İş elə gətirib ki, artıq neçənci dəfədir biz "Hesabat"ı
Rusiyanın post sovet məkanında fəallaşmasının səbəbləri və mümkün
nəticələrinə həsr etdiyimiz şərhlə başlayırıq. Bu həftə, həm də
onunla maraqlı oldu ki, Putin Rusiya vətəndaşlığına qəbul edilmənin
şərtlərini asanlaşdırdı. Və bu elə qəribə sənəddir ki, adam
Rusiyanı başqa dövlətlərin daxili işlərinə qarışma cəhdində
günahlandırmaq istəyir.
Qəribədir, hələ bir neçə ay əvvəl gözümüzü rusca mazol etmiş bu
ağrılı-ağır mənzərələr hara yoxa çıxıb. Bəlkə Rusiya miqrantlarla
bağlı siyasətini dəyşib?! Bəlkə bu çernomazıların, qaraların
basılması deyildi, sadəcə bir qara basma idi ki, onu da biz qaralar
görə bilirdik. Rusiya niyə belə dəyişdi? Hanı Rusiya
telekanallarının göstərdiyi antimiqrant, antiözbək, antitacik,
antiazərbaycan reportajlar. Hardan peyda oldu bu qəfil sovet
məhəbbəti? Rusiya Federasiyası ərazilər uğrunda mübarizəni əhalilər
uğrunda mübarizə ilə əvəz edib. Rusiya vətəndaşlığının qəbul edilmə
qaydalarının sadələşdirilməsi, tək ilk baxışdan baş tovlayan bir
priyom əslində ilk növbədə qoca sovet adamlarına, onların hələ ki,
yaddaşında bəzən romantik duyğuların xarabalıqlarına hesablanmayıb
ki. Baxmayaraq ki, Rusiyanın bu addımı özü də kifayət qədər
ziddiyyətlidir. Məsələn, yaxşı ki, Birləşmiş Ştatların, Fransanın,
Böyük Britaniyanın, Almaniyanın ağlına oxşar ideyalar gəlmir. Gəlin
bir anlığa bu sizə başqa bir Rusiya təqdim edim, o Rusiya ki,
gözdən uzaq, könüldən iraqdır, necə deyərlər cənnətlərin reklam
rolikinə daxil edilməyib. Baxaq?
İndi təsəvvür edək ki, Birləşmiş Ştatların, Fransanın, Böyük
Britaniyanın, Almaniyanın vətəndaşı olmaq üçün vəziyyət
sadələşdirilir. Və bax elə bu zavallıya deyirlər ki, vətəndaşlıq
üçün lazım olan cəmi bir-iki kağızdır. Onda Rusiyanın aqibəti necə
olacaq. Rusiya Federasiyası bu addımı tilov kimi, qarmaq kimi atır.
Yəni tilov atır tutaq ki, Ukraynaya bir-iki vətəndaş transfer edir,
sonra da bu oyuncaq vətəndaşlardan tutub dövləti çəkib çıxarır. Bir
halda ki, belədir, onda gərək hər bir dövlət özünü qorumaq barədə
düşünsün. Vətəndaşı öz başına qoysan ya halvaçıya gedər, ya da
zurnaçıya. Parlamentlər təkcə dövləti yox, həm də vətəndaşı qorumaq
üçün baza yaratmalıdırlar. Məsələn, necə etməli ki, Rusiyanın qəbul
etdiyi hər hansı bir qanun qeyri Rusiyanın vətəndaşını burnunun
ucundan götürüb aparmasın?! Baxın: Azərbaycanda ikili vətəndaşlıq
yasaqdır. Bu vətənə vətəndaşlıq etmək istəmirsən, istəmə,
şələ-küləni yığışdır köç, təşrif apar, buyur, ya da rədd ol
vətəndaşı olmaq istədiyin vətənə. Məncə, Rusiyanın o qədər də dərin
olmayan bu gedişi sadəcə düşündürməlidir. Çünki, ortada vətəndaş
müharibəsinin başqa bir şəkli var. Kağız üzərində vətəndaş
müharibəsi. Kağız isə bildiyiniz kimi tez alışır. Sovet İttifaqının
cazibədarlığı barədə rus xalqı nağıllarını da bir tərəfə atmaq
lazımdır, həqiqəti söyləmək, göstərmək lazımdır. Sanki
separatçılıq, səfilik, aclıq, yağ-ət talonları Sovet İttifaqının
cəhənnəm odabaşılarının əl əməyinin nəticəsi deyilmiş. Sanki milli
münaqişələrin əsasını o lənətə gəlmiş Sovet İttifaqı
qoymamışdı.
Məşhur sovet yumoristi Vinokur Bakıya gəlir.
Deyəcəksiz nə olsun?!
O olsun ki, konsert verəcək.
Yenə nə olsun hə!
O olsun ki, konserti Heydər Əliyev adına sarayda verəcək.
Nə olsun? Hə???
Heç nə konsert aprelin 28-də olacaq. Azərbaycanda lənətlənmiş
Sovet Hakimiyyətinin qurulduğu gün. Vinokur isə bunu bilir.
Saraydakılardan fərqli olaraq.
İncəməyin. Amma mən indi hətta öz qanıma belə qırmızı olduğu
üçün şübhə ilə baxıram. Yaxşı da eliyirəm!