Bu gün Uelsdə NATO-nun
növbəti sammiti öz işinə başlayır. Ukrayna hadisələri fonunda
qurumun toplantısının daha gərgin atmosferdə keçəcəyi şübhə
doğurmur. Alyansın sözügedən tədbirini, eləcə də qurumun regiondakı
fəaliyyətini Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin
üzvü, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə
heyətinin üzvü, millət vəkili Zahid Orucla müzakirə
edirik…
NATO buna səssiz qalmayacaq
- NATO-nun zirvə toplantısında hansı əsas məsələlərin
müzakirəsi gözlənilir?
- NATO-nun zirvə toplantısında əsasən İraq və Suriyada baş verən
hadisələrin, o cümlədən Rusiya ilə Ukrayna arasındakı münaqişənin
həll yolları diqqət mərkəzində olacaq. Düşünürəm ki, bu toplantı
müstəvisində əsas ağırlıq mərkəzi sonuncu problemin həlli ətrafında
olacaq. Baltikyanı ölkələrdə Hava Hücumundan Müdafiə Sistemlərinin
yaradılması, Polşada və ümumən Şərqi Avropada NATO-nun
möhkəmlənməsi, Qara dənizdə həyata keçirilən hərbi təlimlər onu
göstərir ki, Alyans proseslərdən kənarda deyil. Lakin siyasi
qərarlar olmadan hər hansı münqişəyə müdaxilə etmək yolverilməz
sayılır. Hazırda İraq və Suriya ətrafında gərginləşən vəziyyət
dünya liderlərinin dilindən hər bir ölkə üçün təhlükə mənbəyi kimi
xarakterizə olunur. İŞİD-in baş kəsmək əməliyyatı təkcə media
mənsublarına qarşı yönələn təhdid deyil, bütün dünyanın güc
mərkəzlərinin diqqətini İraqa yönəltməkdir. Bundan başqa, məlum
"İslam xilafəti" tarixi epopeyasını baş kəsməklə həyata keçirmək
niyyətindədir. Əlbəttə ki, Avropa ölkələri və NATO buna səssiz
qalmayacaq və fikrimcə, bununla bağlı müxtəlif müzakirələr və
qərarlar ola bilər. Elə hesab edirəm ki, ən mühüm məsələ ağıllı
müdafiənin qurulması və məlum Vaşinqton Konsepsiyasının
detallarının möhkəmləndirilməsi olacaq. Çünki bir çoxları hesab
edir ki, Rusiya Ukrayna müharibəsindən qalib çıxarsa, onun başqa
bir Avropa ölkəsinə yönəlik yeni əməliyyatları reallaşa bilər. Buna
görə də, belə bir vəziyyət yaranarsa, NATO ölkələrinin necə
davranması gündəmə gələcək. Qənaətimə görə, məhz bu məsələlər
sammitdə öndə tutulacaq.
Azərbaycan NATO-nun forpostu olsun
- Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi
gözlənilirmi?
- Xeyr. Məndə olan məlumata görə, gündəlikdə
Cənubi Qafqazla bağlı məsələ yoxdur. Başqa bir məqama toxunmaq
istərdim - əvvəla, bu region NATO-nun əsas dövlətləri ilə geniş
iqtisadi-siyasi təmaslara malikdir. Bir çoxları arzu edərdi ki,
indiki şəraitdə Azərbaycan Rusiyaya qarşı NATO-nun forpostu olsun.
