"İrəvan o qədər çarəsizdir ki, heç özü də nə istədiyini
bilmir".
Bunu Axar.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin
rəhbəri Elxan Şahinoğlu Ermənistanın guya son vaxtlar müharibənin
əleyhinə olan siyasətini şərh edərkən deyib.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi kimi bir konflikt
həqiqətən İrəvanın boyunu aşan bir məsələdir:
"Baxın, Ermənistan tərəfi bir tərəfdən müharibə və cəbhədə
gərginlik istəmir, başqa bir tərəfdən isə gərginlik yaradır. Bu
yaxınlarda əsirlərin qaytarılması məsələsində Azərbaycanın atdığı
adekvat addım bir daha sübut etdi ki, yalnız Bakı münaqişənin dinc
yolla həlinin tərəfdarıdır. Nəticəsiz qalan Soçi görüşündən sonra
Ermənistan tərəfi Bakının bu təklifindən imtina etməsəydi,
münaqişənin həlli istiqamətindəki gərginlik də aradan qalxardı.
Ancaq bədnam ölkə yenə də öz mənfurluğunu ortaya qoydu. İrəvan bu
addımı ilə Azərbaycanın həmlələrinə məhəl qoymadığını düşünür.
Demək ki, Rusiyanın bacasında gizlənən Ermənistan ara-sıra başını
çıxarıb, "mən də burdayam və təxribatlara, gərginliyin yaranmasına
Rusiyasız da şərait yarada bilərəm" addımı atmağa çalışır. Ancaq
Bakı Dağlıq Qarabağ konfliktinin həllinin İrəvanın boyunu aşan bir
məsələ olduğunu çox gözəl başa düşür. Həqiqətən də Ermənistan heç
özü də nə istədiyini bilmir. Buna görə Ermənistanın
iradəsizliyindən istifadə edən Rusiya ikinci tərəf olaraq yox, əsas
tərəf kimi münaqişənin həllinin uzadılmasında maraqlıdır".