"Gəncə qiyamı zamanı Azərbaycandan bir neçə qırıcı və
bombardmançı təyyarə qaçırılmalı idi".
Axar.az xəbər verir ki, bu sözlər 1992-93-cü illərdə Milli
Təhlükəsizlik nazirliyində çalışan Ərəstun Oruclunun Gəncə qiyamı
ilə bağlı yazdığı analitik məqalənin 3-cü hissəsində yer alıb.
O, Sürət Hüseynovun Gəncə qiyamında Prezident Qvardiyasının,
başda komandir Tahir Məmmədov olmaqla, xeyli hərbçisinin qətlə
yetirildiyini bildirib:
"Nəhayət, bu, baş verdi və qiyamın ilk saatlarında, belə
hadisələrdə hər zaman olduğu kimi, ən müxtəlif şayiələr dolaşırdı.
Amma axşama yaxın mənzərə xeyli aydınlaşmışdı və artıq bəlli olan
detallar ortada idi. Bu detallar isə heç də ürəkaçan deyildi.
Hakimiyyətin bir qrup yüksək rəsmisi Gəncədə Surət Hüseynovun
qiyamçılarına girov düşmüşdü, Prezident Qvardiyasının başda
komandir Tahir Məmmədov olmaqla xeyli hərbçisi qətlə yetirilmişdi.
MTN-nin Gəncə şöbəsinin binası zəbt olunmuş və həmin anda orada
olan nazirin 1-cü müavini Sülhəddin Əkbərov, Baş prokuror İxtiyar
Şirinov və MTN-nin xüsusi təyinatlı dəstəsinin üzvləri girov
götürülmüşdü. Hakimiyyət susurdu, dağıdıcı şayiələr isə yayılmaqda
davam edirdi. Qiyamın arxasınca parlamentin bir qrup deputatı
Məclisin təcili sessiyasını çağırmağı tələb edirdi. Gəncədə Surət
Hüseynova qarşı əməliyyatın uğursuz keçirilməsi və bu əməliyyata
Baş nazir Pənah Hüseynovun Daxili İşlər naziri Abdulla
Allahverdiyevin kabinetindən birbaşa rəhbərlik etdiyi danışılırdı.
Bir qədər sonra hədəfdə olan və baş verənlərdə adı ən çox hallanan
Pənah Hüseynovun istefası xəbəri yayıldı və bu sarsıdıcı effekt
doğurmaya bilməzdi. Hakimiyyət düşərgəsində xaos və xof saatbasaat
dərinləşirdi".
Politoloq həmin dövrlərdə İsa Qəmbəri hədəfdə olan əsas kimi
xarakterizə edib:
"Milli Məclisin toplantısı köhnə qvardiyadan olan bir qrup
deputatın fəal hücumu ilə başladı, amma ən çox fəallıq göstərən və
ən ağır ittihamlar yağdıran AMİP sədri Etibar Məmmədov, hədəfdə
olan isə təbii ki, parlamentin sədri İsa Qəmbər idi. Məsələ
burasındadır ki, o zaman mövcud olan qanunvericiliyə əsasən,
parlamentin spikeri dövlətin ikinci şəxsi sayılırdı və zərurət
yarandıqda prezidenti məhz o, əvəzləyə bilərdi. Deməli, qiyamın
siyasi komponenti düzgün sxem üzrə inkişaf edirdi, çünki
hakimiyyətə yol parlament spikerinin kürsüsündən keçirdi".
Ərəstun Oruclu məğlubiyyət ab-havasının artıq hakimiyyətin ən
yüksək pillələrinə də çökdüyünü yada salıb:
"Prezident parlamentə gələcəkdi hələ, amma bu dönəmdə parlament
spikeri faktiki olaraq meydanda tək qalmışdı (və ya tək
buraxılmışdı). Digər bir hakimiyyət rəsmisi, 27 yaşlı dövlət katibi
(o zamanlar Prezident Administrasiyasının rəhbəri postu belə
adlanırdı) Əli Kərimovun çıxışı ilkin mərhələdə həm Gəncədəki
qiyamçılar, həm də onların Bakıdakı silahdaşları arasında çaşqınlıq
yaratdı. Bu çıxışda rəsmi səviyyədə ilk dəfə baş verənlər "hərbi
qiyam" adlandırıldı və qiyamçılara amnistiya təklif olundu. Lakin
hakimiyyət nümayəndələrinin pərakəndəliyi və parlamentdə təmsil
olunan AXC üzvü olan deputatların bir hissəsinin çaşqınlığı bu
təklifin dəstəklənərək parlamentin qərarına çevrilməsinə imkan
vermədi. Məğlubiyyət ab-havası artıq hakimiyyətin ən yüksək
pillələrinə də çökmüşdü. Gəncədəki qiyamçılar prezident Elçibəyin,
onların Bakıdakı silahdaşları isə İsa Qəmbərin istefasını tələb
edirdi".
