Azərbaycanın şimal bölgələrində yaşayan sünni türklərə və Qafqazın digər xalqlarına qarşı Yaxın Şərq mənşəli dini radikal qruplar vasitəsilə ciddi təsir göstərilməsi təhlükəsi mövcuddur. Üstəlik, bu strukturların formalaşması və gücləndirilməsi üçün çox böyük maliyyə vəsaitləri və resurslar sərf olunur.
Axar.az xəbər verir ki, bu barədə türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar qeyd edib.
Ekspertin sözlərinə görə, şiə-dünyəvi cəmiyyət olan Azərbaycan hazırda İranda yerləşən şiə-islamçı siyasi hərəkatlarının təsiri ilə üzləşir:
“Onlar insanları öz tərəflərinə çəkməyə, baza qurmağa və təsir dairələrini İranın xeyrinə genişləndirməyə çalışırlar.
Azərbaycanla Türkiyə arasındakı yaxın münasibətlərdən istifadə edən, Türkiyədə fəaliyyət göstərən bəzi dini icma, təriqət və ideoloji islamçı strukturlar da Azərbaycanda fəaliyyət sahəsi, nüfuz və güc əldə etməyə çalışırlar. FETÖ-nün keçmişdə Azərbaycanda həyata keçirdiyi fəaliyyətlər bunun nə məna daşıya biləcəyini göstərən önəmli bir nümunədir.
Bundan əlavə, diqqət çəkən digər məqam isə Gürcüstanda yaşayan sünni Azərbaycan türkləridir. Keçmişdə Kərkük-Təzəxurmatu xəttində ələvi-bektaşi türkmanların İranın yanaşması çərçivəsində şiələşdirilməsi və yaxın dövrdə Mosul da daxil olmaqla, bütün türkman bölgəsinin sünni-şiə fərqi qoyulmadan İran mərkəzli bir proksi ünsürə çevrilməsi ilə oxşarlıq təşkil edən bir prosesdən söhbət gedir.
Gürcüstanda yaşayan sünni Azərbaycan türklərinə İran tərəfindən nüfuz edilməsi, o cümlədən İran mənşəli şiələşdirmə fəaliyyətləri də daxil olmaqla, bu icmaların üzvlərinin cəlb edilməsi və nüfuz dairəsinə daxil edilməsi prosesləri ayrıca araşdırılmalıdır. Bu proseslərin dövlət, kəşfiyyat və təşkilati əlaqələrinin, eləcə də siyasi nəticələrinin öyrənilməsi son dərəcə vacibdir.
Digər məqam isə Azərbaycanın yəhudi irsi və İsraillə münasibətləridir. Tarixdə mövcud olmuş Xəzər türk dövlətinin hakim elitasının bir hissəsinin tarixi proses ərzində yəhudiliyi qəbul etməsi, Azərbaycanda dağ yəhudilərinin köklü mövcudluğu, Qırmızı qəsəbə və İsraildə yaşayan Azərbaycan mənşəli yəhudilər bu münasibətlərin tarixi və ictimai ölçülərini təşkil edir. Azərbaycan-İsrail münasibətlərinin dərin köklərini anlamaq üçün tarix, kimlik, diaspor, təhlükəsizlik və geosiyasi maraqları birlikdə qiymətləndirmək vacibdir.
Bu münasibətləri yalnız görünən tərəfləri əsasında şərh etmək də, yalnız cari strateji maraqlarla izah etmək də natamam yanaşma olardı.
Daha bir maraqlı nüans da zərdüştlük və atəşpərəstlikdir. Bakı yaxınlığında yerləşən Atəşgah məbədi zərdüştlük tarixi baxımından dünyanın mühüm ziyarət məkanlarından biridir. Abşeron yarımadasının Suraxanı qəsəbəsində yerləşən bu məbəddə zərdüştlük tarixinin mühüm izləri qorunub saxlanılır. Buranın tarixi çox qədim dövrlərə gedib çıxsa da, indiki tarixi siması xüsusilə XVII-XVIII əsrlərdə formalaşmışdır. Həmin dövrdə, xüsusən Hindistandan gələn hindu və siqh icmaları bu məkandan ibadət yeri kimi istifadə etmişlər.
Bütün bu teoloji, teopolitik və təhlükəsizlik kontekstində Azərbaycan xalqı və dövləti çoxşaxəli ideoloji, teopolitik və siyasi nüfuz mübarizəsi ilə üz-üzədir.
Məsələ isə təkcə din deyil, din vasitəsilə insanları, cəmiyyətin müxtəlif təbəqələrini və kimlik baxımından müəyyən mənsubiyyətə malik qrupları öz tərəfinə çəkmək, nəticə etibarilə siyasi nüfuz əldə etməkdir.
Qarabağda hərbi qələbə qazanıldı. Lakin cəbhədə əldə edilən qələbənin davamlı strateji uğura çevrilməsi cəmiyyətin mənsubiyyət dünyasının və dövlətin qərarvermə iradəsinin də qorunmasından asılıdır.
BMT Baş Assambleyasında baş verən son hadisənin və Azərbaycandakı məktəblərdə geyim qaydaları ilə bağlı məsələnin süni şəkildə şişirdilməsinin birbaşa əlaqələri deyil, həm də dolayı təsirləri nəzərə alınmaqla yenidən araşdırılmalı olduğunu düşünürəm.
Burada sual yaranır: kim kimin maraqlarına xidmət etmiş oldu?