Bir az da irəli getsək, deyə bilərik ki, həmin dairələr Azərbaycan
üzərindən Rusiyaya əleyhinə ikinci cəbhə açmaq arzulayardılar. Yəni
II Dünya Müharibəsində faşist Almaniyasına qarşı Normandiyaya hərbi
qüvvələrin çıxarılması kimi. İndi bunu bizim ölkəmizdə
reallaşdırmağı planlaşdıran, hətta bununla bağlı müxtəlif beyin
mərkəzlərində, siyasi institutlarda tədqiqat aparanlar öz
materiallarını və konsepsiyalarını yəqin ki, NATO-nun hərbi
qərargah rəislərinə təqdim edirlər. Bu, bir test kimi Cənubi Qafqaz
üzərindən müxtəlif müzakirələrdə detallar kimi keçə bilər. Amma
ölkəmizin siyasi elitası, o cümlədən NATO-da Azərbaycanı təmsil
edən nümayəndə heyəti heç zaman ərazilərimizdən Rusiya əleyhinə bir
cəbhə açılmasına, yaxud məmləkətimizin şimal qonşusuna qarşı bir
barrikadaya çevrilməsinə, bu məsələnin reallaşması üçün üçüncü
ölkələrlə blok qurmasına imkan verməyəcək. Bu, mümkün deyil. Çünkü
bu narahat dünyada, hazırkı qanlı konfliktlərin hər yeri əhatə
etdiyi bir zamanda əlavə problemlər meydana gələ bilər. Cənab İlham
Əliyevin liderlik gücü və istedadı da ondan ibarətdir ki, ölkəmizdə
sabitlik qorunub saxlanılır. Etiraf etmək lazımdır ki, indiki dövr
üçün bu, kifayət qədər çətin məsələdir. Hazırkı vaxtla müqayisədə
ötən əsrin sonlarında hamıda belə bir qənaət formalaşmışdı ki, o
dövrün geosiyasi vəziyyəti daha mürəkkəb idi. Amma elə deyil. Ərəb
inqilabları, Yaxın Şərqdəki vəziyyət, ABŞ-ın bu regionda hərbi
əməliyyatları və bu situasiyanın uğurla sona çatmaması, Əfqanıstan
probleminin də yarımçıq qalması öz-özlüyündə dünyanın ağır
mənzərəsini meydana çıxarıb. Bunun fonunda NATO-nun tədbirlərində
Azərbaycanın xarici siyasətini təmsil edən insanların hər biri
ölkəmizin böyük güclər arasında yaranan toqquşmada tərəf olmaması
mövqeyini ifadə etməkdədir. NATO generalları deyirdilər ki,
fillərin savaş meydanında adətən 7 il ot bitmir. Bu, əslində müasir
dünyamızın mənzərəsidir. Bu mənada NATO toplantılarında Cənubi
Qafqaz məsələləri müzakirələrdə yer alanda bizim nümayəndələrimiz
münasibətlərini bildirirlər.
…NATO Ermənistanın yeganə xilasıdır
- Son atəşkəs rejiminin pozulması və təmas xəttində
ermənilərin ciddi təxribatlara yol verməsi NATO gündəminə
gətiriləcəkmi?
- İlk növbədə onu qeyd edim ki, nümayəndə heyətimiz hər hansı
bir tədbirə qatılarkən əvvəlcədən tərtib olunan, müvafiq
qurumlarımızla razılaşdırılan və koordinasiya edilən bir mövqe ilə
çıxış edir. Şübhəsiz ki, belə tədbirlərdə yaxın və oxşar
münaqişələrdən danışılır. Ermənilərin məlum son xəyanətkar
addımları və təmas xəttini yararaq Ağdam və Tərtər bölgəsi üzrə
hərəkətə keçməsi məsələləri də belə tədbirlərdə dilə gətirilə
bilir. Bunun üçün kiçicik çıxış imkanı əldə etmək yetərlidir. Ancaq
məsələnin başqa bir tərəfi var. Bu günlərdə mən erməni mediasını
izləyərkən onların təfəkküründə növbəti riyakarlığın şahidi oldum.
Onlar düşünür ki, NATO Ermənistanın yeganə xilasıdır. Bu nə
deməkdir? Söhbət təkcə xarici siyasət hədəflərinin dəyişdirilməsi,
bu ölkənin Rusiyanın inhisarından çıxmasından getmir. Onlar hər
zaman düşünür ki, müxtəlif beynəlxalq qurumlardan, xüsusən də NATO
kimi nüfuzlu təşkilatdan özlərinin mənfur planlarına dəstək
alsınlar. Ancaq bu qurum bu vaxta kimi Dağlıq Qarabağ münaqişəsinin
həllinə fəal müdaxilə etməyibsə, deməli, erməni tərəfindən də çıxış
etmir. Biz bu illər ərzində NATO-nun Parlament Assambleyasında,
yaxud digər seminarlarında bunun şahidi olmuşuq. Bəlkə də, NATO
Rusiyanın bu münaqişədə yer aldığını görüb sanki Cənubi Qafqazın
hərbi xəritəsinə müdaxilədən özünü kənarda tutub. Ona görə də,
bizim səsləndirdiyimiz məsələlər bəzən media üçün nəzərdə tutulur.
Biz hər zaman ayrı-ayrı ölkələrdəki ən yüksək elitalara Qərbin
Qarabağ məsələsində yanlış davranmasından bəhs etdik. Vaxtında buna
müdaxilə olunsaydı, bu münaqişənin üstündə indi kimsə əlini
qızdırmazdı. Ukrayna-Rusiya müharibəsini arzulamalıydıq ki, Qərb
bizi daha yaxşı başa düşsün?
Türkiyə beynəlxalq arenada təklənib
- Türkiyənin yeni dövlət başçısı Rəcəb Tayyib Ərdoğan
Bakı səfərində vurğuladı ki, NATO sammitində Dağlıq Qarabağ
münaqişəsinin həllini bir daha gündəmə gətirəcək. Bu fonda
atəşkəsin pozulması Türkiyə tərəfindən hansı istiqamətdən ortaya
gətirilə bilər?
- Ərdoğanın prezident seçilməsi, Davudoğlunun Baş nazir postuna
gəlməsi və Avropada həmişə Azərbaycanın milli maraqlarından çıxış
edən Çavuşoğlunun Xarici İşlər naziri postuna təyin edilməsi
göstərir ki, Türkiyə siyasi elitası yaxşı mənada Azərbaycanın milli
vəzifələri ilə silahlanaraq, bu yükü öz çiyinlərinə götürüblər.
Əlbəttə, Türkiyənin fəal şəkildə Qarabağ məsələsində Azərbaycanın
mövqeyindən çıxış etməsi, bizim mövqeyimizi gücləndirir. Bunun
Ərdoğanın dilindən eşidilməsi müəyyən reaksiyalar doğurur. Etiraf
edək ki, Türkiyə beynəlxalq arenada təklənib. Çünki xarici qüvvələr
bu ölkəni daxildən parçalamaq niyyətindəydilər. Amma bu planlar
boşa çıxdı. Bizə çox doğma olan isimlərin qardaş ölkədə əsas
görəvlərə gəlməsi sübut edir ki, Qarabağ cəbhəsində Türkiyə
vasitəsi ilə müəyyən irəliləyişlər olacaq. Çox arzulayıram ki, Bakı
görüşünun nəticəsi olaraq Naxçıvanda Türkiyənin hərbi bazaları
yaradılsın. Bu fikrin altında indiyə qədər görülmüş işlər var. Yəni
bu tamamlanmış bir addım olardı. Hesab edirəm ki, Türkiyə Cənubi
Qafqazın siyasi arxitekturasında əsas faktorlardan biridir. Buna
görə də, istər Ermənistana təsir baxımından, istərsə də
Rusiya-Azərbaycan-Türkiyə əlaqələrində bir tənzimləyici rolunda
çıxış edə bilər.
Şimal qonşumuza ziyan vurmaq mümkün deyil
- NATO tarixində ilk dəfədir ki, qurumun zirvə
toplantısı Rusiyasız keçirilir. Moskvanın tədbirdən kənarda qalması
sonrakı dövrdə əks-effekt yaratmayacaq?
- Şübhəsiz ki, yaradacaq. Artıq bunun mənfi nəticələri özünü
göstərməkdədir. Rusiyanı sanksiyalarla çökdürmək qeyri-mümkündür.
Bu, Putinin rus xalqının tarixi arzularının və "Novorossiya"
planının həyata keçirilməsinə zəmin yaradır. Qərbin bu ölkə
əleyhinə birləşməsi Putinin rus xalqına verdiyi vədləri bir az da
gücləndirir. Əgər həmin sanksiyalar bir dövlətin məhvinə səbəb
olsaydı, onda gərək İran hazırkı dönəmdə dünya ilə mübarizəsini
dayandıraydı. Ancaq məlum sanksiyalar artıq ən qeyri-ayıq rusu da
hərəkətə gətirib. Əslində bu sanksiyalar Putini daha da
gücləndirəcək. NATO-nun belə tədbirləri ilə şimal qonşumuza ziyan
vurmaq mümkün deyil.
Ukraynada aparılan savaş Azərbaycanın 90-cı illərini
xatırladır
- Sammitdə Ukrayna məsələsinin müzakirəsi hansı
istiqamətdə aparılacaq?
- Qəribə səslənsə də, bunu deməliyəm ki, istənilən ölkə savaş
apardığı dairələrin qüvvələrini istəmir. Putin Ukrayna məsələsinə
seyrçi qala bilməzdi ki, günlərin birində NATO bayrağı altında
başqa dövlətlər gəlib Qara dənizdə "ayaqlarını yusunlar". O
cümlədən Kiyevdə NATO bayrağı dalğalansın və Ukraynanın Avropa ilə
imzaladığı assosiasiya sazişinə əsasən, Rusiya məhsulları qonşu
ölkənin bazarlarından tamamilə çıxarılsın. Hazırda Ukraynada
aparılan savaş Azərbaycanın 90-cı illərini xatırladır. Yəni
günlərin birində demokratlar ayağa qalxıb hakimiyyəti devirəndə
anlamalıydılar ki, Rusiyaya bu şəkildə savaşda qalib gəlmək mümkün
deyil. Gözümüzün qabağında əhalisi 46 milyon olan Ukrayna
ərazilərinin böyük hissəsini itirmək təhlükəsi ilə üz-üzədir. Bir
sözlə, Ukraynada Rusiya meylli rejimi qurulana qədər savaş davam
edəcək. İndi sammitdə Ukrayna ilə bağlı hansı qərarların
veriləcəyini tam təfsilatı ilə demək olduqca çətindir. Ona görə də,
mən hesab etmirəm ki, Rusiyanın NATO-ya çağırılmaması və bağlı
qapılar diplomatiyası öz bəhrəsini versin.
Ukraynasız Rusiya heç vaxt imperiya qura
bilməz
- Bu günlərdə NATO rəsmilərinin özləri də Kiyevin
müharibəni uduzmasını etiraf etdilər. Halbuki bir müddət öncə onlar
nikbin qənaətdəydilər. Necə düşünürsünüz, qurum rəsmilərinin
etirafları elə NATO mövqelərinin itirilməsindən xəbər
vermirmi?
- Qeyd etmək istəyirəm ki, Qərb artıq bununla üçüncü
məğlubiyyətinə uğrayır. Suriya cəbhəsində qalibiyyətin olmaması,
Liviyada vəziyyətin gərgin qalması və Ukrayna məsələsində isə daha
böyük problemlərin yaşanması dediklərimə əyani sübutdur. O da
məlumdur ki, Ukraynasız Rusiya heç vaxt imperiya qura bilməz.
- Bu arada NATO Baltikyanı ölkələrdə və Şərqi Avropada
hərbi bazalarının sayının artırılması istiqamətində ciddi addımlar
atacağını bəyan etdi. Bu, Alyansın müəyyən mövqelərinin
itirilməsinin etirafıdırmı?
- Nəzərə almaq lazımdır ki, Baltikyanı ölkələr quruma üzv
dövlətlərdir və bildiyiniz kimi, Alyans nizamnaməsinin 5-ci maddəsi
kollektiv təhlükəsizlik barədədir. Düşünmürəm ki, Putin neytrallıq
hissini tamamilə itirib və Polşa üzərinə hücum etməklə Avropanın
digər ölkələrinə hücumlar reallaşdırsın. Səslənən bu cür fikirlər
təxribat xarakterlidir. Yəni Baltikyanı ölkələr tutulacaq, sonra
Putin bir az da irəli gedib Şərqi Avropa ölkələri üzərinə yeriyəcək
və nəhayət SSRİ-nin qurulması üçün real hərəkətə keçəcək. Hesab
edirəm ki, bu, mümkün deyil. Çünki bolşevik-kommunist təmayüllü,
totalitar bir ölkənin qurulmasını ən çox istəməyən və buna mane
olan elə rusların özləridir. Məsələ burasındadır ki, SSRİ-nin
qurulması üçün bolşevik ideyaları lazımdır. Kapitalist düşüncələri,
kapitalist iqtisadi sistemi ilə SSRİ-ni qurmaq mümkün deyil. Ona
görə də, Gömrük İttifaqını, Avrasiya Birliyini şeytan kimi qələmə
verənlərlə razı deyiləm. Putin Müstəqil Dövlətlər Birliyindən bir
addım irəli atıb nəyə nail olub ki? Ona görə də, hər hansı bir
ölkənin müttəfiqi olmaq istəyirsənsə, ilk növbədə onun ərazi
bütövlüyünü tanımalısan. Əgər böyük dövlətlərin ərazi bütövlüyünü
tanıyıb güclü bir təşkilat qurulacaqsa, onda Putinin Baltikyanı
ölkələrə təzyiqi başadüşülən ola bilər. Yoxsa indi Putinin nəyinə
lazımdır ki, həmin ölkələri işğal etsin? Buna nə ehtiyac var?
NATO-nun hərbi bazalarının genişləndirilməsinə gəlincə, hesab
etmirəm ki, qurumun bəyanatları, tədbirləri imitasiya xarakteri
daşısın. Amma inanmıram ki, hərbi potensialın və hətta "F-16"
qırıcılarının sayının artırılması Putini qorxutsun. Onun davası
ayrı cəbhədədir. Ona görə də, NATO-nun Rusiyaya qarşı durmasının
tərəfində deyilik. Bunu da arzulamırıq. Ancaq bunu da düşünmürük
ki, Rusiya bu gün apardığı siyasətlə bütün ölkələrin müstəqilliyini
təhdid edir. Mənə elə gəlir ki, Qərb bu məqamdan yararlanmaqla və
manipulyasiya etməklə daha çox ölkələri bu işə qoşmaq istəyir.