"Qərbin yeganə çıxış yolu potensial partnyor, yaxın
tərəfdaş kimi Azərbaycanı dəstəkləməkdir".
Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu
Müdafiə naziri Zakir Həsənovun ABŞ Müdafiə katibi ilə görüşünü şərh
edərkən deyib.
O, Qərbin Azərbaycana yönəltdiyi mesajların konkret olduğunu
bildirib:
"ABŞ və Fransanın Azərbaycana yönəlik mesajları kifayət qədər
konkretdir. Bu, birincisi Avrasiya İttifaqı ilə bağlıdır.
Azərbaycanın müxtəlif basqılar və ya şirnikləndirici təkliflərlə bu
birliyə qoşulması Rusiya tərəfindən nəzərdə tutulur. Rusiya
müxtəlif cəhdlər edir ki, buna nail olsun. Ona görə də Ermənistanla
müttəfiq olmağına baxmayaraq, Azərbaycana silah satır. Buna görə də
Qərb çalışır ki, Azərbaycana alternativ təkliflər versin. Qərbin bu
mənada manevr imkanları daha çoxdur. Çünki Ermənistan artıq faktiki
olaraq öz seçimini edib. Bundan sonra Qərb mesajlarında Ermənistanı
nəzərə almaya bilər. Belə olan halda Qərbin yeganə çıxış yolu
potensial partnyor, yaxın tərəfdaş kimi Azərbaycanı dəstəkləməkdir.
Azərbaycanın yeganə uduzacağı şey Rusiyadan ediləcək təzyiqlər
olacaq. Rusiya onsuz da təyziqlər edirdi. Bu gün Azərbaycanın
siyasətində iki amilin şahidi oluruq. Bir tərəfdən deyirik ki,
Rusiya Azərbaycana silah verir, digər tərəfdən isə ən müxtəlif
formalarda qapalı və açıq təzyiqlər edir. Qərbin bu məsələlərinin
arxasında ilk növbədə Azərbaycanı öz sıralarında görmək istəyi
dayanır".
Politoloq Azərbaycanın hazırda mövqe araşdırması etdiyini
söyləyib:
"Zakir Həsənov ABŞ-ın Müdafiə katibi ilə görüşməzdən qabaq
Mosvkvaya da, İrana da getdi. Güman edirəm ki, bu, haradasa mövqe
araşdırmalarıdır. Təbii prosesdir. Gürcüstan və ABŞ-dakı görüşləri
Qərbə mesaj kimi şərh etmək birtərəfli olardı. Azərbaycanın
mənafeyinə uyğun addımlar atılmalıdır. Amma bu mənafe o demək deyil
ki, Qarabağı əldə etmək naminə ölkə ərazisində ya Rusiya, ya da
NATO-ya hərbi baza yaratmaq imkanı verilsin. Çünki istənilən halda
bu, müstəqilliyin məhdudlaşdırılmasıdır. Ölkənin ərazisində xarici
hərbi qüvvənin olması ölkənin maraqlarına xidmət göstərmir.
Azərbaycanın hərbi doktrinasında da bu göstərilib ki, ölkə
ərazisində xarici ölkələrin hərbi bazaları ola bilməz. Mənə elə
gəlir ki, Azərbaycan mütləq seçim etməli olacaq. Artıq maraqların
toqquşması pik həddə çatıb. Şübhəsiz ki, toqquşan tərəflərin
arasında qalmaq bizə heç nə verməyəcək. Artıq balanslı siyasət
yoxdur. Bu yalnız o zaman mümkün idi ki, heç bir mövqe tələb
olunmasın".
Qeyd edək ki, bu gün Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun
ABŞ-ın Müdafiə katibi Çak Heygel ilə görüşü planlaşdırılır.