Yuxarı

Atəşkəs artıq yoxdur: Xalq isə müharibəyə hazırdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev bir neçə il əvvəl belə bir sualı gündəmə gətirmişdi: “Ermənistan hərbçisinin Ağdam və Füzulidə nə işi var?” Bu sualın mənası o idi ki, Azərbaycan ordusu artıq Dağlıq Qarabağın ətrafının işğalı ilə barışmayacaq və Ermənistan ordusuna bu istiqamətdə təzyiqi artıracaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu son günlər Ermənistanın cəbhədə gərginliyi artırması və təxribatlarını şərh edərkən yazıb. Politoloq tarixə ekskurs edərək, həmin ərəfədə Ermənistan ordusunun Dağlıq Qarabağa bitişik işğal altındakı rayonlarda hərbi təlimlərə başladığını xatırladıb: “Həmin təlimlər zamanı Azərbaycan hərbçiləri Ermənistan ordusunun helikopterini vurdu. Bu artıq Azərbaycan ordusunun strategiyasının dəyişməsinin başlanğıcı idi. 2016-cı ilin aprel ayında baş verən genişmiqyaslı toqquşma da bu strategiyanın tərkib hissəsi idi”.

E.Şahinoğlunun qənaətinə görə, artıq “atəşkəsi kim pozur və kim pozdu” sualının aktuallığı getdikcə azalır:

“Hazırkı vəziyyətdə atəşkəs daim pozualacaq. Çünki bölgədə şərtlər və Azərbaycanla Ermənistan arasında hərbi balans dəyişib. Azərbaycan silahlanmaya on milyardlarla dollar xərcləyir. Ermənistan Azərbaycanın aldığı qədər silah əldə edə bilmir və bu, onun cəbhə bölgəsindəki mövqelərini istər-istəməz zəiflədir.

Azərbaycan bu silahları məhz ona görə alır ki, Dağlıq Qarabağdakı Ermənistan ordusuna təzyiqi artırsın. Ermənistan və Minsk Qrupu həmsədrlərinin özləri də yaxşı anlayırlar ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmayana qədər müharibənin qarşısını almaq mümkün olmayacaq. Ancaq gələcək müharibənin baş verməməsi üçün nə Ermənistan hakimiyyəti Dağlıq Qarabağdakı rayonların azad olunmasını sürətləndirir, nə də həmsədr dövlətlər – ABŞ, Fransa və Rusiya rəsmi İrəvanı belə bir addım atmağa məcbur edirlər. Ermənistan hakimiyyəti razılaşma əsasında ilkin olaraq bir neçə rayonu azad etsəydi, bu, sülh yolunda ciddi irəriləyiş olardı və cəbhə bölgəsində uzun müddətə sakitlik yaranardı. Ancaq rəsmi İrəvan bu addımı da atmağa hazır deyil”.

Politoloq vurğulayıb ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ ətrafında işğal altında saxladığı rayonlardan şantaj məqsədilə istifadə edir. Şantaj bundan ibarətdir: Azərbaycan əvvəlcə Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referenduma razılaşsın, bundan sonra Ermənistan ordusu tədricən Dağlıq Qarabağ ətrafındakı rayonları boşalda bilər:

“Bu, münaqişənin “paket həll” variantıdır ki, rəsmi Bakı bu prinsipi heç zaman qəbul etməyəcək. Çünki statusu müəyyənləşdirəcək referenduma bəri başdan razılaşmaq gələcəkdə Dağlıq Qarabağın müstəqilliyinə yol açacaq. Bakının “Dağlıq Qarabağ Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində özmüqədərratını müəyyənləşdirən referendum keçirə bilər” prinsipini isə İrəvan qəbul etmir”.

Politoloq fevralın 25-də cəbhə bölgəsində baş verən toqquşmaya diqqəti yönəldib və hadisədən bir gün sonra ATƏT-in Minsk Qrupu həmsədrlərinin cəbhə bögəsindəki gərgin vəziyyətlə bağlı bəyanat yaydığını bildirib:

“Bəyanatdakı bütün cümlələr əvvəlki bəyanatlarda olduğu kimi təkrarlanırdı. Sadəcə, bəyanatda bir cümlə fərqli idi: “Bəzi cəsədlər neytral zonada qalıb”.

Eyni cümləni Ermənistandakı saytlar da yazdılar. Həmin saytlarda iki ölkə arasında informasiya müharibəsini əks etdirən belə bir sual da var idi “Əgər Azərbaycan hərbçiləri hücuma keçməyiblərsə, azərbaycanlı hərbçilərin cəsədləri necə olub ki, neytral zonada qalıb?”

Erməni saytlarının və həmsədrlərin yazdıqları “neytral zona” Azərbaycana məxsus və Dağlıq Qarabağa aidiyyəti olmayan ərazilərdir. Digər tərəfdən, həmsədrlərin “neytral zonadakı cəsədlər var” ifadəsi ona işarədir ki, 25 fevralda atəşkəsi Azərbaycan ordusu pozub...”

Politoloq “atəşkəsi biz pozmamışıq” deməklə müdafiə mövqeyinə keçməyin əhəmiyyəti qalmadığını bildirib və yeni təklif səsləndirib. Bildirib ki, biz “Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmayana qədər gərginliyin azalacağına heç bir təminat yoxdur” və ya “Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına 3 ay vaxt veririk. Bu müddət bitdikdən sonra torpaqların azad olunması əməliyyatı istənilən gün və saat başlaya bilər” kimi açıqlama üzərində çalışmalara başlamalıyıq:

“Həmsədr dövlətlər Ermənistan hakimiyyətinə “mərhələli həll” planını qəbul etdirib, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmirlər. Belə olan halda müharibə davam edəcək. Bir il ərzində Azərbaycan ordusu strateji Lələtəpə yüksəkliyini işğaldan azad etdi, bundan sonra “Qayıdış” proqramının (Dağlıq Qarabağ və ətraf rayonlardan olan məcburi köçkünlərin geri qaytarılması) tərkib hissəsi kimi işğal altındakı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti işləri başladı. Məqsəd 25 ildən sonra məcburi köçkünləri Cocuq Mərcanlıya qaytarmaqdır”.

Politoloq Azərbaycan cəmiyyətinin bu uğurların davam etdirilməsini istədiyini, başqa şəkildə, müharibəyə tam hazır olduğunu da qeyd edib.

Tarix
2017.03.01 / 11:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla