"Ukrayna böhranı ilə bağlı
Qərbin Rusiya ilə münasibətləri xeyli kəskinləşib".
Bunu Axar.az-a açıqlamasında Gənc Diplomatlar Birliyinin Baş
məsləhətçisi, politoloq Elman Nəsirov həmsədr ölkələrin Rusiya ilə
qarşıdurmanı Qarabağ münaqişəsi fonunda həyata keçirməsi məsələsini
şərh edərkən deyib.
Elman Nəsirovun fikrincə, Uels sammitindən sonra hərbi, siyasi
sanksiyaların da əlavə edilməsi vəziyyəti kökündən dəyişəcək:
"Faktiki olaraq sentyabrın 15-dən 26-na qədər NATO-nun Ukrayna
ilə birlikdə hərbi manevrlərinə start veriləcək. Bu manevrlərə
NATO-nun Baltikyanı ölkələrdə, Rumıniya və Polşada beş yeni hərbi
bazasının yaradılması da daxildir. Bütün bunlar göstərir ki, Qərbin
Rusiyaya qarşı təzyiqi yeni bir müstəviyə keçir. Bu arada Minskdə
Rusiya ilə Ukrayna arasında atəşkəs rejimi ilə bağlı Putinin yeddi
bəndlik layihəsinin müzakirəsindən heç otuz saat keçməmiş atəşkəsin
pozulması bunun kövrək bir razılaşma olduğunu göstərdi. Belə bir
vəziyyətdə ABŞ Dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Azərbaycan
və Ermənistan dövlət başçılarının görüşü keçirildi. Çox maraqlıdır
ki, avqustun 10-da Vladimir Putin də belə bir görüş keçirmişdi.
Görüşə digər həmsədr ölkələr dəvət olunmadı və bu, payızda növbəti
görüşün olacağını ortalığa qoydu. Eyni ilə Kerri də Fransa və
Rusiyanı təşkil etdiyi görüşə dəvət etmədi. Sentyabrda isə ABŞ-ın
vasitəçiliyi ilə BMT Baş Assambleyası səviyyəsində Əliyev və
Sərkisyanın görüşü olacaq. Bunun ardından isə oktyrabrda Ollandın
başçılığı ilə növbəti görüş gözlənilir".
E.Nəsirovun sözlərinə görə, bütün bunlar Qərb, ABŞ və Fransanın
Rusiya ilə qarşıdurmanı Qarabağ münaqişəsi fonunda həyata
keçirdiyini və bu tendensiyanın məsələnin həllini
mürəkkəbləşdirəcəyini sübut edir:
"Payızda Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə
görüşmək istəməsi, Fransanın bu analoji addımı təkrarlaması ona
dəlalət edir ki, Qərblə Rusiyanın bu konfrontasiyası Azərbaycan və
Ermənistan arasında məsələnin həllinə neqativ təsir göstərəcək.
Görüşlərin kəmiyyəti baxımından irəliləyiş olsa da, keyfiyyət
cəhətdən hesab edirəm ki, heç bir dəyişiklik olmayacaq".