Ötən ilin yayında İstanbulda olarkən bir alış-veriş
mərkəzində 25-26 yaşlı satıcı oğlan danışığımızdan haralı
olduğumuzu düzgün təsbit etdi. Biz də onun Diyabəkir tərəflərdən
olduğunu anladıq. Ordan-burdan söhbət etməyə başladıq.
Bu, o vaxtlar idi ki, nüvəsini kürdəsilli siyasilərin təşkil
etdiyi HDP (Xalqların Demokratik Partiyası) parlament seçkilərində
uğur qazanmış, 13,12 faiz səs alaraq TBMM-ə 79 deputat
keçirmişdi.
Türkiyənin təkcə cənub-şərqində yaşayan kürdlər yox, hətta
İstanbul, Ankara, İzmir, Antalya, Bodrum kimi məşhur şəhərlərində
komfort içində yaşayan kürdlər də böyü sevinc içindəydilər. Eyforik
bir hal hökm sürürdü.
Dünya mediası 7 iyun seçkilərinin nəticəsi olaraq iki partiyanın
qalib gəldiyini bildirirdilər. Bunlardan biri Rəcəb Tayyib
Ərdoğanın rəhbərlik etdiyi hakim AKP, o biri faktiki olaraq
İmralıda cəza çəkən terrorçubaşı Abdulla Öcalanın liderlik etdiyi
HDP idi.
Alış-veriş mərkəzində söhbət etdiyimiz gənc də eyforiyaya
qapılmşdı. Sir-sifətdən "Kurtlar vadisi - Pusu" serialındakı
Muronun əlaltısı Çetoya oxşayan bu gəncdə söhbət əsnasında elə bir
özgüvən yarandı ki, qorxub çəkinmədən bəyan etdi: "Biz dövlətimizi
qurduq, abi. Artıq kimsə önümüzdə dayanamaz. Kürdüstan özgür
olacaq".
"Çeto"sifət gənclə söhbətdən sonra yaran qənaət belə oldu ki, bu
işlərin sonu xeyirli olmayacaq.
O zaman hələ "kürd açılmı" layihəsi də medianın gündəmindəydi.
Prezident Ərdoğan Ədirnədən Diyarbəkirə qədər diyar-diyar düşüb
"axan qanlar dursun, analar ağlamasın" deyə hayqırırdı.
Ölkədə bir atəşkəs havası vardı, nə dağda gizlənən terrorçulara
qarşı əməliyyatlar keçirilirdi, nə də terrorçular polislərə və
hərbçilərə qarşı teraktlar törədirdilər. Terrorçuların silahı
buraxaraq başqa ölkələrə getdikləri bildirilirdi. Bəziləri isə
dağdan enib, hökumətə təslim olurdu. Onları qəhrəmanlar kimi
qarşılayırdılar.
Türkiyədə fəaliyyət göstərən müstəqil media qurumları "kürd
açılımı"nın da, terrorçuların silah buraxması aksiyalarının da
gerçək olmadığını yazır, ortada məkrli bir oyun olduğunu bildirir,
həyəcan təbili çalırdılar.
HDP həmsədri Səlahəddin Dəmirtaş (yanında da digər həmsədr Figen
Yüksəkdağ) kütləvi aksiyalarda, toplantılarda sağ əlini ürəyinin
üstünə vura-vura, "eyvallah" deyə-deyə ortalıqda dolaşır,
hökumətin, bəzən də dövlətin ünvanına beş batman balla yeyilməsi
mümkün olmayan acı ifadələr işlədirdi. Hamı onu kürd xalqının yeni
lideri sayırdı. Amma bu adam da Öcalanı özünə lider bilir, özünü
onun uşağı kimi aparırdı.
Mediada artıq bu gün-sabah Öcalanın İmralıdan azadlığa
buraxılacağı, ən pis halda böyük şəhərlərdən birində xüsusi villaya
göndəriləcəyi xəbərləri dolaşırdı. HDP hər gün artan şiddətlə belə
bir tələb irəli sürürdü, bu məsələ İmralı ilə Ankara arasında
keçirilən gizli danışıqlarda əsas söhbət predmeti olurdu.
PKK-nın 25 illik qanlı mübarizə ilə, terrorla əldə edə bilmədiyi
nailiyyəti HDP bir neçə illik siyasi mübarizə ilə əldə etmişdi.
Fəqət kürd siyasilərin müvəffəqiyyətdən başgicəllənməsi
yaşadıqları göz önündəydi. Onlar da eynilə ayaqqabı satıcısı "Çeto"
kimi düşünür, "artıq kimsə önümüzdə dayanamaz" deyirdilər.
Bu gedişlə Türkiyənin parçalanacağı qaçılmaz idi. Dövlət güzəştə
getdikcə, HDP-çi deputatlar bir az da qabağa gedir, mənfi səciyyəli
maksimalistlik nümayiş etdirirdilər.
Prosesin bu gedişatından narazı olan dairələr, eləcə də geniş
ictimaiyyət Səlahəddin Dəmirtaşın etdiyi hərəkətlərə, saldığı
fitnə-fəsadlara görə əslində həbs olunmalı, cəzalandırılmalı
olduğunu bildirirdilər.
Bəs sonrası necə oldu? Türkiyə dövləti PKK-HDP-nin qarşısında o
vaxta qədər geri çəkildi ki, artıq kürəyi dağa dirəndi, geriyə
çəkilməyə yeri qalmadı. O zaman dövlət PKK-nın üstünə getdi və
məlum oldu ki, Türkiyənin cənub-şərq bölgələrində artıq doğrudan da
"Çeto" deyən dövlət qurulub. Müharibə başladı və artıq şəhərlərə
yerləşmiş terrorçularla hər küçə, hər qəsəbə uğrunda amansız döyüş
əməliyyatları aparıldı.
Türkiyə polisi siyasilərin terrorçulara salam-səfa ilə
verdikləri şəhərləri qanları bahasına geri aldılar.
Hazırda PKK-nın siyasi qanadının liderlərinin, fəallarının həbsi
prosesi gedir. Dövlət öz ağır əlinin zərbəsini separatçılara
daddırır. Bu, effektiv olacaq, olmayacaq, başqa söhbətdir.
Əsas odur ki, HDP-nin son iki ildə Diyarbəkir və onun ətrafında
qurmuş olduğu "dövlət" kürd xalqını xoşbəxt edə bilmədi və dağıldı.
Belə görünür ki, o regionun kürdlərinə yeni, mötədil siyasi
mübarizə üsulu və yeni liderlər lazımdır. Türkiyə dövləti
qətiyyətlidir, səlahiyyətlərini itirmiş səlahəddinləri, Kandil kimi
yüksək dağları və dəmir daşları əzəcək.
Musavat.com