O, 1992-1993-cü illərdə Heydər Əliyevin Gəncə qiyamına qarşı
Elçibəyi dəstəklədiyini vurğulayıb:
"Bu yerdə ən maraqlı bəyanat isə Naxçıvandan gəldi - Naxçıvan
Ali Məclisinin sədri Heydər Əliyev Prezident Əbülfəz Elçibəyi
dəstəklədiyini bildirirdi. Bunun arxasınca Heydər Əliyev Bakıya
dəvət olunacaqdı, əsasən onun adamlarından təşkil olunmuş parlament
komissiyası Gəncəyə səfər edib, məsələni araşdırıb, baş verənlərdə
Elçibəy hakimiyyətini günahlandıracaqdı, separatçı Ələkrəm Hümbətov
qiyamçılara qoşularaq "Talış-Muğan Respublikasını" (TMR) elan
edəcəkdi. Bunların hamısı hələ irəlidə idi. Amma hakimiyyətin
gələcək sahibi artıq Bakıya gəlmişdi və Naxçıvandakından fərqli
olaraq, o, parlamentdəki qısa çıxışında baş verənlərə münasibət
bildirməkdən imtina edərək, Gəncəyə getməli və oradakı vəziyyəti
yerində öyrənməli olduğunu bildirdi. Belə də oldu. Lakin Gəncədən
qayıdan Heydər Əliyev parlamentdə çıxışa deyil, Prezident Elçibəylə
görüşə hazırlaşırdı. Bu görüş saat 14.00-ə planlaşdırılmışdı".
Politoloq həmçinin bir zamanlar çalışdığı MTN-dən çox maraqlı
bir dialoqu da oxucuların diqqətinə çatdırıb:
"Saat 11 radələrində yüksək vəzifəli rəislərimdən birindən zəng
gəldi. Həmin yüksək vəzifəli rəis məni çağırdı və mən qapını döyüb
kabinetə daxil olanda yanındakı digər bir yüksək rütbəli zabitlə
belə bir söhbətlərinin şahidi oldum:
- ... müəllim, bu gecə Bill Klinton açıq kanalla səfir Riçard
Maylsa zəng edərək onu Heydər Əliyevlə görüşdüyünə görə sərt
şəkildə danlayıb və deyib ki, Heydər Əliyev rəsmi şəxs deyil və
səfirin görüşməsi ABŞ-ın ona dəstəyi kimi qəbul edilə bilər.
- Açıq kanalla niyə zəng edirdi ki?
- Yəqin istəyib ki, biz danışığı tutub dövlət rəhbərliyinə
ABŞ-ın mövqeyini çatdıraq.
- ...., yaxşı, hər halda bu əməliyyat sirridir və işçimiz də
olsa, Ərəstuna dəxli yoxdur bunun".
Ərəstun Oruclu amerikalıların Heydər Əliyevin hakimiyyətə
gəlməsini istəmədiyini söyləyib:
"Anladım ki, bunu təsadüfən danışmadılar mənim yanımda və məqsəd
o idi ki, bu məlumat təcili ünvanına çatdırılsın. Bundan sonra,
məni çağıran həmin rəis nəsə mənasız bir tapşırıq verdi və mən iş
yerimdən çıxıb yollandım Prezident Aparatına. Yol boyu isə bu
məlumatla bağlı bütün mümkün variantları təhlil etməyə çalışırdım.
Beləcə, Prezident Aparatına yetişib, məlumatı ünvanına çatdırdım və
həmin şəxs də elə burdaca prezidentlə əlaqə saxlayıb görüş istədi.
O, görüşə, mən isə öz iş yerimə yollandım. Düşünməkdə davam edirdim
və getdikcə də suallar artırdı. Bu telefon söhbətindən görünürdü
ki, amerikalılar Heydər Əliyevin hakimiyyətə gəlməsini istəmirlər.
