"Axar.az" Milli Şuranın prezidentliyə keçmiş
namizədi Cəmil Həsənlinin "Media forum"a verdiyi müsahibəni təqdim
edir:
- Milli Şuranın sədri Rüstəm İbrahimbəyov vəzifəsindən
istefa vermək istəyir. Bunu necə qiymətləndirirsiniz?
- Rüstəm İbrahimbəyovun Milli Şuranın sədri kimi göstərdiyi
fəaliyyəti yüksək qiymətləndirirəm. Demokratik qüvvələrin
birləşməsi ideyası Rüstəm bəyə məxsus idi. O, bu işin öhdəsindən
layiqincə gəldi, müxalif partiyaları, müxalif düşüncəli ziyalıları,
gəncləri, QHT-ləri, vətəndaş cəmiyyəti fəallarını Milli Şura
ideyası ətrafında birləşdirdi.
Ötən müddət göstərdi ki, Milli Şura səmərəli ideyadır. Prezident
seçkisi Milli Şuranın sınaqdan uğurla keçdiyini təsdiq etdi. Milli
Şura ideyası Rüstəm İbrahimbəyova məxsus olduğuna görə biz istərdik
ki, qurumun sədri kimi fəaliyyətini davam etdirsin. Şəxsən mən onun
rəhbərliyi altında işləməyi daha məqsədəuyğun sayıram.
Rüstəm İbrahimbəyov həm də böyük sənətkardır və bir sıra
layihələr üzərində çalışır. Həmin işlərlə əlaqədar olaraq bir
müddət Bakıya gələ bilməyəcək, Azərbaycanda olmayacaq. Ona görə də
Milli Şura sədrliyindən getmək qərarına gəlib və bununla bağlı
təklifini şura üzvlərinin müzakirəsinə təqdim edib. O hesab edir
ki, Milli Şura sədrliyindən getməsi və Azərbaycanda olan şəxslərdən
birinin quruma rəhbərlik etməsi daha effektiv olar. Ona görə də
Rüstəm İbrahimbəyov Milli Şuraya yeni sədrin seçilməsini istəyir.
Amma özü Milli Şurada qalır və bundan sonra da qurumun
fəaliyyətində yaxından iştirak edəcək, bacardığı, imkanı çatdığı
qədər şuraya kömək edəcək, qurumun fəaliyyət istiqamətlərinin
müəyyən olunmasında aparıcı şəxslərdən biri olacaq. Milli Şura
sədrliyindən istefa verib-verməməsindən asılı olmayaraq Rüstəm
İbrahimbəyov bizim liderimizdir.
- Rüstəm İbrahimbəyov sədrliyə sizin namizədliyinizi
irəli sürüb. Sədr olmağa razılıq vermisinizmi?
- Sədrin kim olmağı məsələsini Milli Şuranın sessiyası həll
etməlidir. Əgər şura üzvləri hesab etsələr ki, mən quruma rəhbərlik
edim, bununla razılaşacağam. Milli Şura prezidentliyə namizəd olmaq
məsələsini mənim üzərimə qoydu və bu missiyanı yerinə yetirməli
oldum. Yəqin ki, indi də belə olacaq.
- Cəmil bəy, Milli Şuranın qarşısında duran əsas vəzifə
nədir və bundan sonra qurumun prioriteti nə olacaq?
- Milli Şuranın əsas məqsədi və vəzifəsi millətimizi haqq və
hüququna qovuşdurmaqdır. Azərbaycanda demokratiya uğrunda böyük
mücadilə gedir, müstəqilliyin azadlıqla tamamlanması kimi böyük bir
problem var. Millət müstəqilliyə nail olub, ancaq azadlıq əldə
etməyib. Bizim əsas işimiz millətin azadlığına nail olmaqdır.
Bundan başqa sosial-iqtisadi sahədə və inzibati idarəetmədə ciddi
islahatlara ehtiyac var. Bizim qarşımızda bu islahatlara nail olmaq
kimi ciddi problem var. Milli Şura bu istiqamətlərdə fəaliyyətini
davam etdirəcək, Azərbaycanın siyasi, mənəvi mühitində böyük rol
oynayacaq, islahatların həyata keçirilməsində, gerçək
dəyişikliklərə nail olmaq sahəsində öz sözünü deyəcək.
- Milli Şurada islahatlara ehtiyac varmı?
- İslahatlara ehtiyac var və mütləq olacaq. İnteqrasiya
getməlidir, təşkilatlanma gücləndirilməlidir, yeniləşmə olmalıdır.
Milli Şuranın işlək bir quruma çevrilməsi təmin olunmalıdır. Xeyli
ideya var və onları təkliflər paketi şəklində hazırlayıb Milli
Şuranın sessiyasında səsləndirəcəyik.
- Qurumun fəaliyyətində davamlı iştirak etməyənlər
üzvlükdən çıxa bilərmi?
- Biz artıq bu işə başlamışıq. Ötən sessiyada ilk addımlar
atıldı və bir neçə nəfər üzvlükdən çıxarıldı. Milli Şuranın
sessiyalarında davamlı olaraq iştirak etməyənlərin üzvlüyünə xitam
verildi. Bu iş davam etdiriləcək, Milli Şuranın fəaliyyətində,
işində yaxından iştirak etmək istəyənlər, buna bacarığı və həvəsi
olanlar qurumun strukturlarında təmsil olunacaqlar. Əsas odur ki,
işi bacarana tapşıraq. Bunun nəticəsində Milli Şura çevik və mobil
fəaliyyət mexanizmi əldə edəcək.
- Milli Şuranı 2015-ci ilin parlament seçkisinə qədər
qoruyub saxlamaq mümkün olacaqmı? Şuranın parlament seçkisində bir
blok kimi iştirak etməsi haqda ilkin müzakirələr
gedirmi?
- Milli Şura uzun bir dövr üçün nəzərdə tutulub. Azərbaycan
müxalifətinin, demokratik düşüncəli ziyalıların, gənclərin
birliyinin uğurlu formatıdır. Bunu parlament seçkisinə qədər
qoruyub saxlamağa çalışacağıq. Parlament seçkisi haqqında danışmaq
tezdir. Amma Milli Şuranın fəaliyyət istiqamətlərini
müəyyənləşdirəndə bu məsələyə də baxacağıq.