"Bir gün əvvəl
danışmışdıq".
Bu sözləri Axar.az-ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına
iyulun 31-də Qazaxın Qaymaqlı kəndində ermənilərin açdığı atəş
nəticəsində həlak olmuş baş gizir Almazov İsanın dayısı oğlu Səyyad
Hüseynov deyib.
Onun sözlərinə görə, aralarında bir gün öncə telefon danışığı
olub: "Elə bil ürəyimə gəlmişdi. Zəng etdim. Bir xeyli danışdıq.
Hətta 6 ay öncə doğulmuş iki əkiz övladını da soruşdu. Nə bilərdik
ki, belə olacaq".
Şəhid olan gizirin qohumunun sözlərinə görə, güllə düz gözündən
dəyib: "Xəbəri eşidəndə əvvəlcə inanmadıq. Meyiti görəndə elə bil
ayıldım. Güllə düz gözündən dəymişdi. Postda olarkən
vurulmuşdu".
Qeyd edək ki, Qazaxın Cəfərli sakini olan Səyyad kişi bu
hadisədən iki gün əvvəl özü də erməni gülləsinə tuş gəlib:
"Əmimoğlu ilə evə gedirdik. Birdən elə bil yanımda bomba partladı.
Tez yerə sərildim. Əmimoğlu məndən 2-3 metr arxada idi. Ona bir şey
olacağından qorxurdum. Sürünə-sürünə ona tərəf gəldim.
Xoşbəxtlikdən heç birimizə bir şey olmadı. Yoxsa iki gündə iki
nəfər öləcəkdik".
Xatırladaq ki, iyulun 31-də saat 20.00-da Ermənistan-Azərbaycan
sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı
Qüvvələrin giziri, 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi
xidmətə çağırılmış Almazov İsa Ziyad oğlu düşmən tərəfindən açılan
atəş nəticəsində şəhid olub.
Silahlı Qüvvələrdə Baş gizir rütbəsində xidmət edən Almazov İsa
Ziyad oğlunun 4 övladı var idi. 6 ay öncə 2 əkiz qızı dünyaya
gəlmişdi.
Bakı-Qazax