmranlıq edəcək. Yəqin, Mahmudov indi
də kimisə buyurur, əmr edir edir, alır, satır. Baxın, necə qiymətli
dedektiv romanlara mövzudur.
- Eldar Mahmudovun müavini Hilal Əsədovun, istintaq
idarəsinin rəisi Mövlam Şıxəliyevin adları bir sıra cinayətlərdə
hallansa da, istintaqdan kənar saxlanılmaları nə ilə əlaqəli ola
bilər?
- Mümkündür ki, bu şəxslər günahsızdır və başqa sahələrə nəzarət
edərək, yuxarıda qeyd etdiyimiz dövlət məlumatları üçün "nazik
cığır" olublar. Yəqin, çoxsaylı üzləşmələr aparılıb, idafələr
alınıb və belə olması məqbul sayılıb.
- "MTN işi"ndən az sonra "Rabitəçilərin işi" də başladı.
Maraqlıdır ki, həmin işdə də nazir Əli Abbasovu istintaqdan kənar
saxlayıb ətrafında olan şəxsləri həbs ediblər. Bu qədər cinayət
törədilibsə, təkcə aparat rəhbərinə 60-70 milyon manatlıq yeyinti
ittihamı irəli sürülübsə, bundan nazir xəbərsiz ola
bilərdi?
- Əli Abbasov elm adamı idi. Akademik savadı ilə idarəçilik
sistemində özünməxsus hörmət qazanmışdı. Bizlər üçün əlçatan idi və
hər zaman o qurumun inkişafında fəal rol oynamağa çalışırdı.
Bunları inkar etmək olmaz. Lakin konkret şantajla üz-üzə qalanda
gərək seçim etməyi bacaraydı. Axı xəfiyyə orqanı onların içində
oturanda məgər o deməkdir ki, Mahmudov imperatordur?
Lakin nazirliyin çoxmilyonlu yeyintilərini heç kəs inkar edə
bilməz. Kimlər dövlət vəsaitini talayıbsa, onların Əli Abbasovun
üzünə durması nəyisə dəyişmir. Hər halda əsas şəbəkə, necə
deyərlər, ana plata MTN və onunla bağlı şəxslər olub.
- Bu günlərdə prezident Naxçıvanın milli təhklükəsizlik
naziri olmuş Vəli Ələsgərovun ali hərbi rutbədən, təltiflərdən
məhrum edilməsi ilə bağlı sərəncam imzaladı. Eldar Mahmudovla bağlı
belə bir sərəncam gözlənilirmi?
- Dövlət başçısının şəxsi hiddətinin Şəkidə açılış mərasimində
şahidi olduq. Buna görə də təxmin etmək olar ki, Eldar Mahmudovla
da bağlı müxtəlif addımlar atıla bilər.
- Eldar Mahmudovun vəzifədən çıxarılandan sonra
öldürülməsi ilə bağlı cəmiyyətdə müxtəlif səpkili versiyalar
müzakirə mövzusudur. Bölüşürsünüzmü bu versiyaları?
- Xaraktercə qəddar insanlar deyilik və hər kəsin əməlinə
qanunla qiymət verilməsinin tərəfindəyik. Belə insanlar üçün ölüm
mükafat olardı. Cəmiyyətin hiddəti, məzəmməti daha böyük cəzadır.
Mahmudovun torpaq altında olması xəbəri insanlarda rəhm hissi
qazanmağa hesablanan çekist trüyüküdür. O, sağ salamatdır, hər gün
törədilmiş cinayətlərlə bağlı sorğu-sualın və digər müşayetedici
baxışların altındadır.
- 2005-ci ildə "Monitor" jurnalının baş redaktoru Elmar
Hüseynov qətllə yetiriləndən sonra prokurorluq orqanları azad sözə
yönəlmiş ağır cinayətin üstünün açılması üçün bir sıra mühüm
addımlar atmışdılar. Qətldə dolayısı ilə iştirak etmiş Turqay
Bayramov həbs edilmiş, killer dəstəsinin 2 üzvü müəyyən olunmuşdu.
Lakin cinayət işi prokurorluqdan MTN-ə ötürüləndən sonra istintaq
yerində saymağa başladı, cinayətin üstü açılmamış qaldı. Necə hesab
edirsiz, bu cinayət işinin yenidən araşdırlmasının zamanı
deyilmi?