Bəs o zaman niyə bunu birbaşa prezidentə demirlər? Belə suallar çox
idi, amma cavabları yalnız ehtimal etmək olardı. Nəhayət, bütün bu
düşüncələrə son qoyub, işlərimin arxasınca yollandım. Əlimdə
maraqlı məlumatlar vardı və onlardan birini detalları ilə
araşdırmalı idim. Qiyamçı Ələkrəm Hümbətovun ələ keçirdiyi xeyli
sayda zirehli texnikanın akkumulyatorları olmadığından, onları
Badamdardakı hərbi hissədən Lənkərana yollamağa
hazırlaşırdılar".
O, H.Əliyevin hakimiyyətə gəldikdən sonra qiyamçılarla necə
davranmağın nümunəsini göstərdiyini qeyd edib:
"Bir gün sonra isə Əbülfəz Elçibəy Kələkiyə yollandı. Səmimi və
bəzən sadəlövh cəbhəçilər bunu hələ aylar boyu "böyük siyasi gediş"
adlandıraraq, özünə təskinlik verəcək, Bəyin ən yaxın günlərdə
getdiyi kimi də qəflətən Bakıya dönəcəyini deyəcəkdilər. İkinci ilə
razılaşmamaq mümkün deyildi, sadəcə kiçik bir düzəlişlə - bu
1997-ci ilin sonunda, Əbülfəz Elçibəyin səlahiyyət müddəti başa
çatandan sonra olacaqdı. Hələliksə, qiyamın bu mərhələsi
yekunlaşmaq üzrə idi. Növbəti mərhələlərə (və ya buna cəhdlərə)
keçmək üçün. Bir qədər sonra Surət Hüseynov Baş nazir təyin
olunacaqdı. Prezident səlahiyyətlərini götürən Heydər Əliyev isə
Əbülfəz Elçibəyə etimadsızlığa dair referendum, oktyabr ayında isə
prezident seçkisi təşkil edib, öz statusunu rəsmiləşdirəcəkdi. Amma
bundan əvvəl o, Ələkrəm Hümmətovu və onun qondarma TMR-ni cəmi bir
neçə saata darmadağın edib, qiyamçı ilə necə davranmaq lazım
olduğunun nümunəsini göstərəcəkdi".
Politoloq həmin dövrdə Azərbaycandan bir neçə qırıcı və
bombardmançı təyyarənin qaçırılmalı olduğunu söyləyib:
"Qiyam zamanı atəşkəsin pozulması nəticəsində isə Azərbaycan
yeni-yeni ərazilər itirəcək, minlərlə insan həlak olacaq, minlərlə
itkin düşəcək, yüz minlərlə isə məcburi köçkünə çevriləcəkdi. Bəli,
bu bütün əlamətlərilə əsl qiyam idi və bu qiyam fonunda baş
verənlərin təhlili göstərirdi ki, üzdə olan qiyamçılar çox böyük
oyunun kiçik marionetləri idi. Bu da təbiidir. Amma böyük
sifarişçilər başqa böyük işlər də görürdülər. Məsələn, 4 iyun
qiyamından sonra atəşkəsin pozulması həmin böyük oyunçular üçün
yeni imkanlar da yaratmışdı. Həmin dövrdə Azərbaycandan bir neçə
qırıcı və bombardmançı təyyarənin qaçırılması da baş verməli idi
(digər bir ölkəyə satmaq üçün). Belə bir əməliyyatın həyata
keçirilməsində bu təyyarələrin guya Qarabağ səmasında vurulması
barədə informasiya təminatını həyata keçirməli olan məmurlar,
təyyarələri idarə etməli olan pilotlar, onların uçuşuna təminat
yaradan digərləri həmin o görünməyən daha böyük şəbəkənin üzvləri
(və ya agentləri) olmalı idilər. Əks-halda, bu miqyasda əməliyyatı
həyata keçirmək mümkün olmazdı. Xoşbəxtlikdən olmadı da. Bu haqda
ayrıca yazım da olacaq. Bir qədər sonra. Bu gün bu hadisələrin
üstündən 21 il keçdiyindən, bəzən qiyamçıları az qala qəhrəman kimi
təqdim etmək cəhdləri də nəzərə çarpır. Amma fakt ortadadır -
1993-cü ilin iyununda Azərbaycanda hərbi qiyam baş verdi".