Bir dövlət üçün dini fəaliyyət özlüyündə, bir qayda olaraq, təhlükə mənbəyi deyil. Lakin dini şəbəkələr xarici maliyyələşmə, təşkilati göstərişlər, siyasi səfərbərlik və kəşfiyyat əlaqələri ilə birləşdikdə məsələ tamamilə dəyişir”.
Ağar bildirib ki, digər bir təhlükə isə şiəliyin, sünniliyin, dünyəviliyin və müxtəlif dini təfsirlərin bir-birinə rəqib kimliklərə çevrilməsi, azərbaycanlı kimliyi və milli mənsubiyyət hissinin parçalanması, cəmiyyətlə dövlətin qarşı-qarşıya gətirilməsidir:
“Üstəlik, burada söhbət təkcə Azərbaycan sərhədləri daxilində baş verən proseslərdən getmir. Gürcüstanda və regionun digər bölgələrində yaşayan Azərbaycan türklərinin də mədəni, dini və siyasi nüfuz mübarizələrinin bir hissəsinə çevrilməyə çalışıldığı müşahidə olunur.
Nəticə etibarilə, məsələyə bütöv şəkildə yanaşdıqda, yalnız dünyəviliklə dini azadlıq arasındakı tarazlığı deyil, həm də təhlükəsizlik və geosiyasi həssaslıqları nəzərə almaq lazımdır.
Dindən, dindarlardan, dövlətdən və hakimiyyətdən sui-istifadə edən strukturlarla mübarizə apararkən yalnız dövlətin gücünü deyil, dinin öz dəyərlərini də ön plana çıxarmaq lazımdır.
İslamın daxilinə yeridilmiş ruhaniyyət anlayışları, şirk ünsürləri və üsulları, eləcə də siyasi, ideoloji, məzhəbi, tarixi və regional istismar mexanizmləri ilə yalnız ağıla, elmə, vicdana, ədalətə, reallığa və insan hüquqlarına əsaslanan həqiqi İslam vasitəsilə mübarizə aparmaq mümkündür. Əks halda, din öz mahiyyətindən uzaqlaşır, parçalanır, şirk və şeytani təsirlərin əlinə keçir.
Məzhəb fitnəsində olduğu kimi, düşmənçilik və xarici manipulyasiyalar üçün əlverişli zəmin yaranır. Dövlətlə cəmiyyət arasında çatlar əmələ gəlir və istismar edilə biləcək sahələr formalaşır. Bu mübarizə güclü dövlət təfəkkürü və dərin teoloji bilik tələb edir.
Osmanlı imperiyasının süqutu və Türkiyədə Cümhuriyyət dövründə yaşananlar bu baxımdan çoxsaylı ibrətamiz dərslərlə zəngindir.
Dövlət təfəkkürü ilə dini-teoloji bilik və təcrübə uzlaşmadıqda, istismar üçün yaranan boşluqları yalnız təhlükəsizlik tədbirləri ilə aradan qaldırmağa çalışmaq özü ilə bərabər ciddi risklər də gətirir.
Azərbaycanın məsələsi təkcə sərhədlərini qorumaq deyil, həm də milli kimliyini, ictimai bütövlüyünü, dini azadlıqlarını və müstəqil qərarvermə iradəsini qorumaqdır.
Bir ölkənin suverenliyi yalnızca öz torpaqlarına hakim olması deyil, həm də cəmiyyətinin mənsubiyyət hissini, daxili həmrəyliyini, dövlət-millət birliyini, inanc-dövlət və ideoloji uzlaşmasını, ortaq məqsədə yönəlməsini və bütün bunlarla yanaşı, öz gələcəyinə öz iradəsi ilə istiqamət vermək gücünü qorumasıdır. Çünki türklər üçün dövlət yalnız dünya qarşısında deyil, Allaha və məhşər gününə qarşı məsuliyyət şüuru ilə də mövcuddur”.
Ekspert qeyd edib ki, praktiki həll yolunda bəzi nüanslara diqqət etmək lazımdır:
- Dindən, dindarlardan, dövlətdən və hakimiyyətdən sui-istifadə edən, islam adı altında çıxış etsə də, islamın mahiyyəti ilə əlaqəsi olmayan bütün siyasi, ideoloji, radikal, məzhəbi strukturların bilik, şüur və güc vasitəsilə fəaliyyətinin qarşısının alınması;
- İnsanlara həqiqi islamın iman, ağıl, vicdan, elm, ədalət, əxlaq və reallıq üzərində qurulduğunun öyrədilməsi;
- Müqəddəs kitabımız Qurani-Kərimin xalqımıza mütləq şəkildə onların başa düşə biləcəyi dildə oxudulmasının təmin edilməsi;
- Hər kəsin öz azad iradəsi ilə başını örtmək və ya örtməmək hüququnun təmin edilməsindən və dövlətin də bu hüququ qoruma altına alması.
Maraqlı bir məqam da budur ki, Türkiyə ilə Azərbaycan arasındakı strateji yaxınlıq da bu bütövlüyün əsas dayaqlarından biridir. Əslində, hədəfə alınan amillərdən biri, bəlkə də ən mühümü, məhz budur.
Bu, təkcə Azərbaycan üçün deyil, bütün Türkiyə və İslam dünyası üçün də keçərlidir. Bu qədim fitnə indi Azərbaycanla Türkiyə arasında dolaşır.
Türkiyənin tarixi təcrübələri əsasında düzgün dərk edilməsi isə təkcə Azərbaycan üçün deyil, bütün Türküstan üçün də böyük bir tarixi nümunədir”.