Oktyabrın 15-i bütün müsəlman aləmi müqəddəs Qurban bayramını qeyd
edəcək. Qurban bayramı və ya dini qurban kəsmə İslam aləmində ən
müqəddəs bayramlardan biridir. Hər il hicri təqvimi ilə Zilhiccə
ayının 10-cu günündən başlayan bayram üç gün davam
edir.
Azərbaycanın 21 illik müqəddəs bayramı Dini qurban kəsmə İbrahim
peyğəmbərlə əlaqələndirilir. Rəvayətə görə, yuxuda Allah İbrahim
peyğəmbərin yaradana olan inamını yoxlamaq üçün oğlu İsmayılı
qurban verməyi əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini
yerinə yetirməyə hazırlaşır. Lakin Allah bunu öz elçisinə rəva
bilmir və qurbanlıq üçün ona bir qoç göndərir. Buna görə də Qurban
bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. İslam
dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün
müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik
əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27
oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında"
Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində
bayram edilir. Qurban bayramında hər bir imkanlı müsəlman qurban
kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. "Quran"da
bu barədə buyurulub: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq
sizin dindarlığınız çatır".
Qurbanlığın əti satılmır İsmayıl qurbanında kəsilən heyvanlarda bir
sıra şərtlərə əməl edilməlidir. Qurbanlıq kimi seçilən heyvan qoç,
iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi
heyvanların müstəsna rolu olduğuna görə, qurbanlıq heyvanın erkək
olması daha üstün tutulur. Qurbanlıq qoç ən azı altı aylıq, dana
bir illik, dəvə isə beş illik olmalıdır.
Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir.
Əzalarında hər hansı nöqsanı olan heyvanın qurban kəsilməsi
məsləhət görülmür. Bu bayramın əsas mahiyyəti Allah yolunda
kəsilmiş qurbanlıq heyvanın ətini imkansız bəndələrlə bölüşmək,
onları sevindirməkdir. Bəzən bir neçə adam bir heyvan alıb onu öz
aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə
qurbanı kəsilmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar
qurbanlıq hesab olunmur.
Bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə
ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün
olsun. Borc pula qurban almaq təqdir edilmir Qurban kəsmək yalnız
buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan
adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula
heyvan almaq islamda təqdir olunmur.
Bakıda qurbanlar harda kəsiləcək?
Qurban kəsməyin əməl edilməsi vacib olan şərtlərindən biri də
təmizliyə, sanitar qaydalara riayət olunmasıdır. Buna görə bu
bayramda Bakıya gətirilən qurbanlıq heyvanların ticarət üçün xüsusi
ayrılmış, baytar-sanitariya tələblərinə cavab verən yerlərdə
kəsilməsini təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi
tərəfindən əmr imzalanıb. Əmrə əsasən, Qurban bayramı ilə əlaqədar
olaraq Bakı şəhərinə gətirilən heyvanların sağlam olması, həmçinin
baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, ətin və
digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada
baytar-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq
nəzarətinin gücləndirilməsi məqsədilə zoobaytar mütəxəssisləri
heyvanların kütləvi halda kəsim yerlərinə təhkim olunublar. Eyni
zamanda, qurbanlıq heyvanların saxlanılmasında və kəsilməsində
baytar-sanitariya qaydalarına ciddi əməl edilməsi, rayonlardan
gətirilən mallara və qoyunlara onların sağlamlıqları barədə 1
nömrəli şəhadətnamənin yoxlanılması və bunun nəticəsindən asılı
olaraq müvafiq tədbirlər görülməsi barədə nazirlik aparatının
Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və
otlaqlar şöbəsinə və Dövlət Baytarlıq Xidmətinə göstərişlər
verilib.
Bakı şəhərində qurbanlıq heyvanların kəsilməsi aşağıdakı ünvanlarda
həyata keçiriləcək:
- Zabrat qəsəbəsi, Kürdaxanı yolu, Zabrat dairəsi;
- Lökbatan qəsəbəsi "Meyvəli" bazarının qarşısı, Sahil
qəsəbəsi;
- Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Keşlə bazarının
qarşısı;
- Binəqədi rayonu, 3-cü balıqçılar küçəsi;
- Binəqədi rayonu, 8-ci mikrorayon, Rəsulzadə
qəsəbəsi;
- Binəqədi rayonu, Bilcəri qəsəbəsi;
- Xətai rayonu, Nobel prospekti, "Nargilə" kafesinin
qarşısı"
- Xətai rayonu, Gəncə prospekti, "Fərid" şadlıq evinin
yaxınlığında;
- Suraxanı rayonu, Zığ qəsəbəsi;
- Yasamal rayonu, Şərifzadə küçəsi, "İdeal" şadlıq sarayının
yaxınlığında;
- Suraxanı rayonu, Bülbülə qəsəbəsi;
- Suraxanı rayonu, Əmircan qəsəbəsi;
- Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi;
- Suraxanı rayonu, Hövsan qəsəbəsi;
- Səbail rayonu, Bibiheybət yolu, 20-ci sahə, ticarət cərgələrinin
arası;
- Nizami rayonu, R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişdiyi
yer;
- Xəzər rayonu, Binə qəsəbəsi;
- Xəzər rayonu, Qala qəsəbəsi;
- Xəzər rayonu, Mərdəkan qəsəbəsi;
- Xətai rayonu, Gəncə prospekti;
- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi;
- Xətai rayonu, Əhmədli qəsəbəsi.
Allah qurbanlarınızı qəbul etsin!