11-01 11:15
Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskvada "göy
kralı" hesab edilən Canpolad Şamiloğlunu qətlə yetirməsinə görə
öldürüblər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Rosbalt"
agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentlik
Canıyevin ölümü ilə bağlı istintaqı rusiyalı detektivlərin də
apardığını bildirib:
"Onlar praktik olaraq cinayətin nəyə görə törədildiyini müəyyən
edə biliblər. Araşdırma zamanı müəyyən olub ki, Canpolad
Şamiloğlunu öldürmək üçün o zaman iki killer təyin olunub. Bu
şəxslər Canıyevin qruplaşmasından olublar. Üstəlik, Canpoladın ölüm
fərmanını şəxsən Rövşən Lənkəranski verib. Bundan sonra Canpoladın
tərəfdarları və qohumları Lənkəranskidən qisas alacaqlarını
bildiriblər və onun haqqında ölüm hökmü çıxarıblar. Lakin bu qərarı
Şamiloğlunun adamlarının arxasındakı iki sanballı şəxs – qanuni
oğrular Vaqif Süleymanov (Vaqif) və Rəşad İsmayılov (Rəşad
Gəncinski) olmadan həyata keçirmələri çətin ki mümkün olardı. Öz
növbəsində onlara son zamanlar daha böyük dəstək Nadir Sələfov
(Lotu Quli) tərəfindən verilib. Onların hamısı Canıyevin ölümündə
maraqlı idilər və burada səbəb təkcə Canpoladın qisasını almaq
deyildi. Bir nömrəli səbəb bazarlara nəzarətin ələ keçirilməsi
idi".
Qeyd edək ki, Rövşən Lənkəranski bu il avqustun 18-də İstanbulda
qətlə yetirilib. Onun ölüm əmrinin kim tərəfindən verildiyi indiyə
qədər istintaqa məlum deyil. Bəzi mətbuat orqanları isə
Lənkəranskinin ölümündə bir müddət öncə həbs edilmiş rus
mafiyasının lideri Zaxariya Kalaşovun maraqlı ola biləcəyini
yazıb.
Azərbaycanlı biznesmen Canpolad Şamiloğlu martın 16-da Moskvada
qətlə yetirilib. Killer onun bədəninə 3, başına isə bir güllə
vuraraq qətlə yetirib.