Bu gün Litvanın paytaxtı Vilnüsdə Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi
proqramına uyğun olaraq maliyyələşdirdiyi "Demokratik Siyasi
İnstitut"un layihəsi çərçivəsində "Həll edilməmiş münaqişələrinin
siyasi təsirləri və həlli perespektivləri" adlı beynəlxalq konfrans
keçirilib.
Şuranın mətbuat xidmətindən "Axar.az"a verilən
məlumata görə, konfransda çıxış edən Şura sədri, millət vəkili Azay
Quliyev ilk olaraq "dondurulmuş münaqişə" anlayışına aydınlıq
gətirərək bu terminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
probleminə şamil edilməsinin doğru olmadığını bildirib. A.Quliyev
Qarabağ problemini həll edilməmiş və ya uzanan münaqişə
adlandıraraq diqqəti təmas xəttində hər həftə günahsız insanların
həlak olması faktına yönəldib.
Hazırkı "nə sülh, nə də müharibə" şəraitinin qəbuledilməz
olduğunu bildirən Şura sədri bölgədə dayanıqlı sabitliyin bərqərar
olması üçün münaqişənin yalnız dövlətlərin ərazi bütövlüyünə və
suverenliyinə hörmət, eyni zamanda, beynəlxalq səviyyədə tanınan
sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll edilməli olduğunu
qeyd edib. A. Quliyev bu konsepsiyanı beynəlxalq hüququn və BMT
Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4
qətnamənin də dəstəklədiyini bildirib.
Şura sədri ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun sonuncu təklif
etdiyi yenilənən Madrid prinsiplərinin və ona uyğun olaraq
hərtərəfli sülh sazişi üzərində işə başlamağın tərəfdarı olduğunu
vurğulayaraq bunun hər iki tərəfin marağını təmin etdiyini deyib:
"Hərtərəfli sülh sazişi praktiki tədbirlərin icrasını özündə əks
etdirir. Bu proses müəyyən zaman çərçivəsində və əvvəlki
prinsiplərə əsaslanaraq mərhələli şəkildə həyata keçiriləcək. Sənəd
Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş 7 rayondan Ermənistan
qoşunlarının çıxarılmasını və sərhədlər açıldıqdan sonra Dağlıq
Qarabağda yaşayan ermənilərin və ora qayıdacaq azərbaycanlıların
təhlükəsizliyinə təminat verərək sonuncu mərhələdə bölgənin hüquqi
statusunun müəyyənləşdirilməsini özündə ehtiva edir. Lakin
Ermənistan bu təklifi qəbul etməyib".
Münaqişənin həllini stimullaşdıracaq amil kimi Ermənistan və
Azərbaycan arasında qarşılıqlı inamın bərpa olunması üçün Dağlıq
Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin
keçirilməsini vacib saydığını söyləyən A.Quliyev rəsmi İrəvanın heç
bir uyğun izah vermədən bu cür təmaslardan imtina etdiyini
vurğulayıb. Şura sədri problemin həllinin danışıqlar yolu ilə
mümkün olmadığını və hərbi yolu istisna etmək üçün beynəlxalq
aləmin Ermənistana qarşı sanksiyalar tətbiq etməklə işğalçı
dövlətin sülhə məcbur edilməsinin zəruriliyini qeyd edib.
Daha sonra konfransda ekspertlərin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ, Cənubi Osetiya, Abxaziya və Dnestryanı münaqişələr
haqqında təqdimatları dinlənilib və mövzu ətrafında maraqlı
müzakirələr olub. Azərbaycanlı ekspert Kamal Əliyev Dağlıq Qarabağ
münaqişəsi, İsraildən olan ekspert Arye Gut isə Xocalı soyqırımı
haqqında ətraflı məruzə ilə çıxış edib.
Konfransda Litvanın iki dəfə Baş naziri olmuş və hazırda əsas
müxalifətin lideri Andrius Kubilius, Litva parlamentinin
vitse-spikeri Gediminas Kirkilas, parlamentinin üzvü Mantas
Adomenas mövzu ətrafında çıxış ediblər.
Qeyd edək ki, toplantıda Azərbaycanın Litvadakı səfiri Həsən
Məmmədzadə, Gürcüstanın səfiri Xatuna Salukvadze, Ukraynanın səfiri
Valeri Zobtenko, Moldovanın səfiri İqor Klipi, ABŞ səfirinin
müşaviri Meqan Kizor, millət vəkilləri, ölkənin tanınmış
ekspertləri, QHT və KİV nümayəndələri iştirak edirlər.
Konfrans işini sabah, aprelin 12-də davam etdirəcək.