Bu gün sanki dəhşətli
film kimi bir gün yaşadım. Səhhətimdə bəzi problemlər olduğundan
işə çıxmamışdım.
Qəfildən Axar.az, yaxud Teleqraf.com - dəqiq xatırlamıram
agentliyi - jurnalistlərindən biri zəng edib deyir ki, Koroğlu
stansiyası yaxınlığında körpünün ən yuxarı hissəsinə bir kişi çıxıb
və intihar edəcəyini deyir və sizi görmək istəyir.
Evdən necə çıxdığımı xatırlamıram...
Tez Sabunçu Rayon Polis İdarəsinin rəis müavini Əbülfət müəllimə
zəng etdim və məsələ ilə maraqlandım. Əbülfət müəllim dedi: "Qənirə
xanım, biz danışmışıq həmin adamla, amma hələ razılaşmır, enmir
körpüdən və özünü atacağını deyir", - bildirir.
"Nömrəsini verə bilərsinizmi?" - dedim. O da həmin dəqiqə:
"Əslində, yaxşı olar, siz də danışın, bəlkə razı sala bilərsiniz",
- dedi.
Hadisə üzündən dəhşətli tıxacdan addım-addım hərəkət edirdi
maşınlar. Nömrəyə nə qədər zəng etsəm də, cavab vermirdi həmin
adam. Məni soyuq tər basmışdı. Gözümün qabağına ailəsi, uşaqlarının
yaşaya biləcəyi faciə gəldikcə, dəhşətə gəlirdim və nəhayət,
"Qənirə Paşayevadır", - deyə, o nömrəyə bir mesaj atdım. İki dəqiqə
sonra telefonuma cavab verdi və mən düşməsi üçün xahiş etməyə
başladım.
Dəhşətli külək səsindən zorla eşidilirdi, o isə mənə şikayətini
danışır və dinləməmi istəyirdi. Dəhşət içində idim və "sizi
diqqətlə dinləyirəm, amma nə olur, ehtiyatlı olun, yıxıla
bilərsiniz, siz düşün, mən də çatıram, sizi istədiyiniz qədər
dinləyəcəm", - deyirdim.
O isə israrla şikayətini danışırdı. O 15-17 dəqiqə içində mən
nələr yaşadım - onu bir Allah bilir. O, dəhşətli külək səsi içində
şkayətini dinləyərək, "inanın, şikayətinizin obyektiv araşdırılması
üçün əlimdən gələni edəcəm, dövlətimiz, onun rəhbəri inanıram ki,
bu məsələnin obyektiv araşdırılması üçün əlindən gələni edəcək,
amma yalvarıram ordan düşün", - deyirdim.
Köməkçim bir az öncə deyir ki, mən sizi heç kimə yalvaran
görməmişdim. Mən də deyirəm, mən də ilk dəfə idi intihar etmək
istəyən şəxslə belə bir vəziyyətdə danışırdım.
Birinici danışığımız uğursuz alındı və mən oraya çatmayana qədər
enməyəcəyini dedi. İki dəqiqə sonra təkrar zəng etdim və sözün
həqiqi mənasında ona düşməsi üçün yalvarmağa başladım, ailəsini,
uşaqlarını düşünməsini istədim. Onunla digər qurumlarımız da
danışıqlar aparmışdı. Fövqaladə Hallar Nazirliyi, Baş
Prokurorluq...
Razılaşdı və endi. Onu artıq Baş Prokurorluqda ən yüksək
səviyyədə qəbul etmək üçün gözləyirdilər. Danışdıq və "qardaşım,
sən indi mütləq ora getməlisən, çünki sənin şikayətinin obyektiv
araşdırılması üçün ən önəmli qurum məhz Baş Prokurorluqdur. Orda
qəbuldan sonra istədiyin zaman təkrar danışarıq, istəsən, ofisimizə
də gələrsən, orda söhbət edərik", - dedim.
Artıq Baş Prokurorluqda qəbuldadır və inanıram ki, inşallah,
şikayəti obyektiv araşdırılaraq öz həllini tapacaq. Baş Prokuror
Zakir Qaralova belə operativ reaksiyası üçün təşəkkür edirəm.
Prokurorluqla telefon söhbətimizdə də məsələyə obyektiv baxılacağı
bildirildi.
Ayrıca hər zaman operativliyi ilə seçilən Fövqaladə Hallar
Nazirliyimizə təşəkkür edirəm – daha bir vətəndaşımızı heç bir
xəsarət almadan xilas etdikləri üçün. İnşallah, inanıram ki, bir
daha belə hallar təkrar yaşanmayacaq.
İntirarlar çıxış yolu deyil, əzizlərim. Ailənizi, yaxınlarınızı
düşünün, lütfən. Yaşadığım hadısənin şokundan indi özümə gəlirəm və
sadəcə, Allaha dua edirəm ki, şükür ki, hər şey yaxşı qurtardı.
Yoxsa çox dəhşətli bir ağrı yaşaya bilərdik.
Hamımız...