Zakir Həsənovun Müdafiə naziri təyin olunmasından sonra ordu
sıralarında bir çox dəyişiklilər baş verdi. Yeni nazirin kadr
islahatları bəzi yüksək çinli zabitlərin vəzifədən getməsinə səbəb
oldu.
Mətbuatda yeni nazirin "Azərbaycan Ordusu" qəzetinin baş
redaktoru İbrahim Rüstəmovu vəzifədən uzaqlaşdırdığı haqda xəbərlər
yayıldı. Bu arada "Axar.az"ın nazirlik daxilində
özəl mənbədən əldə etdiyi məlumata görə, Zakir Həsənov "Azərbaycan
Ordusu" qəzetinin baş redaktoru İbrahim Rüstəmovu vəzifədən
uzaqlaşdırıb, onun yerinə vaxtilə nazirliyin mətbu orqanının ilk
baş redaktoru olmuş hərbi ekspert Üzeyir Cəfərovu gətirməyi
düşünür.
Azərbaycan mətbuatı ilə MN arasında olan buzu əritmək
istəyirəm
Üzeyir Cəfərov "Axar.az"a haqqında yayılan
məlumata münasibət bildirərkən köhnə vəzifəsinin icrasına qayıtmaq
fikrində olmadığını dedi:
"O qəzetin ilk baş redaktoru mən olmuşam. Hazırki baş redaktor
mənim rəhbərliyim altında mülki şəxs kimi o qəzetdə işləyirdi. O
zaman qəzet "Xalq Ordusu" adı ilə çıxırdı, sonra adını dəyişdirib
"Azərbaycan Ordusu" qoydular. Mənim rəhbərlik etdiyim vaxtlarda o
qəzet bütün köşklərdən həvəslə alınıb, mütaliə olunurdu. Amma
təəssüflər olsun ki, son illərdə onun kəmiyyət sayı artsa da,
keyfiyyəti aşağı düşüb.
O ki qaldı İbrahim Rüstəmovun vəzifədən azad olunmasına,
bildiyim qədər o, Müdafiə Nazirliyinin Hərbi Hhospitalında müalicə
alır və ordu sıralarından tərxis olunmayıb. İndi də baş redaktor
kimi qeydiyyatdadır. Mənim ora qayıtmaq məsələmi də dedim - artıq o
mərhələni adlamışam. Orduda bir çox məsul vəzifələri icra etmişəm.
Son vaxtlar bəzi məsələlərə görə bir peşəkar olaraq 1994-cu ilə
polkovnik-leytenant rütbəsinə yüksəlmişəm. Sadəcə olaraq, mən ordu
sıralarından tərxis olunmağımı istədim. Bu da mənə olan təzyiqlərlə
əlaqədardı. Bu haqda danışmaq istəmirəm. Sözümü demişəm, mənim
dekabrın 9-da 50 yaşım tamam olur, həm yaşıma, həm də sağlamlığıma
görə özümü orduda xidməti davam etdirməyə hazır bir şəxs hesab
edirəm. Böyük məmnuniyyətlə ordu sıralarına qayıdıb bilik və
bacarığımı Azərbaycan Ordusuna həsr etməyə hazıram. Sonuncu dəfə də
dedim ki, mən Azərbaycan ictimaiyyəti, Azərbaycan mətbuatı ilə
Azərbaycan Müdafiə Nazirliyi arasında olan soyuq buzu əritmək
istəyirəm və buna kömək etməyə hazıram".
Yeni nazirin uğursuz təyinatları da var
"İndi mən noyabrın 22-ni gözləyirəm. Həmin gün yeni nazirin
vəzifəsini icra etməsinin 1 ayı tamam olur. Həmin gün təyinatlarla
bağlı müəyyən fikirlərimi səsləndirəcəm. Onların arasında uğurlu
təyinatlar da var, uğursuzluları da. Məsələn, elə kadrlar var ki,
indiyə qədər mətbuatda dəfələrlə adları hallanıb, amma bu gün onlar
yenə vəzifədədirlər. Niyə onlar hələ də ordu sıralarında
fəaliyyətlərini davam etdirirlər? Bu haqda fikirlərimi
bildirəcəm".
Müalicədən sonra vəzifəmə qayıdacam
"Azərbaycan Ordusu" qəzetinin baş redaktoru İbrahim Rüstəmov da
"Axar.az"a yeni nazirin hədəfinə tuş gəlməsi haqda
yayılan xəbərlərə münasibət bildirdi:
"Mən hazırda hərbi hospitalda müalicə alıram və müalicəm başa
çatdıqdan sonra vəzifəmin icrasına başlayacam. Vəzifədən
uzaqlaşdırldığım haqda məlumatlar tam əsassızdır və bu xəbərlərin
hardan qaynaqlandığını anlamıram".