Azərbaycan Prezidenti İlham Əliyev Eduard Şevardnadzenin
vəfatı olə bağlı gürcü həmkarı Marqvelaşviliyə başsağlığı
ünvanlayıb.
Prezidentin göndərdiyi başsağlığında deyilir:
"Gürcüstanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycanın
böyük dostu Eduard Amvrosiyeviç Şevardnadzenin vəfatı ilə əlaqədar
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, bütün Gürcüstan
xalqına dərin hüznlə başsağlığı verirəm.
Eduard Şevardnadzenin bütün həyat yolu, qardaş Gürcüstanın
firavanlığı naminə yüksək dövləti fəaliyyəti ona haqlı olaraq bütün
dünyada nüfuz, dərin hörmət və ehtiram qazandırıbr.
Azərbaycan və Gürcüstan xalqları arasında çoxəsrlik dostluq,
mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinin qorunub
saxlanmasına, inkişafına və möhkəmləndirilməsinə Eduard
Şevardnadzenin şəxsi töhfəsi böyükdür. Qardaş ölkələrimizin
keyfiyyətcə yeni dövlətlərarası münasibətlərinin, strateji
tərəfdaşlığının təşəkkülünün və inkişafının əsası Azərbaycanın
ümummilli lideri Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən
qoyulmuşdur.
Azərbaycan xalqı qardaş Gürcüstan xalqı ilə birlikdə kədərlənir
və dərdinizə şərik olur. Bu ağır itki ilə əlaqədar bir daha Sizə
dərin hüznlə başsağlığı verir və kədərinizi bölüşürük".