"Mənim Müsavat və AXC-yə olan ``borcum`` ətrafında söz
söhbət yaranması və irəli sürülən iddialar gülüş
doğurur".
Bunu ACP lideri Rəsul Quliyev, özünün Facebook səhifəsində
yazıb.
"Adətən sonradan heç bir əhəmiyyəti olmayan hadisələri unutmağa
çalışıram. Bu "borc" məsələsinin ortaya çıxması məni yenidən o
keçmişdəki hadisələri xatırlamağa məcbur etdi. "Həmin dövrdə ilk
dəfə peyklə TV yayımı təşkil edə bilmişdik. Mirzə Xəzər də hər gün
orada veriliş aparırdı" - yazan ACP lideri qeyd edir ki, o vaxt
seçkilərdə iştirak edən bütün müxalifət nümayəndələri həmin
telekanal vasitəsi ilə müsahibələr verirdilər: "Və türk dostum
təbliğat üçün maşın hazırlamaq, yəni güclü səs yayıcıları
quraşdırmaq, maşının üzərinə şüarlar yazmaq və 1 ay Azərbaycanda
seçkiqabağı işlətmək təşəbbüsü irəli sürdü. Bu iki layihənin
məbləği dəqiq yadımda deyil, hər halda, 80 min dollardan aşağı
deyildi. 45 min dollar TV, 35 min dollar da maşın üçün. Xərclər 3
yerə bölünməli idi. Yəni AXC, Müsavat, ADP - hər biri 26 min dollar
pul ödəməli idilər".
R.Quliyevin sözlərinə görə, AXC və Müsavat heç nə ödəmədilər: "O
məşhur 8 min dolları da kimə verdiklərini açıqlasalar, çox məmnun
olardım. Çünki nə mənə, nə TV-ni yaradanlara, nə də maşın təşkil
edənlərə onlar heç bir qəpik də verməyiblər. Həmin o maşın da
Azərbaycana gəlib çıxmadı, hökumət Qazağa yaxın Gürcüstan
ərazisində maşını yandırdı".
"Tam məsuliyyətlə, hər iki partiyanın o vaxtdan 52 min dollar
borcları qaldıqlarını deyirəm. Bu borclarını xahiş edirəm, "Yeni
Müsavat" və "Azadlıq" qəzetlərinə ödəsinlər və azad mətbuata yardım
etsinlər" - deyə eks-spiker sonda vurğulayır.
Xatırladaq ki, bir müddət əvvəl Sərdar Cəlaloğlu Rəsul Quliyevin
Müsavat və AXCP-yə 8 min borcunun olması barədə iddia ilə çıxış
edib.