Türkiyənin Zəfər Partiyasının sədri, sabiq millət vəkili Ümid Özdağ sosial şəbəkələrdə bəzi fəalların Azərbaycana qarşı kampaniyalar aparmasına reaksiya verib.
Axar.az xəbər verir ki, Özdağ bu barədə video-müraciətini X sosial şəbəkəsində yayıb.
“Son günlərdə ölkəmizin sosial mediasında Azərbaycanı və Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan mütəşəkkil hücum kampaniyası yaşanır. İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının 81-ci sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməsinə rəğmən, üçüncü katib səviyyəsində bir təmsilçini zalda buraxmasını bəhanə edən bəzi təxribatçılar və trollar tərəfindən qardaş Azərbaycana yönəlmiş çox ağır bir hücum kampaniyası başladılıb”, - Özdağ bildirib.
Onun sözlərinə görə, bu mütəşəkkil hücumun arxasında hansı ölkələrin kəşfiyyat qruplarının olduğunu təxmin etmək olar:
“Əvvəlcə bunu demək istəyirəm ki, Türkiyə ilə Azərbaycan dünya siyasi və diplomatiya tarixində heç görülməmiş səviyyədə yaxınlıq və güclə bir-birinə bağlı iki müttəfiq və qardaş olan ölkədir. Bu səviyyədə müttəfiqlik münasibəti nə ABŞ-İngiltərə, nə də Almaniya-Avstriya, nə də ki Rusiya-Belarus arasında var. Bu bənzərsiz müttəfiqlik münasibəti beynəlxalq münasibətlər üzrə ekspertlərin anlamaqda çətinlik çəkdiyi və dünyada bütün ölkələrin diplomatiya idarəetmələrinin qısqandığı bir məsələdir.
Çünki dünya üzərində heç bir ölkənin Türkiyə və Azərbaycan arasında olduğu şəkildə hər vəziyyətdə güvənəbiləcəyi bir ölkə yoxdur. Dünyanın hər yerində bir türk diplomatının olmadığı platformada Bakıdan gələn diplomatlar Türkiyəni ürəkdən təmsil edirlər. Azərbaycanın olmadığı yerdə də Türkiyə diplomatları Azərbaycanın maraqlarını müdafiə edirlər. Dünyadakı bütün ölkələrin diplomatları çox yaxşı bilir ki, azərbaycanlı diplomatın olduğu yerdə Türkiyə əleyhinə, türkiyəli diplomatın olduğu yerdə də Azərbaycan əleyhinə danışıla bilməz. Türkiyə diplomatları Azərbaycanın milli məsələləri üçün və Azərbaycan diplomatları Türkiyənin milli məsələləri üçün tapşırıq gözləmədən, özlüyündən diplomatik cəhd edir, nota verir, söz alıb danışır, hətta mediaya bəyanat verir.
Qısaca, Türkiyə və Azərbaycan yalnız bizim gözümüzdə deyil, dünyanın gözündə də bir millət, iki dövlətdir”.
Özdağ Türkiyə xalqına müraciət edib və bildirib ki, Azərbaycandakı Türkiyə sevgisi sözlə tərif ediləcək bir hiss deyil:
“Azərbaycanda hər evdə bir Azərbaycan və Türkiyə bayrağı var. Türkiyədə Azərbaycan haqqında danışacaq hər kəsin öncə bu həqiqəti bilməsi lazımdır. Getdim, gözlərimlə gördüm.
Əlbəttə, Azərbaycan bizim qardaşımızdır, amma eyni zamanda müstəqil dövlətdir. Daxili, xarici, iqtisadi və enerji siyasəti, ya da istədiyi hər hansı bir siyasəti öz maraqlarına uyğun olaraq öz iradəsi ilə müəyyən etmək haqqına sahib dominant bir dövlətdir. Türkiyənin və ya AKP iqtidarının əyaləti deyildir.
Azərbaycana olan baxışımız Azərbaycanın üçüncü bir ölkə ilə diplomatik münasibətlərini müəyyən edə bilməz. Bu münasibətlər Türkiyənin həyati əhəmiyyət kəsb edən maraqlarına birbaşa qarşı olmadığı müddətcə - ki, Azərbaycan belə bir şeyi də əsla etməz və etmir də - Azərbaycanı tənqid etmək haqqımız yoxdur.
Çox detallara girmək istəmirəm, amma İsraillə Azərbaycan arasındakı münasibətlərdən Türkiyədəki AKP iqtidarının belə zaman-zaman milli məsələlərdə istifadə etdiyini bilməliyik.
Azərbaycanın İsraillə olan münasibətləri üçün dominant dövlət olaraq öz səbəbləri var və öz tərəflərindən də haqlıdırlar.
Azərbaycan xalqı Fələstin Azərbaycana qarşı düşmən siyasət yürüdəndə, “qardaş Türkiyə niyə Fələstinə bu qədər yaxındır” deyə soruşmadığı halda, bizim İsraillə münasibətləri üzərindən Azərbaycanı günahlandırmağımız doğru deyil”.
