Birləşmiş Ərəb Əmirliklərinin tanınmış "Əl-Fəcr"
qəzetinin baş redaktoru Şərif Əl-Bəsil bu il oktyabrın 4-dən 9-dək
Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında səfərdə
olub. Səfərdən sonra baş redaktor ölkəmiz haqqında silsilə
məqalələr hazırlayıb.
AzərTac xəbər
verir ki, Baş redaktor Şərif Əl-Bəsilin "Naxçıvan öz irsi və
təbiətinin sehri ilə qəlbləri məftun edir və gözləri
heyrətləndirir" sərlövhəli məqaləsi oktyabrın 27-də "Əl-Fəcr"
qəzetinin çap və elektron nüsxələrində işıq üzü görüb. Qəzetin bir
səhifəsi Naxçıvana həsr edilib və muxtar respublika ilə bağlı
fotoşəkillər yerləşdirilib. Məqalədə müəllif səyahət sevənlərə və
elm adamlarına xitabən Naxçıvan Muxtar Respublikasının sehrli
təbiətinə, gözəl havasına, müxtəlif turizm və tarixi yerlərinə,
eləcə də müalicəvi sularına və tarixin yaşıdı olan arxeoloji
abidələrinə görə dünyanın ən gözəl guşələrindən və ən cəlbedici
turizm istiqamətlərindən biri olduğunu qeyd edib, möhtəşəm
incəsənət işlərinin və memarlıq üslubunun sintezinin əks olunduğu
bina və digər tikililərin gözəlliyinin Naxçıvan şəhərinə
özünəməxsus unikallıq qazandırdığını oxucuların diqqətinə çatdırıb.
Ərəb və müsəlmanları öz mədəni ənənələrinə yaxın hesab edən yerli
əhalinin xoş və qonaqpərvər rəftarı ilə rastlaşdığını vurğulayan
Şərif Əl-Bəsil yuxarıda sadaladığı amillər, ləziz və çeşidli
mətbəxin mövcudluğu ilə bərabər, əmin-amanlığın və sabitliyin hökm
sürməsinin bu diyarın Körfəz turistləri üçün ideal istirahət məkanı
olduğunu önə çəkib. O, son illər ərzində turizm sektorunda
yaradılan şəraitin gələn qonaqların xəyallarında silinməz iz
qoyduğunu xüsusilə qeyd edib. Naxçıvanda səfəri müddətində iməcilik
ənənəsi ilə üzləşdiyinə diqqət çəkən məqalənin müəllifi bu ənənənin
əsasının ümummilli lider Heydər Əliyevin muxtar respublikaya
rəhbərliyi dövründən qoyulduğunu, hər şənbə günü keçirilən
iməcilikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif
Talıbovun şəxsən iştirak etdiyini və yerli camaatın həmin ənənədə
fəal iştirakının torpağına və Vətəninə sevgidən qaynaqlandığını
oxucuların nəzərinə çatdırıb.
Sonra məqalədə Naxçıvanda turizm və müalicəvi turizm sahəsində
dünya standartlarına uyğun şəraitdən, eləcə də Duzdağ Fizioterapiya
Mərkəzindən geniş bəhs edilib. Bura Türkiyə, Rusiya, İsveçrə,
Norveç və başqa ölkələrdən qonaqların gəldiyi barədə məlumat
verilib. Məqalədə səhiyyə müəssisələrində Naxçıvan Dövlət
Universitetinin tibb fakültəsini bitirmiş peşəkar mütəxəssislərin
çalışdığı qeyd olunub.
Naxçıvandakı tarixi abidələrə gəlincə, bu mövzuda Şərif Əl-Bəsil
Naxçıvanqala, Nuh peyğəmbərin türbəsi, Möminə xatın türbəsi,
Əshabi-Kəhf mağarası və ayrı-ayrı abidə və muzeylər haqqında
müfəssəl məlumatlar təqdim edib, "Naxçıvan" sözünün "Nuhun diyarı"
kimi də açıqlandığını bildirib və ərəb turistlərə tövsiyəsində
həmin yerləri ziyarət etməyi məsləhət görüb. Eyni zamanda, bu
abidələrin bərpası və qorunması işində ulu öndər Heydər Əliyevin,
eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun
xüsusi qayğısını qeyd edib, son illərdə Azərbaycanın digər
yerlərində olduğu kimi, muxtar respublikada da hərtərəfli sürətli
inkişaf haqda söhbət açıb.
Baş redaktor Ali Məclis Sədrinin rəhbərliyi ilə Naxçıvanda ulu
öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirildiyini, həyata
keçirilən inkişaf strategiyasının bəhrəsi olaraq əhalinin sosial
rifahının daha da yüksəldiyini bildirib, muxtar respublikada idman,
incəsənət və mədəniyyət sektorları ilə yanaşı, avtomobil sənayesi,
müalicəvi sular, xalçaçılıq, əl işləri, kənd təsərrüfatı və digər
sahələrin yaxşı inkişaf etdiyini önə çəkib. O, buranın dağlarında
və dağlıq ərazilərində yetişən çiçək və otların çaya qatıldıqda
inanılmaz dad verdiyini və insan orqanizmi üçün son dərəcə xeyirli
olduğunu vurğulayıb, Naxçıvanda bütün ərzaq məhsullarının təbii
olduğunu qeyd edib.
Məqalədə, həmçinin Naxçıvan Muxtar Respublikasının dünyanın ən
təmiz və ən təhlükəsiz guşələrindən biri olduğu, burada internetin
bütün ərazini əhatə etdiyi, fikir və ifadə azadlığının tam təmin
olunduğu vurğulanıb.
Redaktor Şərif Əl-Bəsil Naxçıvandan bəhs etdiyi məqaləsini bu
fikirlərlə tamamlayıb: "Naxçıvan şəhəri "ecazkar şəhər titulu"na
layiqdir. Ona görə ki, bu şəhər məftunedici mənzərələrə malik
sehrli təbiətə, təmiz havaya, qədim tarixə, dəbdəbəli
mehmanxanalara, möhtəşəm istirahət mərkəzlərinə, ən əsası da
qonaqpərvər əhaliyə malikdir. Əshabi-Kəhfin şəhəri olan Naxçıvan
dünya şəhərlərinə oxşamayan unikal şəhərdir. Şəhərə səfər
yaddaşlardan silinmir, insan qəlbini məftun edir və yenidən səfər
etmək vurğunluğu yaradır".