"Moskva nə Qarabağ məsələsində, nə də Azərbaycanın
Gömrük İttifaqına cəlb edilməsində heç bir şey əldə
etmədi".
Bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə Soçi görüşünün
nəticələrini şərh edərkən söyləyib. O, Moskvanın Bakı ilə
əməkdaşlığa ehtiyacı olduğunu bildirib:
"Soçi görüşləri tamamilə başqa məsələdir. Burada heç bir şey
həll olunmadı və demək olar ki, məsələlərin həlli baxımından
uğursuzluğa düçar oldu. Moskva nə Qarabağ məsələsində, nə də ki,
Azərbaycanın Gömrük İttifaqına cəlb edilməsində heç bir şey əldə
etmədi. Rusiya sanksiyaların altında çöküb, ona görə də onun Bakı
ilə əməkdaşlığa böyük ehtiyacı var. Məsələn, Azərbaycanın geniş
imkanları var. Bunlardan birincisi maliyyə imkanlarıdır.
İnvestisiya, rus bankları ilə əməkdaşlıq, eləcə də Rusiyanın çirkli
pullarının Azərbaycan bankları vasitəsilə yuyulmasını tələb
edəcəklər. Bax, bu cür məsələlərdə Rusiya Bakı ilə əməkdaşlıq etmək
istəyir. Əvvəl azərbaycanlıların bazarlarını bağladılar və hər
birini ölkədən qovmağa başladılar. İndi bunların yenidən açılmasına
diqqət edəcəklər. Yenidən Azərbaycan meyvələri Moskva bazarlarına
axışacaq. Bu xırda məsələlərdir. Amma Putin üçün bu, o qədər də
xırda məsələ deyil. O biri yandan onlar lovğalıqla bəyan edirlər
ki, Əliyevlə Sərksiyan Qarabağ məsələsinin sülh yolu ilə həll
edilməsində razılığa gəliblər. Razılığa neçə dəfə gələrlər? Birinci
dəfə belə razılığa atəşkəs zamanı gəldilər və o indi də davam edir.
Bundan sonra bununla bağlı hansısa razılığa gəlməyə nə ehtiyac var?
Bu cür müharibənin davam etməsində ermənilər maraqlı deyillər. Ona
görə ki, ermənilər sarsıdıcı zərbələr alacaqlar. Moskva bizim
sərhədimizdə deyil, amma İrəvan bizə yaxındır və onu dağıtmağa hər
imkanımız var. Soçidən ortalıqda heç bir şey yoxdur və sadəcə,
Moskvanın xırda oyunlarıdır. Putin yenə də özünü göstərməyə çalışır
ki, bu işdə guya hər şeyi həll edən odur. Amma əslində, belə deyil.
Çünki Putin heç bir şeyi həll etmir və etməyəcək"