"Əsgərlərimizi öz vəsaitim hesabına hərbi texnika ilə
təmin edən kişilərdən biri olmuşam"
Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsindən azad olunan
Aslan Aslanov bu gün mətbuatda
yayılan və onu rüşvət almaqda ittiham edən yazılara münasibət
bildirib.
"Qafqazinfo"ya açıqlamasında mediada yazılan məlumatları təkzib
edən A.Aslanov uzun müddətdir dövlətə xidmətindən danışıb:
"90-cı illərdən - Ulu öndərin vaxtından bu günə qədər
dövlətimizin və vətənimizin qarşısında xidmətlərim olub. Etdiyim
xidmətlər barəsində heç vaxt danışmamışam. İndi məni bu barədə
danışmağa məcbur edirlər. Mən Azərbaycan–Ermənistan münaqişəsində
əsgərlərimizi öz vəsaitim hesabına hərbi texnika ilə təmin edən
kişilərdən biri olmuşam. Onlarla zirehli texnikanı alıb əsgərlərə
vermişəm. Şəhid olan 22 əsgərin qəbirüstü abidəsini öz vəsaitim
hesabına götüzdürmüşəm. Bu xidmətlərimi də Heydər Əliyev yüksək
qiymətləndirərək 35 yaşında mənə birbaşa polkovnik rütbəsi verib.
Bundan başqa, mən Gürcüstanda M.F.Axundov, N.Nərimanov,
C.Məmmədquluzadənin yaşadığı evləri öz vəsaitimlə alaraq ev
muzeyinə çevirmişəm. Gürcüstanda Azərbaycanın mövqeyi üçün çox şeyi
qurban vermişəm. Gürcüstanın eks-prezidenti Eduard Şevarnadzenin
prezidentlik dövründə Azərbaycan Xalq Cümhuriyətinin qurucuları
üçün park salmışam və heç birinə görə təmənna ummamışam. Ölkə
rəhbərliyinin mənə qarşı həmişə yüksək diqqəti olub. Məsləhət olub
vəzifəmdən azad olunmuşam. Bu isə cəmi bir neçə gündür baş verib.
Hazırda evimdə oturub istirahət edirəm. Mən həm də YAP-ın Siyasi
Şurasının üzvüyəm. Yaxın günlərdə ölkə rəhbərliyi hansı vəzifəni
mənə tapşıracaqsa, o işin qulpundan yapışıb dövlətimə xidmət
edəcəyəm".
Aslan Aslanov həmçinin yaxın qohumunun cəzalandırılaraq Murova
göndərilməsi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:
"Doğrudur, mən Səfər Əbiyevlə kirvəyəm. Lakin mənim hərbi
sistemdə cəmi bir əmim oğlu işləyir. O da Nizami rayon Hərbi
Komissarının müavini Azər Aslanovdu. Onun vəzifəyə gəlməsiylə bağlı
S.Əbiyevdən heç bir xahiş etməmişəm. Gördüyünüz kimi, Gürcüstana
qaçmağa da cəhd etməmişəm. İndi sizinlə danışıramsa, deməli, həbs
xəbərim də yalandı. Mən öz dövlətimə o cür xidmət etməmişəm ki, bir
gün onu qoyub qaçmaq məcburiyyətində qalım. Bütün mediadan xahişim
odur ki, nə yazırlar yazsınlar, məni ləkələməyə cəhd etməsinlər.
Onsuz da bu cür böhtanlar mənə yapışmaz. Mənə qarşı bu cür
addımlar, təzyiqlər çox olub. Heç nə məni yolumdan döndərə bilməz.
Oğlumu da qətlə yetiriblər, həyatıma isə 3 dəfə sui-qəsd edərək 29
güllə vurublar, lakin mən bu gün də Aslan Aslanov olaraq
qalıram".