"Müxtəlif cür jurnalistlər var. Elə jurnalistlər var ki,
vicdanlı və azaddır, amma elələri də var ki, kimdənsə asılı
olurlar".
Bunu Rusiya Prezident Administrasiyasının Millətlərarası
əlaqələr şöbəsinin üzvü və Vladimir Putinin rəsmi nümayəndəsi Söyün
Sadıqov mətbuatda onunla bağlı yayılan yazılara münasibət
bildirərkən deyib. Onun sözlərinə görə, Eynulla Fətullayev məhz
kimlərdənsə asılı olan jurnalistlərdəndir:
"Məni Azərbaycan xalqının düşməni kimi təqdim edən həmin
yazıları oxumuşam. Orada yazılanlar cəfəngiyyat və absurddur. Mən
özümü tərifləməyi sevmirəm və heç xüsusiyyətim də deyil. Amma ilk
dəfə Rusiya Federasiyasında Milli-Mədəni Muxtariyyəti və onun
regional strukturlarını yaratdım. Qısa müddət ərzində həmin qurum
nəinki Rusiyada, həmçinin bütün dünyada tanındı. 2000-ci ildə ən
federal səviyyədə olan "Azərros" qəzetini təsis etdim. Həmin nəşrdə
çalışan jurnalistlər bütün beynəlxalq tədbirlərdə iştirak edirdi.
"Azərros"un jurnalistləri RF-nin bütün dövlət orqanlarına, Dövlət
Dumasına, Federasiya Şurasına və digərlərinə akreditə edilirdi. İlk
dəfə olaraq Rusiyada etnik Azərbaycan jurnalistləri yığımı təşkil
edildi. Bir çox nailiyyətləri qeyd etmək olar, onsuz da "Azərros"un
əldə etdiyi uğurlar hamıya məlumdur. Əlbəttə, bizim fəaliyyətimizə
həmişə Azərbaycandan və Rusiyanın bir qrup adamlar tərəfindən
maneələr yaradılırdı. Bu, əlbəttə ki, qorxu və qısqanclıqdan irəli
gəlirdi. Lakin bütün maneələrə baxmayaraq, biz onları dəf etməyi və
inkişaf etməyi bacarırdıq. Eyni zamanda, Rusiyada Azərbaycanın
milli bayramlarının təbliğatını aparırdım və Azərbaycanın nüfuzunu
artıqmaq üçün səy göstərirdim. Biz silsilə kitablar nəşr edir və ya
Azərbaycan haqqında yazan müəlliflərin kitablarının nəşr olunması
üçün yardım göstərirdik. Bu üzdən mənə inanan və mənimlə
çiyin-çiyinə çalışan bütün "Azərros" komandasına təşəkkür edirəm.
Və bu üzdən Eynulla Fətullayevin mənim haqqımda yazdıqlarının
arxasında kimin durduğu hamıya məlumdur. Çünki onun yazdıqları
bütünlüklə siyasiləşmiş və savadsız yazılmış bir yazı idi. Mən
ondan incimirəm. Əksinə, o bu cür absurd və yanlış fikirləri ilə
mənim nüfuzumu daha da yüksəldir. Eynullanı mən bir dəfə Moskvada,
o həbs olunmamışdan əvvəl, cəmi 20 dəqiqə görmüşəm. O zaman o mənə
öz jurnalını göstərərək orada Heydər Əliyev və İlham Əliyev, eləcə
də onların ailəsi haqqında xoşagəlməz yazı göstərmişdi. O zaman mən
onun üstünə qışqırdım və ona dedim ki, sən azərbaycanlı deyilsən.
Nə sən, nə də qeyri-başqasının əgər dövlət başçısından xoşunuz
gəlmirsə belə, onun və onun ailəsi haqqında bu cür yazıları və
şəkilləri göstərməyə ixtiyarı yoxdur. Məni onunla tanış edən adama
da dedim ki, məni belə "əclaf"la niyə tanış edirsən? Mənim belə
xüsusiyyətim var, əgər bir nəfəri xalq prezident seçirsə, nə onu,
nə də onun ailəsini heç kəs təhqir edə bilməz. Tənqid etmək olar,
amma təhqir etmək olmaz. Siz bilirsiz ki, Eynulla o zaman onlar
haqqında necə şəkillər dərc etdirirdi? Ona görə də bu gün onun
yazdıqlarını heç kəs ciddi qəbul etmir. Mən öz xalqımı və
Azərbaycanımı sevirəm. Lakin deputat Siyavuş Novruzova çox
acıqlıyam. Onun məni təhqir etməsinə görə onun dilini qopardaram. O
necə xalqın deputatıdır ki, xalqın yanına bir ordu cangüdənlə
gedir" ("Modern.az").