"Azərbaycanın siyasi əhəmiyyəti Rusiya və Ukrayna
arasındakı münaqişədən sonra daha da artıb".
Axar.az xəbər verir ki, bunu Feysbuk səhifəsində deputat Zahid
Oruc yazıb. Onun sözlərinə görə, NATO-nun Bakıda işinə başlayan
konfransında əsas vurğulardan biri də məhz budur:
"Lakin gözlənildiyi kimi, Ermənistan nümayəndələrinin bu tədbirə
qatılması diskussiyalardakı siyasi temperaturu qaldırıb. İttiham
notlarına üstünlük verən, qəhrəman qiyafədə təqdimatlara cəhd edən
ermənilər adekvat cavablarını aldılar. Bu haqda uyğun zamanda
ətraflı məlumatlar verəcəyik. Cənubi Qafqazın təhlükəsizliyi
beynəlxalq münasibətlər sistemində mühüm yer tutduğundan hazırkı
xarici maraqlar, Qərb-Rusiya qarşıdurması və Avropadakı əsas
planlar barəsində əsas məruzələrdən seçmələri sizinlə bölüşməyə
çalışacağam. Tədbir davam edir".
Xatırladaq ki, tədbirdə Ermənistan nümayəndə heyətinin gərginlik
yaratdığı barədə APA məlumat yayıb. Bildirilir ki, Ermənistanın
NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan
çıxışında Milli Məclisinin sədri O.Əsədovun Azərbaycanın işğal
olunmuş torpaqları, qaçqın düşmüş bir milyondan çox
azərbaycanlıların öz yurdlarına qayıtması ilə bağlı tələbini
"aqressiya" adlandırıb. O, israrla tələb edib ki, buradakı
müzakirələrdə Dağlıq Qarabağ münaqişəsinin həllində tərəf olaraq
tək Ermənistan və Azərbaycan yox, qondarma "Dağlıq Qarabağ
Respublikası" da göstərilsin. K.Nahapetyan müzakirələrdə
Azərbaycanın işğal olunmuş torpaqları məsələsinin üstündən keçərək,
daha çox Dağlıq Qarabağda yaşayan ermənilərin müqəddəratı
məsələsini qabartmağa çalışıb.
Onun ardınca söz alan Yeni Azərbaycan Partiyasının icra katibi,
deputat Siyavuş Novruzov Azərbaycanın torpaqlarının faktiki olaraq
Ermənistan tərəfindən işğal olunduğunu və Qarabağın Azərbaycanın
ayrılmaz hissəsi olmasını konkret faktlarla iştirakçılara, o
cümlədən Ermənistan nümayəndə heyətinə xatırladıb:
"Əgər söhbət ermənilərin öz müqəddəratını həll etməyindən
gedirsə, erməni xalqı artıq müqəddəratını həll edib və Ermənistan
dövlətini yaradıb. İndi Azərbaycan torpaqlarında bir qisim erməni
yaşayır deyə, orada da ikinci dövlət yaratmaq cəhdi təbii ki,
absurddur. Bu gün dünyanın bir çox ölkələrində, məsələn,
Kaliforniyada Dağlıq Qarabağdakından da çox erməni yaşayır. Belə
çıxır ki, orada da "müqəddəratını həll etmək" adı ilə əlavə erməni
dövləti yaradılmalıdır? Dünyanın 30-dan çox ölkəsində ermənilər
kompakt halda yaşayır. Belə çıxır ki, dünyada 30-dan çox erməni
dövləti yaradılmalıdır?"
S.Novruzovdan sonra D.Sammut yenidən söz alaraq öz fikrini bir
daha təkrarlayıb, yenidən münaqişənin yalnız Azərbaycan və
Ermənistan arasındakı problem olduğunu xatırladıb. O, müharibənin
əleyhinə olduğunu bildirərək, tərəflərin dil tapmasını və ərazi
bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyini bildirib.