- Qeyd etdyiniz açılma baş vermədiyindən kriminal hadisələrdən
Azərbaycan əleyhinə əfsanələr düzəldilir. Əlbəttə, dövlət bunun
fərqindədir. Hər halda Kennedinin qətli ilə müqayisədə sözügedən
səs-küylü cinayətlər açıla biləndir. Lakin mürəkkəb məqamları və o
dövrkü siyasi konteksti unutmaq olmaz.
Məsələn, Binaqədidəki məlum bina yanğını ilə ölkəmizdəki mühüm
beynəlxalq hadisələr arasındakı bağın mövcudluğu 15 insanın ölümü
ilə hesab ödədiymizin qənaətini yaradır. Hər halda həmin işlə bağlı
məhkəmə çox ləyaqətli bir iş admının - dövlət yolunda başını qoyan
bir insanın üzərində Azərbaycanı yandırmaq istəyənlərin təxribatına
daha çox əmin olursan. Yoxsa, dövlətin Bakıya qoyduğu investisyanı
və şəhərimizin yenidən qurulması siyasətini necə diversiya etmək
olardı? Deməli, məhkəmə 15 adamın ölümünü keyfiyyət və normativ
hallara bağlayıb aktlaşdırsa, hökm cəmiyyətdə birmənalı qəbul
olunmayacaq. Azərbaycanda 5-10 normal burjuaziya nümayəndələrini
beləcə iflic edib ölkənin iqtisadi mühitinə zərbə vurdular.
Miryusif Mahmudov həyatını itirənlərlə barəbər, müxtəlif qrupların
arasında gedən savaşın qurbanıdır. Əsl günahkarlar tapılmasa,
terror və qəsdləri davam etdirənlər azadlıqda qalacaq. Elmar
Hüseynovsa rəngli inqilab ssenarisinin yeminə çevrildi.
- Fakt odur ki, bu cinayətin əsas icraçılarının adı
bəllidir və cinayət işi öz məntiqi nəticəsinə
çatdırılmır.
- Xatırlayırsız, jurnalist Qonqadzenin öldürülməsi Ukraynada
Kuçmanın siyasi qətlini doğurdu. Elmarın aradan götürülməsi o vaxt
hakimiyyət içində səfirliklərdən çevrilişə viza alanların
satqınlığı və narıncı dalğanın axarında baş verdi. Ölkənin daxili
həyatını sarsıtmaq üçün gərginlik nöqtələrini tərpətmək ən yaxşı
yoldur. Halbuki prezident İlham Əliyev iqtidara özünü düşmən
saynların çoxunu bağışlamış, onları məhbəsdən azad etmişdi və
ölkədə o vaxt siyasi barış havası hökmranlıq etməyə başlamışdı.
Hüseynovun qətli iqtidara qətiyyən lazım ola bilməzdi. Əksinə,
Elmarın atası Sabir Hüseynov müsahibəsində demişdi ki, o vaxtkı
müxalif qüvvələr Elmarın tabutunu küçə-küçə gəzdirmək üçün ona
müraciət ediblər. Cəsədlərdən keçib hakimyyətə gəlmək o vaxt
xaricdən idarə olunurdu və hədəfə gələnlər də, belə demək
mümkündürsə, seçilmişdi.
- Ötən 1 il ərzində yəqinləşdi ki, Azərbaycan hüquq
mühafizə orqanları Eldar Mahmudovun rəhbərliyi dövründə və altında
törədilən cinayətlərin hamısının tam olaraq araşdırılmasına bır
sıra səbəblərdən yenidən qayıtmaq istəmirlər. Həmin qondarma
cinayət işləri MTN-də tərtib olunsa da, prokurorluq orqanlarında
təsdiqlənib, məhkəmələrdə ittihamedici hökmlərlə bərkidilib. Belə
bir vəziyyətdə müstəqil istintaq komissiyasının yaradılması üçün
addımların atılması zamanı yetişməyib?
- Hüquq mühafizə orqanlarının bu cinayət işlərinin
araşdırılmasında maraqlı olmaması fikrini bölüşmürəm. Bununla belə
vətəndaşlarda, parlament üzvlərində, media təmslçilərində belə
yəqinlik var ki, törədilmiş cinayətlərin miqyası daha genişdir və
şəbəkə xarakterlidir.
Özlərini "Dartanyan və 3 muşketyor" səviyyəsində aparan, xalq
üzərində əməliyyat quran bu adamların fəaliyyəti ilə bağlı şübhəsiz
ki, komissiya yaradılmalıdır. Hüquqi qiymətlə yanaşı, dövlət və
cəmiyyət həyatından birdəfəlik belə əməlləri silmək üçün siyasi
qərarlar da qaçılmazdır.