Türkiyəli siyasətçi müraciətində AKP hakimiyyətini də tənqid edib və bildirib ki, partiya özünə xarici siyasət nailiyyəti yaratmaq üçün “Qarabağı biz aldıq, Qarabağı biz fəth etdik” kimi açıqlamalar verir:
“Bəli, Türkiyə Qarabağ müharibəsində Azərbaycana siyasi, diplomatik və hərbi dəstək vermişdi. Türkiyənin bu dəstəyi sayəsində Azərbaycana yönəlmiş beynəlxalq təzyiqlər əngəllənmiş və ya azalmışdı. Hərbi uğura da böyük dəstəyimiz olmuşdu, ancaq qələbəni Azərbaycan türkü qazanmışdır. Qarabağı Azərbaycan Ordusu geri almışdır. Zəfərə öz biləyinin haqqı ilə çatmışdır. Bu zəfər öncə qəhrəman Azərbaycan ordusuna, sonra bir-birinə bağlanan Azərbaycan xalqına aiddir. Bizə bu zəfərin yalnızca qürurunu yaşamaq düşüb ki, Azərbaycan xalqı bu qüruru bizimlə comərdcəsinə paylaşıb. Zəfər bayramlarında Azərbaycan bayrağı qədər Türkiyə bayrağı da nümayiş olunub.
İndi biriləri bizim Azərbaycanla aramızın pozulmasını istəyir. Bunların kimlər olduğunu təxmin edə bilərsiniz. Azərbaycanda heç kim - istər küçədə, istərsə də mediada - Türkiyəyə dil uzatdırmaz. Qardaşlığın öncəliyi də budur. İndi bizim də üzərimizə düşəni etmə günüdür. Türkiyədə də heç kimin Azərbaycana dil uzada bilməyəcəyini göstərməliyik. Azərbaycan əleyhinə paylaşım edən təxribatçılar və trollara haqq etdiyi cavabı verməliyik.
Bunu da bilin ki, Azərbaycana edilən hər hansı düşmənlik Türkiyəyə birbaşa edilən gizli düşmənliyin təzahürüdür. Burada AKP iqtidarına da səslənirəm. Müxalif jurnalistlərə və siyasətçilərə qarşı amansızca tətbiq olunan dezinformasiya qanunu sosial mediada Azərbaycana qarşı paylaşım edən trollara qarşı da tətbiq olunsun. Azərbaycanı söyən, təhqir edən hesablar bağlanılmalı, sahiblərinə qarşı hüquqi işlər başladılmalıdır.
Türkiyə Azərbaycanı təhqir etmənin sərbəst ola biləcəyi bir ölkə deyildir.
Dəyərli həmvətənlərim, unutmayın, Azərbaycan bizim can qardaşımızdır. Dünyadakı bütün ölkələr belə bir can qardaşa sahib olmaq hər şeylərini verərdilər. Bu qardaşlığın qədrini bilmək lazımdır. Eyni zamanda, qardaşa yalnızca sevgi deyil, sayğı duymağı da öyrənmək lazımdır. Azərbaycan həm millət, həm də dövlət olaraq bizim həm sevgimizi, həm də sayğımızı haqq edir. Azərbaycana hörmət etmək özümüzə hörmət etmək deməkdir”.
Ümid Özdağ sonda azərbaycanlılara Azərbaycan türkcəsindən də bəzi ifadələr işlətməklə müraciət edib:
“Bizim qardaşlığımız da, müttəfiqliyimiz də 4000 il əvvəl Tanrı dağının ətəklərində başlayıb. Türkiyədəki Azərbaycan sevgisi sizin təxmin etdiyinizdən daha böyükdür, dəyərli qardaşlarım.
Azərbaycana, Bakıdakı türk səfirliyinə təyinat alan bir türk diplomat bu təyinatı bu sözlərlə rədd edib və getməyib: “Mən bu işə diplomat olmaq üçün girdim. Diplomatlıq Türkiyəni əcnəbi ölkədə təmsil etmək deməkdir. Azərbaycan müstəqil bir dövlətdir, amma yad ölkə deyildir. Azərbaycanda çalışsam, diplomat olmağı öyrənə bilmərəm. Bu səbəblə xarici bir ölkəyə təyinatımı istəyirəm”. Bəli, Türkiyə millətində və dövlətindəki Azərbaycan sevgisi budur. Qarabağın azadlığına və ərazi bütövlüyünün bərpa edilməsinə biz də sizin qədər sevinirik.
Qəhrəman ordunuzla biz də sizin qədər fəxr edirik. Böyük Atatürkün dediyi kimi, kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Bundan heç bir vaxt şübhə etməməlisiniz.
Türkcədə “rahibə əsəbiləşib, orucu pozmaq” kimi bir söz var. İndi içinizdəki bəzilərinin Türkiyədəki trollara əsəbiləşib, Türkiyəyə və türk xalqına hirsləndiyini görürəm. Bu, çox yanlışdır. Bu da rahibə əsəbiləşib, orucu pozmağa bənzəyir. Bu trollar və təxribatçılar Türkiyəni və türk xalqını təmsil etmir. İqtidarlar gəlib gedər. Savaşlar, gərginliklər bitər. Amma Türkiyə və Azərbaycan qardaşlığı qalar”.